Misirdə sərnişin təyyarəsi qaçırıldı

teyyareMisirin “Egypt Air” aviaşirkətinə məxsus A-320 təyyarəsi martın 29-u səhər saatlarında naməlum şəxs tərəfindən qaçırılaraq Kiprin Larnaki aeroportuna enib. Isgəndəriyyə-Qahirə aviareysi ilə uçan təyyarənin göyərtəsində 60-a yaxın sərnişin və 7 ekipaj üzvü olub. Ilkin məlumatlarda təyyarənin Misir vətəndaşı – Iskəndəriyyə Universitetinin baytarlıq üzrə professoru Ibrahim Samaha tərəfindən qaçırıldığı bildirilirdi.

Məlumata görə, bir müddət sonra təyyarənin ekipaj üzvləri və 5 əcnəbi istisna olmaqla bütün sərnişinlər azad edilib. Təyyarəni qaçıran şəxs bu addımı danışıqlardan sonra atıb. O, polis qüvvələrinin hava limanından uzaqlaşdırılmasını tələb edib.

Kipr prezidenti insidentin terror aktı olmadığını bildirib. Bəzi KIV-lərdə isə təyyarəni qaçıran şəxsin siyasi sığınacaq tələb etdiyi barədə xəbərlər yayılıb. Ehtimallardan biri də belə idi ki, o bu yolla Kiprdə yaşayan keçmiş həyat yoldaşı ilə görüş istəyirmiş.

Lakin sonradan məlum olub ki, təyyarəni qaçıran şəxs iddia olunduğu kimi Ibrahim Samaha deyil. Misirin hakimiyyət orqanları I.Samahadan üzr istəyiblər, adının insidentdə səhvən hallandırıldığını bəyan ediblər.

Misir baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, təyyarəni qaçıran Seyfəddin Mustafa adlı başqa şəxsdir və o, Misir həbsxanalarındakı məhbusların azad olunması tələbini irəli sürüb.

El Balyad” xəbər portalının məlumatına görə, silahlı şəxs tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı kəməri işə salacağını deyərək hədə-qorxu gəlib.

Kiprin Xarici Işlər Nazirliyinin məlumatına görə, bütün girovların azad edilməsi əməliyyatı başa çatandan sonra təyyarəni qaçıran şəxs könüllü surətdə təhlükəsizlik xidmətinin əməkdaşlarına təslim olub.

Kiprin xarici işlər naziri Aleksandros Zenonun sözlərinə görə, hadisə terrorçuluqla bağlı deyil. Güman edilir ki, təyyarəni qaçıran şəxs psixi cəhətdən stabil vəziyyətdə olmayıb.

Misirin baş naziri Şərif Ismayıl təyyarəni qaçıran şəxsin Kiprin Larnaka şəhərindəki aeroportda dindiriləcəyini deyib.