«Bütün ittiham aktı yalandan ibarətdir, iyirmi ildir nazirlə haqq-salamımız var, ona düzgün məlumat çatdırmayıblar»
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan şair Saday Şəkərlinin işi üzrə məhkəmə prosesi başlayıb. Bu işə Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti baxır.
Dünən hazırlıq iclasında Saday Şəkərlinin vəkilləri bir sıra vəsatətlər qaldırıblar. Ilk vəsatət şairin məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsinə icazə verilməsi barədə olub. Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Saday Şəkərli nəinki Azərbaycanda, bir çox başqa ölkələrdə də tanınan yazardır. Onun vəkillərinin yanında əyləşməsi müdafiənin qurulması baxımından da vacibdir.
Lakin məhkəmə bu vəsatəti təmin etməyib.
Fəxrəddin Mehdiyev daha sonra müvəkkilinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb. Vəkil vəsatəti əsaslandırarkən şairin günahsız olduğunu və sifarişlə həbs edildiyini vurğulayıb: “Saday Şəkərli Azərbaycan, eləcə də Rusiya və Başqırdıstan Yazıçılar Birliyinin üzvüdür. Kifayət qədər nüfuzlu şəxsdir. Onun barəsindəki cinayət işi qərəzli, sifarişlidir. Bu işdə cinayət tərkibi yoxdur. Saday Şəkərlinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının irəli sürdüyü arqumentlər də aradan qalxıb. Üstəlik, səhhətində də ciddi problemlər var, şəkərin ağır formasından əziyyət çəkir”.
Vəkil həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin şairin həbsdən buraxılması üçün Baş prokuror Zakir Qaralova ünvanladığı məktubu məhkəmədə elan edib. Məktub məhkəməyə də təqdim olunub.
Şairin digər vəkili Bəhruz Bayramov da ittihamın əsassız olduğunu bildirib: “Saday Şəkərli kitabında da göstərdiyi köməyə görə Fazil Məmmədova təşəkkür edib. O, necə hədə-qorxu ilə Vergilər Nazirliyinin vəzifəli şəxslərindən nəsə tələb edə bilərdi? Saday Şəkərlinin həbsdə saxlanması üçün heç bir əsas yoxdur”.
Şair özü də günahsız olduğunu deyib: “Iyirmi ildir nazirlə haqq-salamımız var. Ona düzgün məlumat çatdırmayıblar. Bildiyimə görə, yalan məlumat çatdıran Asif Cahangirovu da işdən azad edib. Bütün ittiham aktı yalandan ibarətdi”.
Müdafiə tərəfinin daha bir vəsatəti məhkəmə prosesində zərərşəkmişin hüquqi statusuna xitam verilməsi barədə olub. Məhkəmədə zərərçəkmişin nümayəndəsi qismində Vergilər Nazirliyinin əməkdaşı Ramin Nəcəfov çıxış edir.
“Praktikada belə abstrakt ittiham görməmişəm. Konkret kimin barəsində olub rüsvayedici məlumat? Həmin məlumat nədən ibarət olub? Nədən ziyan çəkib? Zərərin ölçüsü nədən ibarətdi? Belə cinayət işi olar? Məhkəmə heç buna vaxt sərf eləməməlidir”, – deyə Fəxrəddin Mehdiyev bildirib.
Kontursuz mobil nömrədən necə zəng eləmək olar?
Digər vəkil Bəhruz Bayramov növbəti vəsatətində mobil operatora sorğu göndərilməsini məhkəmədən xahiş edib. Müdafiəçinin sözlərinə görə, ittiham aktında Saday Şəkərlinin zəng edib hədə-qorxu ilə pul tələb etdiyi göstərilib: “Halbuki, həmin vaxt onun telefonunda iki ay imiş ki, kontur yox imiş. Özləri zəng edib çağırıblar. Zəngin kimdən getdiyinin müəyyənləşdirilməsi üçün xahiş edirəm, mobil operatora sorğu verilsin”.
Saday Şəkərli də heç kimə zəng etmədiyini bildirib: “Vəkillərim bu məsələni qaldırandan sonra götürüb nömrəyə 1 manatlıq kontur vurublar. Bu rüsvayçılıqdı…”
Məhkəmə vəsatətlərdən yalnız mobil operatora sorğu verilməsi məsələsini təmin edib, digər vəsatətlər isə rədd olunub. Məhkəmə aprelin 1-nə təyin olunub.
Xatırladaq ki, şair Saday Şəkərli ötən il dekabrın 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Vergilər Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə günahlandırılır.
Amma Saday Şəkərli ittihamın saxta olduğunu və sifarişlə həbs edildiyini bildirir. Yaxınları da deyir ki, şair saxlanılandan dərhal sonra onların evində axtarış aparılarkən onun bir gün əvvəl təqdim olunmuş və hökumətin tənqid olunduğu “Qurd ürəyi” kitabının bütün nüsxələri götürülüb. Həmin kitabın ön səhifəsində şair maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova təşəkkür edib.
Aytən Məmmədova