ABŞ dağılacaq!

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Şəbnəm Tapdıq adlı bir xanım müğənni adaşı olan xanım jurnalistə zəng edib, deyib ki, “bəs mən adımı Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmişəm, bu o deməkdir ki, ”Şəbnəm” adının bütün hüquqları mənə aiddir, ona görə də gərək siz adınızı dəyişəsiniz”. Multfilm kimi ölkədir, qədrini bilmək lazımdır. El-aləm belə səfeh söhbətləri kitablardan oxuyur, filmlərdən izləyir, biz isə işin içindəyik, bunları canlı yaşayırıq, şahid oluruq, birbaşa görürük.

Əslində Şəbnəm xanımı bir o qədər qınamalı da deyil. Hətta yerli-dibli qınamalı deyil. Niyə də qınayasan axı? Xanım baxır ki, ölkədə qamarlayan qamarlayana, özününküləşdirən özününküləşdirənədir, hətta təbiətin bu xalqa lütfü olan dənizi, gölü, dağı, meşəni də dədə malı kimi hasarlayanlar var, fikirləşir ki, mən niyə öz adımı hasarlaya bilmərəm? Düz də eləyir. Bu gün onun öz adını bir növ inhisara götürməyə çalışmasına gülənlər, buna görə onu ələ salanlar eyni tənəni, məzəmməti hansısa oliqarxa ünvanlaya bilərlərmi? Guya xanım müğənninin “Şəbnəm” adını ancaq özünə çıxması ilə ölkəyə kimdənsə icazəsiz diş çöpü belə gətirə bilməmək arasında hansı mahiyyət fərqi var? Hətta ikinci birincidən daha rüsvayçıdır.

Daha bir gülməli-ağlamalı hadisə isə ötən bazar günü baş verdi. Deməli, şanlı partiya və hökumətimiz bu ildən yay vaxtına keçidi ləğv edib, amma gəl gör ki, martın 27-də bizdə də saatlar avtomatik olaraq geri çəkilib və camaat çaş-baş vəziyyətə düşüb. Hətta deyilənə görə, hakimiyyət telekanalları da başlarını itiriblərmiş, birində saat 08.30-u göstərəndə, digərində 09.30 imiş. Bu çaşqınlıq az qala iki günə yaxın davam etdi, hər kəs 1 saatın davasını döyməklə məşğul oldu. Kənardan baxan hər hansı yadelli deyərdi ki, necə də vaxtın dəyərini bilən camaatdır! Ən yaxın tarixinin hardasa 25 ilini sellərə-sulara verən, boşa ötürən bir toplumun 1 saat söhbəti eləməsi həqiqətən ironikdir. Arxada qalan hər ili “itirilmiş il”ə çevrilən bir camaat 1 saatdan ötrü az qala dünyanı dağıdırdı. Nə deyəsən, nə yazasan? Güləsən, yoxsa ağlayasan?

Və sonda. Ilham Əliyev hansısa nüvə sammitində iştirak etmək üçün ABŞ-a gedəcək, elə son günlər bir çox siyasi məhbusların müxtəlif yollarla azadlığa buraxılmasının da məhz bundan qaynaqlandığını bilməyən yoxdur. Siyasi məhbus məsələsi rejim üçün siyasi bazarlıq predmeti olaraq qalır. Bu öz yerində. Indi xeyli politoloq-molitoloq, ekspert-mekspert, analitik-manalitik “Əliyevin ABŞ səfəri Azərbaycana nələr vəd edir” sualı ətrafında açıqlamalar verirlər, düzü, bunlara açıqlama demək də doğru deyil, çünki onları oxuyandan sonra da həmin sualın cavabı qaranlıq qalır. Ümumiyyətlə, dünyada ən mənasız siyasi ekspertlər, politoloqlar Azərbaycandadır, hər şeydən danışırlar, amma həm də heç nə danışmırlar.

Nə isə, sözüm onda deyil. Məncə, biz indi ABŞ-a məlum səfərin Azərbaycana nə vəd etdiyindən çox bu sual ətrafında düşünməliyik: prezidentlik müddəti başa çatan və vəzifədən getməsinə cəmi bir neçə ay qalan, amma üçüncü dəfə prezident seçilmək haqqı olmayan Obamadan sonra ABŞ dağıla bilərmi? Fikrimizcə, dağıla bilər, dağılmalıdır da. Taleyi bir nəfərdən asılı olmayan ölkələr bədbəxtliyə, hətta məhvə məhkumdurlar.

Odur ki, məlum sammitdə nüvəni bir kənara qoyub, bu məsələni müzakirə etmək lazımdır. Obamanı dilə tutmaq, yola gətirmək lazımdır ki, ABŞ xalqına yazığı gəlsin, əbədi prezident olmağa razılıq versin.