Keçmiş MTN şefinin atasının barelyefi söküldü
Ötən bayram günlərində Bakının Yasamal rayonu ərazisindəki Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən və vaxtilə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun yaşadığı binanın üzərindən onun xatirəsinə qoyulmuş barelyef sökülüb.
“Vətəninfo”nun yazdığına görə, barelyefi söküb və yerini də elə yamayıblar ki, sanki burada heç nə olmayıb.
Bundan əvvəl akademik Əhməd Mahmudovun büstü Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Fətullah Gülən təriqəti tərəfindən qeyri-qanuni inşa edilən məktəb-liseyin qarşısından götürülüb.
Eldar Mahmudovun özü isə hələ də həbs olunmayıb. “Azadlıq” hələ bir müddət əvvəl yazmışdı ki, onun həbs olunmaması onun və rəhbərlik etdiyi şəbəkənin xaricə hansısa informasiyaları, faktları ötürməsilə bağlı şübhələrlə əlaqəlidir. Hakimiyyət ehtiyat edir ki, Eldar Mahmudov həbs olunacağı təqdirdə hansısa məlumatlar yayıla bilər. Bu baxımdan onu tamamilə təcrid edərək şəbəkənin xaricə hansı faktları ötürməsi ilə bağlı ciddi araşdırmalar aparılır. Istintaqa cəlb olunan MTN əməkdaşlarının dindirilməsində məhz bu məqama xüsusi diqqət yetirilir.
Eldar Mahumdovun taleyi də bu araşdırmaların yekunundan asılı olacaq. MTN şefinin xaricə hansısa faktları və informasiyaları ötürdüyü üzə çıxarsa, onun həbsi bir qədər də yubana bilər. Lakin bu ehtimallar təsdiqini tapmazsa keçmiş MTN şefi də həbsxanaya göndəriləcək.
Bu arada Bakı Apelyasiya Məhkəməsində bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Iqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş Idarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovun apelyasiya şikayətinə baxılıb.
Virtualaz.org xəbər verir ki, məhkəmə onun şikayətini təmin etməyib.
Qeyd edək ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə Sübahir Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Apelyasiya şikayəti həmin qərardan verilib.