Azərbaycan Rusiyadan gələn taxıl təhlükəsi qarşısında

taxilRusiyanın istehsal etdiyi ərzaq buğdasında zəhərli maddə aşkarlanıb

Vahid Məhərrəmov: «Azərbaycan kimi keyfiyyətə önəm verməyən ölkələr həmin məhsulun idxalını davam edəcəklə

Eyyub Hüseynov: «Rusiyanın ixrac etdiyi buğdada xəstəlik aşkarlanıbsa, Azərbaycan tərəfi bu məlumatı ciddi yoxlamalıdır»

Beynəlxalq mətbuatda yayılan xəbərə görə, Rusiyadan Livana göndərilən ərzaq buğdasında insan orqanizmi üçün zəhərli olan ochratoxin maddəsi aşkar olunub. Bu zəhərli maddəni kif göbələkləri əmələ gətirir. Bu maddə böyrəklərin normal funksiyasına neqativ təsir göstərir, insan immunitetini zəiflədir və orqanizmdə bəd xassəli şişlərin yaranmasına səbəb olur. Azərbaycan da ərzaq buğdasını Rusiyadan idxal edir. Bəs, yayılan bu məlumat müvafiq strukturların diqqətini cəlb etməlidirmi? Ölkəyə gətirilən malların, məhsulların keyfiyyətinə nəzarət olunmurmu?

vahid-meherremov1

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, Azərbaycan Rusiyadan 1 milyon tona qədər buğda idxal edir. Ekspertin sözlərinə görə, Rusiyanın ixrac etdiyi buğdada insan orqanizmi üçün zəhərli olan ochratoxin maddəsinin aşkar olunması həmin adda məhsulun qiymətinə ciddi təsir etməyəcək: “Ona görə ki, qonşu Qazaxıstan istehsal etdiyi buğdanın da keyfiyyəti pisləşib, idxalçıların seçim imkanı daralab. Ümumiyyətlə hər iki ölkənin istehsal etdiyi buğdanın keyfiyyət göstəriciləri aşağı düşür. Bizim kimi keyfiyyətə önəm verməyən, daha ucuz, aşağı keyfiyyətli buğda idxal edən ölkələr həmin məhsulu idxal etməkdə davam edəcəklər. Baxmayaraq ki, insan orqanizmi üçün zərərlidir”.

Azərbaycanın buğdaya olan bir illik tələbatının 1, 3 milyon ton olduğunu deyən V.Məhərrəmov vurğuladı ki, istehlak etdiyimiz ərzaq buğdasının 80 faizdən çoxu Rusiyadan idxal olunur. Qalan 20 faizin bir hissəsi Qazaxıstandan və digər ölkələrdən gətirilir. Daxili istehsala gəlincə isə, ekspert bildirdi ki, daxildə istehsal olunan buğda isə əsasən heyvandarlıqda istifadə olunur, qarışıq yem istehsalında və fərdi təsərrüfatlarda quşlara yedizdirilir.

eyyub_huseynov

Azad Istehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə bildirdi ki, bu sahəyə cavaddeh olan strukturlar dünya ekspertizasının arxasında ilan kimi sürünür. “Mən hələ indiyə qədər görməmişəm ki, Azərbaycanın bu sahəyə cavabdeh olan strukturları bəyan etsin ki, müəyyən sahələrdə problem var və dünya ekspertizası gərək bunu araşdırsın”, deyə E.Hüseynov vurğuladı.

Ekspertin sözlərinə görə, Azərbaycanda normal ekspertiza yoxdur və ekspertiza tam şəkildə dövlət inhisarındadır: “Bu yaxınlarda mən Braziyalyadan geni dəyişdirilmiş mallar gətirdim. Onları anonim qablara doldurdum. Və onları iki fərqli ekspertizaya göndərdim. Dövlət Standrlaşdırma labaratoriyasından cavab gəldi ki, bu məhsulların geni dəyişdirilib, Gömrük labaratoriyası isə bəyan etdi ki, məhsullarda GMO yoxdur. Bu onu göstərir ki, labaratoriyaların işləmə səviyyəsi hansı vəziyyətdədir”.

E.Hüseynov vurğuladı ki, əgər Rusiyanın ixrac etdiyi buğdada xəstəlik aşkarlanıbsa, Azərbaycan tərəfi bu məlumatı ciddi yoxlamalıdır.

Hikmət