Hüquq müdafiəçisi 1 il 8 aydan sonra həbsdən buraxıldı: «Mübarizəmiz davam edəcək»
«Məmnuniyyətlə, öz azadlığımı həbsdəki dostlarımın azadlığı ilə dəyişərdim…»
İnsan haqları üzrə dünyaca tanınmış vəkil, Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 1 il 8 aylıq həbsdən sonra dünən azadlığa buraxılıb. Bu barədə Ali Məhkəmənin Plenumunda qərar çıxarılıb. Qərar Baş prokuror Zakir Qaralovun əlavə kassasiya protesti əsasında verilib.
Zakir Qaralovun Ali Məhkəmənin Plenumuna müraciətində göstərilib ki, Intiqam Əliyevə cəza təyin olunarkən bir sıra yüngülləşdirici hallar, o cümlədən səhhətindəki problemlər nəzərə alınmayıb, məhkəmə şərti cəza məsələsini müzakirə etməyib.
Plenumun iclası barədə jurnalistlərə açıqlama verən vəkil Cavad Cavadov bildirib ki, Baş prokurorun müavini Namiq Əsgərov iclasda çıxış edərək protesti müdafiə edib. Hüquq müdafiəçisinin vəkilləri protestdə göstərilən hallarla razılaşsalar da, ümumiyyətlə, Intiqam Əliyevin əməlində cinayət tərkibi olmadığını vurğulayıblar. Vəkillər Intiqam Əliyevin barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər.
Beş il şərti cəza…
Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyilə Plenum Baş prokurorun prptestini təmin edib və Bakı Ağır Cinayətlər Məhkəməsinin Intiqam Əliyev barədə hökmü dəyişdirilib. Hüquq müdafiəçisinə verilmiş 7 il 6 aylıq həbs cəzası 5 il sınaq müddəti olmaqla, şərti hesab edilib və onun dərhal həbsdən azad edilməsinə qərar verilib.
Bundan sonra Intiqam Əliyevin yaxınları, vəkilləri, jurnalistlər və digər ictimaiyyət nümayəndələri hüquq müdafiəçisinin saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsinin qarşısına yollanıblar. Orada təxminən 4 saat gözlədikdən sonra məlum olub ki, hüquq müdafiəçisi gizli şəkildə evə göndərilib.
“Yenidən yükün bir hissəsini çiyinlərimə götürəcəm…”
İntiqam Əliyev həbsdən buraxıldıqdan sonra jurnalistlərə ilk müsahibəsində bunları dedi:
“Ikili hisslər keçirirəm. Azadlıqda olmağıma təbii ki, sevinirəm. Çünki ilin-günün bu vaxtında istirahət eləməyi çöldə, ağır şəraitdə çalışan dostlarıma qarşı ədalətsizlik sayırdım. Azadlığa çıxmağım o anlamda mənim üçün xoş bir şeydi. Yenidən yükün bir hissəsini çiyinlərimə götürəcəm. O biri tərəfdən, həm də məyusam, çünki dostlarımın böyük bir hissəsi hələ də həbsdədir. Məmnuniyyətlə, öz azadlığımı onların azadlığı ilə dəyişərdim.
Bütövlükdə proseslər gedir. Əminəm ki, çox yaxın vaxtlarda dostlarım da çöldə olacaq. Azadlıqda olacaqlar. Çox yaxın vaxtlarda Azərbaycan da azadlıqda olacaq. Buna heç bir şübhəm yoxdur. Bu qədər repressiyalar, bu qədər basqılara baxmayaraq, Azərbaycan cəmiyyəti azadlıq, demokratiya uğrunda çalışmaqda davam edir. Bu həm də bizə orada ümid verirdi. Dostlarımız, əqidə yoldaşlarımız, vətəndaş cəmiyyəti, siyasi partiyalar, adi insanlardan, beynəlxalq təkilatlardan aldığımız dəstək onu göstərdi ki, bu toplumun azadlıq istəyi həddindən artıq böyükdür və onu həbslərlə, basqılarla, təzyiqlərlə boğmaq mümkün deyil”.
“Avropa Birliyi ümid edir ki, bu addımlar davam edəcək, bunu Azərbaycanın götürdüyü öhdəliklər tələb edir”
Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini Intiqam Əliyevin martın 28-də azad olunması ilə bağlı bəyanat yayıb.
“Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil Intiqam Əliyevin azadlığa buraxılması qərarı bu ayın əvvəlində siyasi partiya, QHT və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir”, – deyə Mogerini bəyanatında qeyd edib.
APA-nın xəbərinə görə, Avropa Birliyinin rəsmisi bu addımların uzun zamandır ki, gözlənildiyini qeyd edib: “Bu addımlar uzun müddətdir gözlənilirdi. Avropa Birliyi ümid edir ki, yeni həbs olunmuşların, siyasi səbəbdən ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin tam azadlığa buraxılması və reabilitasiyası ilə bu addımlar davam edəcək. Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir. Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır”.
“Hər gecənin bir gündüzü var…”
Intiqam Əliyevlə bağlı qərara AXCP sədri Əli Kərimli də münasibət bildirib. AXCP sədri bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb:
“Vicdan məhbusu, tanınmış hüquqşünas Intiqam Əliyevin şərti cəza ilə olsa da, azadlığa çıxması çox xoş xəbərdir. Demokratik ictimaiyyətin xırda da olsa uğurudur. Indi də Xədicə xanımı, Fuad Qəhrəmanlını, Ilqar Məmmədovu, Seymur Həzini, Asif Yusiflini, Məmməd Ibrahimi, Ilkin Rüstəmzadəni, Murad Ədilovu, Zeynal Bağırzadəni, Qadir Xudabəxşiyevi, Elvin Abdullayevi, Əbdül Əbilovu və bütün siyasi məhbusları azad etmək lazımdır. Hələ də həbsdə qalan bütün siyasi məhbusların hüquqlarını sonadək müdafiə edəcəyik. Əlbəttə ki, hər gecənin bir gündüzü vardır! Bir gün onlar da haqq etdikləri azadlıqlarına qovuşacaqlar”.
***
Xatıqladaq ki, İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb.
Intiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi üçün gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirir.
“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib.
Aytən Məmmədova