Yaponlar, koreyalılar və biz

saadet-cahangir-koseSəadət Cahangir

Iki gün əvvəl internetdə araşdırma zamanı qarşıma maraqlı bir məqalə çıxdı. “Nə nədən baş verdi” – mövzusunda toplanmış məqalələrdən ibarət saytda Metiner Sezerə aid yazı diqqətimi çəkdi. Düz hədəfə vurmuş yazıdır, gülümsətdiyi qədər də kədərləndirir adamı. Müəllif 50-ci illərdə sənayeləşmə üçün qollarını çirməyən Türkiyənin Yaponiya və Koreya ilə eyni yolda yürüdüyünü vurğulayır. Deyir ki, o zaman hər üç ölkədə yamaqlı iş geyimləri və altı dəlik ayaqqabılar vardı. Kasıbçılıqdı, yəni. Sonra necə oldusa oldu, bu gözü qıyıq insanlar qaşla göz arası məsafəni böyütməyə başladılar. Yel kimi vurub keçdilər irəli. Səbəb? Yapon idarəçilər “biz avropalıları keçməliyik” deyərək xalqı ruhlandırırmış sən demə… “Sürətini ala bilməyən yapon liderlər, gecə yarısı əhalini qaldırıb ”Avropanı necə olsa keçərik, bizim əsas rəqibimiz Amerika” deyirmişlər. 70-ci illərə gəldiklərində yapon xalqı bu işin olacağına tam olaraq inanmış…” Bəs Koreya? “Onların liderləri daha oyanıq çıxdılar, Avropa kimi uzağa getmək yerinə dərhal burunlarının dibindəki Yaponiyanı hədəf göstərdilər vətəndaşlarına. ”Yaponlar gedərsə, biz haydı- haydı gedərik” deyərək qaçmağa başladılar. Koreya xalqı çox safdır. Oyanmamışlar hələ, o qazla çalışırlar “səfeh” kimi … Inadına 7.30-da girirlər iş yerinə, 20-dən əvvəl də çıxmırlar. Qürur məsələsi etmişlər bunu…”

Türkiyə niyə geri qaldı?” sualına da uzun-uzun aydınlıq gətirir müəllif. Getdiyi yerlərdə şərəfinə dəvələr kəsilən liderlərin “aş və iş” vədləriylə xalqı doğru inkişaf yoluna yönəltmədiyini qeyd edir. “Türk xalqının da boş yatdığı deyilə bilməz əslində. Bığımızı burub, ”atalarımız Vyanaya qədər gəlib dönmüş, bir də bizi yormayın oralara qədər! Oturun oturduğunuz yerdə” dedik aslanlar kimi… Deməsinə dedik, amma kimsə eşitmədi ki. Adamların bizi duymağa taqəti yox idi onsuz da. Yorğundu fağırlar. Hamısı fabrikdə çalışır və maşın gurultusundan başqa heç bir şey duymurdular”.

Məqaləni oxudum, ürəyim bir daha cızladı. Guya biz sovetlərdən ayrılıb hansı istiqamətə doğru yön aldıq ki? Axı biz də indi inkişaf yolunu tutub durmadan irəli gedən bir sıra postsovet ölkələri ilə eyni yola çıxmışdıq. Imkanlarımız onlardan böyük, şərtlərimiz ondan əlverişli, insanlarımız onlardan istedadlı və işlək. Milyardlar ölkəsindən yoxsulluğun harasına gətirdilər bizi! Təsəvvür edin, o qədər qazanc götürən ölkədə bircə kibrit istehsalı belə yox! Hardan çıxdı bunlar qarşımıza, necə daş yuvarlatdılar yolumuza, önmüzü necə kəsdilər, əl-qolumuzu necə bağladılar, heç xəbərimiz olmadı ki. “Şərəfinə dəvə kəsilən” bu adamları kim ürcah etdi bizə? Hardan ölkənin canına qaynaq edib külünü çıxardılar millətin? 23 ildir tüstümüz təpəmizdən çıxır, ciyərimiz yanır, qəlbimiz parçalanır. Bu ölkəni nə hala gətirdilər, qırx arşın quyunun dibinə necə saldılar… Onları dəstəkləyən, saxlayan, bəsləyən gizli əl hardan uzandı buralara? Indi düşdüyümüz bataqlıqda çapaladıqca, dibə gedirik. Qışqırmağa, haray salmağa, kimisə köməyə çağırmağa belə halımız yox. Zamanında yanlış yola sürükləndiyimizi görüb, o adamların qarşısına keçməli, onlara “dur” deməliydik çünki. Qurbanlıq olmamalı, kölə siyasətinə qarşı çıxmalı, göz görə-görə uçuruma atılmaqdan imtina etməliydik. Üsyan etməliydik bu ölkəni bataqlığa çəkən yarıtmaz siyasətə. Amma biz heç nə etmədik. O bacarıqsız, atın arpasını bölə bilməyən, arxaik düşüncəli adamların arxasınca səssizcə sürünüb getdik. Indi gəlib çıxdığımız yer də bəlli. Dalana dirənmək buna deyirlər hər halda…