Azərbaycan dilinin tədrisi rəhbərliyin səbrini daşırdı

cemil-hesenli1Dostlar! 50-ci illərin sonlarında Azərbaycanda diqqəti çəkən məsələlərdən biri də respublikanın rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi ilə bağlı idi. Bu barədə Azərbaycan Ali Sovetinin sessiyasında müvafiq qanunun qəbul edilməsinə hazırlıq işləri gedirdi. Hələ 1958-ci ilin iyun ayında Nikita Xruşşovun Sov.İKP MK Rəyasət Heyətində müzakirə edilən “SSRİ-də xalq təhsili sistemi haqqında” məruzəsi ölkənin təhsil sistemində uzun sürən eksperimentlərin başlanğıcını qoydu.

Xruşşov qeyd edirdi ki, hazırkı dövrdə bizim təhsil sistemi haqqında gedən çoxlu söz-söhbətlər, bu sistemin doğru olduğunu şübhə altına alır. Maarif sahəsində ciddi dəyişiklikləri özündə əks etdirən Sov.İKP MK-nın məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi haqqında tezisləri 1959-cu ilin əvvəllərində dərc edildi. Sovetlərin yeni təhsil konsepsiyası bütölükdə şəhərdə fəhlə, kənddə isə kolxozçu yetişdirmək üzərində qurulmuşdu. Bu sənədin meydana çıxması imkan verdi ki, respublikada fəaliyyət göstərən rus məktəblərində Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlər qaydaya salınsın.

50-ci illərin ortalarından etibarən rus məktəblərindəki Azərbaycan dili dərslərində iştirak məsələsini ya şagirdlərin, ya da onların valideynlərinin öhdəsinə buraxmışdılar. Bir qayda olaraq, rus məktəblərində təhsil alan azərbaycanlı uşaqların valideynləri maraqlı idi ki, onların uşaqları öz doğma dilini bilsinlər. Ona görə də azərbaycanlı uşaqlar Azərbaycan dili dərslərində qalır, qalanları isə sinfi tərk edirdilər. Əgər nəzərə alsaq ki, 1959-cu ilin əvvəllərində Bakının rusdilli orta məktəblərində 96.893 nəfər şagird var idi və bunun da 46.115 nəfəri milliyyətcə rus əhalisinin uşaqları idi, bu halda Azərbaycan dili dərslərində sinfin yarısı boşalırdı.

Bu məsələ o qədər eybəcər hal almışdı ki, Azərbaycan dili dərsi gələndə müəllimlər elan edirdilər ki, azərbaycanlı uşaqlar qalsınlar, digərləri isə getsinlər. Ona görə də Azərbaycan rəhbərliyi qərara gəldi ki, yerli şəraitə uyğun olaraq Sov.İKP MK-nın tezislərində bəzi dəyişikliklər etsin. İlk olaraq Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsinə tapşırıldı ki, respublika orta məktəblərində yaranmış bu qeyri-normal vəziyyəti araşdırıb Azərbaycan Ali Sovetinin mart ayında keçiriləcək sessiyasına qanun layihəsi hazırlasınlar. Qanun layihəsinin 11-ci maddəsində göstərilirdi ki, Azərbaycan SSR-in azərbaycandilli məktəblərində rusdilinin, rusdilli məktəblərində Azərbaycan dilinin tədrisi icbari xarakter daşıyır.

Layihə Moskvaya, SSRİ Maarif Nazirliyinə göndərildikdə, orada 11-ci maddəyə aid bir sıra tənqidi qeydlər etdilər və layihəni Sov.İKP MK-ya göndərdilər. Sov.İKP MK-da isə qanun layihəsinin 11-ci maddəsini MK-nın tezislərinin 19-cu maddəsinə uyğunlaşdırıb Bakıya qaytardılar. Hətta Sov.İKP MK-dan Andreyev Azərbaycan KP MK-ya zəng vurub tövsiyə etdi ki, siz sessiyanın çağırılması və bu məsələnin sessiyada müzakirə edilməsi məsələsində tələsməməlisiniz. Bir müddət gözləyin, Rusiya Federasiyası bu məsələni müzakirə edəcək, yəqin onların sənədləri bütün mərhələlərdə baxılacaq və onda məsələnin yolunu tapmaq daha asan olacaq.

Əvvəlcə İman Mustafayev bu tövsiyəni qəbul etsə də, sessiyanın çağırılması ərəfəsində Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayevlə müzakirədən sonra fikri dəyişdi və məsələnin sessiyanın müzakirəsinə hazırlanması barədə göstəriş verdi. Bu zaman Latviya SSR Ali Soveti 1959-cu ilin mart ayının 16-17-də keçirilən sessiyasında “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və Latviya SSR-də xalq təhsilinin sonrakı inkişafı haqqında” qanun qəbul etmişdi. Mart ayının 20-də Latviya SSR-də qəbul edilmiş qanun “Sovetskaya Latviya” qəzetində dərc edilmişdi. Orada Latviya SSR-in məktəblərində üç dilin tədris edilməsi zəruri hesab edilirdi: latış, rus və xarici dillər.

Bu, Azərbaycan rəhbərliyinə əsas verdi ki, onlar da respublika məktəblərində dil məsələsini belə həll etsinlər. 1959-cu ilin mart ayının 25-də Azərbaycan SSR Ali Sovetinin sessiyası işə başladı. Ali Sovetin sessiyasında Azərbaycan SSR Nazirlər Sovetinin sədri Vəli Axundov “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və Azərbaycan SSR-də xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” geniş məruzə ilə çıxış etdi. Vəli Axundov deyirdi: “Məktəblərimizdə uşaqlar rus dili ilə yanaşı olaraq Azərbaycan dilini öyrənirlər. Bu fənnin öyrənilməsi nəinki sovet xalqları arasındakı qardaşlıq və dostluğun sübutudur, həmçinin böyük əməli əhəmiyyətə də malikdir.

Rus məktəblərində oxuyan şagirdlərin xeyli hissəsi Azərbaycanda anadan olmuşdur, məktəbi bitirdikdən sonra öz ata-anaları kimi respublikanın xalq təsərrüfatının müxtəlif sahələrində işləyəcəklər. Ünsiyyət vasitəsi olmaq etibarilə Azərbaycan dilini bilmək onlar üçün son dərəcədə vacibdir. Buna görə də dərs planlarında rus məktəblərində Azərbaycan dilinin öyrənilməsi nəzərdə tutulur.” Vəli Axundovun məruzəsindən sonra İmam Mustafayev başda olmaqla büro üzvləri İlyas Abdullayevin otağında toplaşıb yenidən məsələni müzakirə etdilər.

Mustafayev, Abdullayev və Axundov öz çıxışlarında bildirdilər ki, bizim şəraitdə rus və Azərbaycan dillərinin könüllülük əsasında öyrənilməsi düzgün deyildir, hər iki dil icbari qaydada öyrədilməlidir və bu, qanunla təsbit edilməlidir. Müzakirələrdən sonra Latviyada qəbul edilmiş qanunun müvafiq maddəsi Azərbaycan şəraitinə uyğunlaşdırıldı və günortadan sonra Ali Sovetin sessiyası “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və Azərbaycan SSR-də xalq təhsilinin sonrakı inkişafı haqqında” qanunu qəbul etdi. Qanunun 11-ci maddəsi respublikanın Azərbaycan məktəblərində rus dilinin, rus məktəblərində isə Azərbaycan dilinin tədrisinin icbari xarakter daşıdığını təsbit edirdi. Orada deyilirdi: “Müəyyən edilsin ki, Azərbaycan SSR məktəblərində dərslər şagirdlərin ana dilində keçirilir. Uşaqların hansı dildə dərs keçilən məktəbdə oxumaq məsələsini həll etmək ixtiyarı ata-analara verilir. Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Azərbaycan SSR məktəblərində Azərbaycan, rus dillərinin və xarici dillərin öyrənilməsi üçün lazımi şərait yaratmaqdan ötrü tədbirlər hazırlayıb həyata keçirsin.”

Azərbaycanın rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi ilə bağlı məsələ respublikada, daha çox onun paytaxtı Bakı şəhərində yaşayan rus əhalisini və qeyri-azərbaycanlıları, xüsusilə erməniləri ciddi narazı saldı. Azərbaycan rəhbərliyinin millətçiliyi ilə bağlı çoxlu sayda anonim məktublar Moskvaya göndərilməyə başladı. Bu məktublar bəzən qeyri-azərbaycanlı şagirdlərin adından yazılır və azərbaycanlıları təhqir edən ifadələrə yol verilirdi. Azərbaycan SSR Ali Sovetinin 1959-cu ilin mart ayında qəbul etdiyi “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və Azərbaycan SSR-də xalq təhsilinin sonrakı inkişafı haqqında” qanun Moskvanın Azərbaycan rəhbərliyinə münasibətdə səbrini tükəndirən sonuncu hadisə oldu.

1959-cu ilin mart-aprel aylarında bütün sovet respublikalarında məktəblərin həyatla əlaqəsini möhkəmləndirmək haqqında qanunlar qəbul edildikdən sonra məlum oldu ki, yalnız iki respublikada, Latviya və Azərbaycanda Sov.İKP MK-nın müvafiq məsələ ilə bağlı dərc edilmiş tezislərinin 19-cu bəndinə uyğun gəlməyən fərqli qanunlar qəbul edilib. Bundan ciddi şəkildə narahat olan Sovet rəhbərliyi Sov.İKP MK-nın Rəyasət Heyətinin qərarı ilə hər iki respublikaya MK-nın məsul işçilərindən ibarət böyük yoxlama komissiyası göndərdi. Latviyaya gedən komissiyaya MK katibi Nurəddin Mühitdinov, Azərbaycana gələn komissiyaya isə Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsi müdirinin müavini, general-polkovnik İvan Şikin başçılıq edirdi.

 

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.