Müdafiə Nazirliyinin polkovniki işdən qovuldu, barəsində cinayət işi açıldı

Yaqub eh

Azərbaycanla Rusiya arasında silah alış-verişi yeni həbslər dalğasına səbəb ola bilər

Müdafiə Nazirliyinin Silah və Texnika Idarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub, nazir Zakir Həsənovun əmrilə rütbəsi aşağı salınıb və barəsində cinayət işi açılıb.

Bu barədə “AzPolitika.info”ya məlumat hərbi mənbələrdən daxil olub.

Virtualaz.org xəbər verir ki, Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Nazirlikdən verilən məlumata görə polkovnik Yaqub Əhmədov “xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə” işdən çıxarılıb.

AzPolitika” dəqiqləşdirib ki, polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb. Bu fakt ehtimal etməyə əsas verir ki, yüksək çinli MN rəsmisinin “vurulmasının” Roqozinin Bakıya səfəri, dolayısı ilə Rusiyayla silah alış-verişi ilə bağlılığı var. Mənbə polkovnik Yaqubovun 3.3 milyon dollarlıq hansısa gizli sövdələşməyə görə işdən çıxarıldığını deyib, ancaq təfərrüatları açıqlamayıb. Gözlənilir ki, onu tezliklə həbs edəcəklər.

Roqozin martın əvvəllərində Bakıya qəfil səfər edib. “Kommersant” iddia edib ki, Roqozinin və onu müşaiyət edən “Rosoboroneksport”un nümayəndələrinin qəfil səfərində məqsəd Azərbaycanın Rusiyadan sifariş verdiyi silahlara görə ödənişləri gecikdirməsidir. Belə ki, sifariş verilən texnika yola salınıb, ancaq pulu ödənilmədiyindən sifarişçiyə təhvil verilmir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bu məlumatı təkzib edərək bildirmişdi ki, Rusiya silahlarının Azərbaycana tədarükünə dair müqavilələr üzrə ödənişlərlə bağlı problem yoxdur. Nazir Azərbaycana tədarük edilən silahların müqavilələrdə qeyd olunan parametrlərə uyğun olmadığına eyham vurmuşdu: “Azərbaycan müqavilələrə uyğun olaraq bütün ödənişləri edir, lakin onların icrası ilə bağlı problemlər var. O mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə qeyd olunan texniki parametrlərə uyğun olmalıdır”.

Elmar Məmmədyarov həmçinin qeyd etmişdi ki, Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və ətraflı izah alıb, heç bir problem qalmayıb. “Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plana uyğun gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növünün texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, Dmitri Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq”, – deyə nazir vurğulamışdı.

Əgər Yaqub Əhədov həqiqətən də bu məsələyə görə həbs olunubsa, o zaman həbslərin davam edəcəyini söyləmək olar. Çünki Yaqub Əhədov silah alış-verişində son söz deyəcək ranqda deyil.