Çətin günlərin Səttarxanı

rovshenRövşən Hacıbəyli

Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər” məsəlinin hansı anlamı daşıdığını hamı bilir; savadlısı da, savadsızı da. Bu məsəli həyat amalına çevirənlər də, çevirməyənlər də. Yaxşılıq əslində reklam olunmayası əməldir, sən onu dilə gətirirsənsə, artıq o əməl yaxşılıqdan çıxır. “Sağ əlin verdiyini sol əl bilməməlidir” məsəli də var folklorumuzda. Ancaq həyatda elə olaylar baş verir ki, bəzən ötənləri xatırlatmadan keçmək olmur.

Son əfv fərmanı kiçik sevinciylə yanaşı, bəlkə də ən çox dartışılan, mübahisə doğuran əfv oldu. Başlıcası odur ki, əfvin yarımçıq olduğunu dilə gətirənlər (təşəkkür üçün növbəyə duran tanınmış alver adamlarının adını çəkib sizi iyrəndirmək istəmirəm) çox oldu. Rejimin hərdən atdığı belə və bundan da betər addımları həmişə “irəliyə doğru…” adlandıran beynəlxalq qurumlar da bu dəfə fərqli mövqedə oldular. Onlar da son əfvin siyasi məhbus problemini çözmədiyini, yarımçıq olduğunu, qalan məhbusların da tezliklə azadlığa buraxılmalarını tələb etdilər. Uzun və üzücü ağır illərdən sonra, deyəsən, beynəlxalq qurumlar, aparıcı dövlətlər də anladılar ki, Azərbaycandakı problemlər xoşluqla, baş sığallamaqla həllini tapası deyil. Tağı müəllim demişkən, “burcutmaq” keçmir daha. Illərdir fironluq edən hakimiyyətə yerini göstərirlər, üstəlik, xalq üçün 1994-dən, hakimiyyət üçünsə ötən ildən zəhərə dönmüş neft də günbəgün dəyərini itirməkdədir. Daha ondan gələn pullar gözləri qapamağa yetərli deyil; əvvəlki kimi…

Əvvəl də elə uzaq deyil, yaxın keçmişdi. Neft pulları o qədər çox və cəlbediciydi ki, onunla hər şeyi olmasa da, çox şeyi satın almaq olurdu; istər daxildə, istərsə də xaricdə. Satılmağın asan, alınmağın hobbiyə çevrildiyi ölkədə bu iş o qədər rahat gedirdi ki, pulun su kimi axdığı dönəmdə kimsənin ruhu da incimirdi. O illərdə alğı-satqı bütün sahələri bürüdü, o sıradan bir zamanlar ölkədə hegemon mövqedə olan qəzet və jurnalistləri də. Odlu-alovlu yazılar yazan, başqalarını cəsarətsizlikdə ittiham edən jurnalistlər vardı ki, hakimiyyət onların göylərə ucalan alovunun üstünə bir cimdik pul… atmaqla “yanğının” qarşısını aldı. Bununla da qabaqlar cəmiyyətdə baş verən istənilən olaylarla bağlı birgə mövqe sərgiləyən qəzetlər sıradan çıxarıldı. Matrosovçuluq edən jurnalistlər öz dişsiz köşələrinə, pul çıxan otaqlarına çəkildilər. Bir çağlar ölkənin siyasi məhbus problemi, demək olar, əksər qəzetlər üçün prioritet mözuydu. Əksər qəzetlər siyasi məhbusların şəkillərinə öz səhifələrində yer ayırırdı. Ancaq neft küləyi bu sıranı zaman-zaman seyrəltdi və sonda “Azadlıq” tək qaldı… Yalnız “Azadlıq” o şəkilləri öz sinəsində saxladı. Düzdür, bəzən şəkillərdən səhifədən çıxarılanı oldu, ancaq o da həmin şəkil sahibinin arzusuyla… Çünki bəzi dustaqlara şərt qoyurdular ki, şəklin “Azadlıq”da qaldığı müddətdə hakimiyyətdən əfv gözləmə

Son əfv fərmanından sonra qəzetlər və sosial şəbəkələr üçün başlıca mövzu azadlığa çıxan siyasi məhbuslar – dostlarımızdı. Dostlarımızın ömründən cinayətkarcasına oğurlanan illər, onlar qədər olmasa da, bizi də çox ağrıdıb. Imkan çatan qədər müdafiə etmişik, həm də təmənnasız. Heç təşəkkür gözləmək də ağlımızın ucundan keçməyib. Ancaq onlardan bəzilərinin həbsdən çıxandan sonra kimlərəsə, daha doğrusu səhifəsindən siyasi məhbus şəkillərini çıxaran qəzetlərə “informasiya dəstəyinə görə…” təşəkkürünü heç də anlayışla qarşılamaq olmur…

Demək, qismətdə bu da varmış. Olsun. Ancaq hələ də həbsdə siyasi məhbuslar, şərlənib haqsız yerə tutulanlar var, onların azadlığı uğrunda yola davam, əlimizdən başqa nə gəlir ki… Bir də, təvazökarlıqdan uzaq olsa da, biz çətin günlərin Səttarxanıyıq…