Əli Kərimli Pakistan xalqına başsağlığı verdi

akarimli-yeni5Pakistanın Lahor şəhərində törədilmiş dəhşətli terrorla bağlı AXCP sədri Əli Kərimli bu ölkənin Azərbaycandakı səfiri Xalid Usman Qayserə başsağlığı verib. Başsağlığı məktubunda deyilir:

“Cənab səfir, martın 27-də Lahor şəhərində törədilən terror nəticəsində yaşanan çoxsaylı insan tələfatına görə dərindən kədərləndiyimi bildirir, dost Pakistan xalqına başsağlığı verir, Allahdan həlak olanlara rəhmət, yaralılara şəfa diləyirəm.

Çox təəssüf ki, terror müasir dünyamızın ağır bəlalarından birinə çevrilib və dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bu və ya başqa ölkədə günahsız insanların həyatını qaraldır. Lahorda törədilən terroru daha faciəvi edən isə həlak olanların və yaralananların arasında çoxlu sayda uşaqların olmasıdır.

İnanıram ki, Pakistan xalqı bu ağır faciəyə mətnliklə sinə gərəcək, öz birliyi və əzmi ilə terrorizmi də, terrorçuları da məğlubiyyətə uğradacaq.

Cənab səfir, bir daha Sizə və Sizin şəxsinizdə bütün Pakistan xalqına dərin hüznlə başsağlığı verir, ölkənizin bir daha belə ağır faciə yaşamamasını diləyirəm”.