Dostlar! Azərbaycan rəhbərliyinin hərəkətlərindən bərk qəzəblənən Nikita Xruşşov Sov.İKP MK-nın 1959-cu ilin iyun ayının 24-dən 29-na kimi keçirilən plenumunda heyvandarlığın və pambıqçılığın inkişafında yol verilmiş nöqsanlara, milli siyasətdə və bütövlükdə ideoloji işdə buraxılan səhvlərə görə Azərbaycan partiya təşkilatını ciddi şəkildə tənqid etdi. O, dedi: “Yoldaş Mustafayev, milli siyasət məsələlərində sizdə də eyni ilə Latviyada olduğu kimi siyasət həyata keçirilir. Onlar da digər millətlərə münasibətdə eynilə belə qərar qəbul ediblər. Lakin yoldaş Mustafayev, siz yaxşı bilirsiniz ki, Azərbaycanın əhalisinin milli tərkibi belədir: üçdə biri azərbaycanlılar, üçdə biri ruslar və digər slavyan xalqları və üçdə biri isə ermənilərdən ibarətdir (Nikita Xruşşovun Azərbaycanda əhalinin milli tərkibi haqqında məlumatları səhv idi. 1959-cu il əhali sayımına görə azərbaycanlılar əhalinin 67,5 faizini, ruslar 13,5 faizini, ermənilər 12 faizini təşkil edirdi. – C.H.). Nikita Xruşşov əhalinin milli tərkibi haqda faktları təhrif etdiyindən İmam Mustafayev başını yelləyərək buna etiraz etmək istədikdə, Nikita Xruşşov ona hücum edərək dedi: “Siz yoldaş Mustafayev, başınızı yelləyirsiniz. Siz özünüzü partiya təşkilatına rəhbərlikdə iflasa uğratdınız. İndi Azərbaycanda inqilabi hərəkatın tarixi yazılır. 26 Bakı komissarları hamıya məlumdur. Hamı onların rolunu bilir. 26 Bakı komissarları içərisində kim rəhbər rolu oynayıb?” Yerdən səslər gəldi ki, Şaumyan. Nikita Xruşşov istehzalı formada dedi: “Elə şey yoxdur, Şaumyan deyil. Siz Mustafayevdən soruşun, tamamilə səhv edirsiniz, Şaumyan deyil. Bilirsinizmi, bu məsələlər niyə qəsdən təhrif edilir? Ona görə ki, Şaumyan ermənidir, bunlar isə deyirlər, bəs bizim millətimiz, biz öz qəhrəmanımızı… Görmək istəyirik. Və bunun naminə də onlar həmin dövrün tarixi hadisələrini təhrif edirlər. Tarixi yanaşma lazımdır, rus xalqından öyrənin… Məktəblərin yenidən qurulması haqqında məsələ qalxanda biz MK-da tövsiyələr verdik (məcburi deyil, başa düşmək lazımdır ki, tövsiyə olunur), şərait yaradaq ki, valideynlər uşaqlarını hansı dildə oxutmaq istəyirlərsə, həmin dili də seçsinlər. Yoldaşlar soruşun Azərbaycan Respublikası Ali Sovetinin sessiyası hansı qərarı qəbul edib? Uşaqlar ancaq Azərbaycan dilində oxumalıdırlar.” Bu yerdə İmam Mustafayev özündə cəsarət tapıb etiraz etdi ki, belə deyil. Orada yazılıb ki, valideynlər öz uşaqlarını istədiyi dildə oxutmaq hüququna malikdirlər. Xruşşov dedi ki, komissiya (söhbət İvan Şikin komissiyasından gedir. – C.H.) mənə ayrı cür məruzə edib. Burada İvan Şikin mükaliməyə qoşulub bildirdi ki, orada qanun iki hissədən ibarətdir, birinci hissə doğrudur, ikinci hissə isə ziddiyyətlidir. Nikita Xruşşov dedi ki, bu, çox mühüm məsələdir. Mən bilirəm kim bu məsələləri qaldırır. Yalnız Azərbaycanda deyil, Ukraynada da bu məsələləri ziyalılar qaldırırlar. Mən eşitmişəm və bir sıra yazıçıların ah-naləsi gəlib mənim də qulağıma çatıb. Mən özümü elə aparırdım ki, guya bu şeylərdən xəbərsizəm. Mən eşitmişəm, yoldaş ukraynalılar, lakin hesab edirəm ki, bu iniltilər, bu ah-nalələr doğru deyil. Bəziləri deyirlər ki, qoy olsun, sonra biz bu xəstəlikdən müalicə olunarıq. Siz başa düşürsünüzmü, bu, nə deməkdir? Siz götürün üçdə bir erməniləri, üçdə bir rusları (Xruşşov yenə də səhv olaraq Azərbaycanda əhalinin milli tərkibin nəzərdə tutur – C.H.). Bax, bu uşaqlar gərək iki dil öyrənsinlər, milli dili və öz ana dillərini və bundan başqa xarici dili də öyrənməlidirlər. Aydın məsələdir ki, onlar bunun öhdəsindən gələ bilməyəcəklər, onlar geri qalacaqlar. Mən belə başa düşürəm ki, valideynlər hansı dildə istəyirlərsə, uşaqlar da həmin dildə oxumalıdırlar. Niyə bunun əleyhinə çıxırlar? Ona görə ki, rus dili digər milli dillərə təsir göstərəcək. Nə demək istəyirsiniz, yoldaşlar, istəyirsiniz ki, Türkiyə təsiri olsun? İyun ayının 29-da Sov.İKP MK plenumunun qərarı müzakirə edilən zaman Azərbaycanda milli siyasətinin həyata keçirilməsində yol verilmiş “kobud pozuntulara” yenidən qayıdıldı və onun üzərində geniş dayanıldı. N.Xruşşov qeyd etdi ki, İmam Mustafayev yetkin siyasi işçi deyil, özü kənd təsərrüfatı üzrə mütəxəssis olsa da, Sov.İKP MK-nın sentyabr və sonrakı plenumlarının qərarlarına uyğun olaraq kənd təsərrüfatının bütün sahələrinin inkişafını təmin etməyib. Həmin plenumda milli siyasətdə yol verilmiş nöqsanlara görə ciddi tənqid olunan ikinci respublika Latviya SSR oldu. Sov.İKP MK-nın plenumu başa çatan kimi Azərbaycan KP MK-nın büro üzvlərini tam heyətdə Moskvaya dəvət etdilər. İyunun 30-da Azərbaycan partiya təşkilatında yaranmış arzuolunmaz vəziyyət və respublika iqtisadiyyatına rəhbərlikdə buraxılmış ciddi səhvlərin Sov.İKP MK-nın Rəyasət Heyətində müzakirəsi başlandı.
Yazı Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb




