Neft ikinci rübdə 30 dollara düşə bilər

neftBöyük Britaniyanın aparıcı banklarından Barclays, xam neftin barrelinin qiymətinin bu ilin ikinci rübündə 30 dollara düşəcəyi barədə xəbərdarlıq edib.

“Marja” xəbər verir ki, Barclays-ın hazırladığı “Həftəlik Əmtəə” adlı hesabatda, bu ilin ilk rübündə xam neft də daxil olmaqla əmtəə qiymətlərinin yüksəldiyini xatırladılaraq, bunun güclü iqtisadi əsaslara söykənmədiyi vurğulanıb.

Hesabatda, investorların, ilin ikinci rübündə uzunmüddətli mövqelərini tərk edəcəkləri və qısa müddətdə gəlir əldə etmək üçün əllərindəki aktivləri satmağa başlayacağı proqnozlaşdırıldığı bildirilir.

İnvestorların qısamüddətli mövqe almaları vəziyyətində əmtəə qiymətlərinin 20-25% arasında düşəcəyinə diqqət çəkilən hesabatda, xam neftin barrelinin qiymətinin də 30 dollara qədər enəcəyi bildirilib.

ABŞ Mərkəz Bankının (Fed) iki həftə əvvəl verdiyi faiz dərəcələrini dəyişdirməmək qərarının bazara təsirinin yox olmağa başladığı qeyd edilən hesabatda, keçən həftə Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvlərinin verdiyi “şahin” açıqlamaların ABŞ dollarını yüksəldərək xam neftin qiymətlərində azalmaya səbəb olduğu da vurğulanıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı Fed faizləri artırarsa, dolların daha da bahalaşacağı gözlənilir. Adətən dollar bahalaşan zaman neft ucuzlaşır.

Hesabatda, “Aprel ayının sonunda keçiriləcək FOMC toplantısında (Fed-in iclası) sürpriz bir faiz artımı olması riski hələ də davam edir. Sərt pul siyasəti, əmtəə qiymətlərini böyük ehtimalla aşağı salacaqdır” – qeyd edilib.