Nemət Əliyev: «Yarıtmaz siyasət nəticəsində Azərbaycanın xarici borcu sürətlə böyüməkdədir»
Azərbaycan hökumətinin üzləşdiyi maliyyə böhranından çıxmaq üçün atdığı addımları da bir o qədər səmərəli saymaq olmaz. Dövlətin xarici borcalmaya getməklə bağlı qərarı və alınan borcun şərtləri bunu deməyə əsas verir. Ölkənin milyardlarla maliyyə vəsaiti əcnəbilərə 1,24 faizlə verildiyi halda, xaricdən cəlb olunan vəsait daha yüksək faizlə alınır. Konkret halda isə Azərbaycan hökumətinin cəlb etdiyi bir milyard dollar 10 il müddətinə 6.9 faizlə alınıb.
Hökumətin xaricdən 10 il müddətinə almış olduğu 1 milyard dollarlıq borcun üzərinə 690 milyon dollar da əlavə edib qaytarmaq lazım gələcək. Üst-üstə bir milyard yarımdan çox dollar qaytarılacaq.
Azərbaycanın “Cənub Qaz Dəhlizi” şirkəti beynəlxalq maliyyə bazarlarında 1 milyard dollarlıq avrobondlar satıb. Maliyyə naziri Samir Şərifov istiqrazların 10 il müddətinə yerləşdirildiyini söyləyib. Qiymətli kağızları,ÿəsasən,ÿABŞ və Böyük Britaniyadan olan investorlar alıblar. “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində səhmlərin 51 faizi dövlət Iqtisadiyyat Nazirliyinə, 49 faizi isə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsusdur.
Beləliklə, dövlətin xarici borcunun ÜDM-də çəkisi 23 faizin üzərinə yüksəlib. Halbuki bir il əvvəl bu göstərici 8,6 faiz təşkil edib.
Bütün bunların fonunda ölkə iqtisadiyyatına yatırım edilən xarici sərmayənin payı da sürətlə artmaqdadır. Son iki il ərzində bu göstərici 34 faizdən 68 faizə qədər yüksəlib.ÿ
Göründüyü kimi, xarici asılılığımız sürətlə böyüməkdədir.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, hökumətin xarici borcalma ilə bağlı siyasəti yanlışdır. N.Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı düzgün sütunlar üzərində oturmadığından neftin qiyməti ilə bağlı qiymət dəyişikliyi ölkə üçün ağrılı keçir. Ölkənin daxili ehtiyaclarını qarşılamaq üçün iri maliyyə vəsaitlərinə ehtiyac yarandığını deyən N.Əliyev vurğuladı ki, ölkənin qeyri-neft sektoru valyuta gətirə biləcək məhsullar istehsal edə bilmir: “Ölkənin qeyri-neft sektoruna milyardlar xərclənməsinə baxmayaraq burada istehsal təşkil edilə bilməyib. Ona görə hökumət maliyyə vəsaiti tapmaq üçün üzünü xarici dövlətlərə tutur. Onsuz da Azərbaycanın xarici dövlət borcu yüksək idi. Təxminən bir il bundan əvvəl ÜDM-də xarici dövlət borcunun xüsusi çəkisi 8.6 faiz idi. Ilin sonuna qədər olan dövrdə bu borcun çəkisi, dollarla ifadə edəndə 7 milyard dollar, manatla ifadə edəndə isə ÜDM-in 20 faizinə qədər yüksəlmişdi. Bütün bunlar az deyilmiş kimi xarici dövlətlərdən yenidən borc alındı. Əlbəttə, zərurət yaranarsa, dövlət ehtiyacları üçün borcalmaya getmək məqbul sayıla bilər. Amma burada bağışlanmaz səhv ondan ibarətdir ki, ölkənin milyardlarla vəsaitini aparıb xarici dövlətlərdə su qiymətinə idarəetməyə verirlər. Bu vəsait illik 1.24 faiz gəlir gətirir. Amma xaricdən borcalma təxminən 7 faizə bərabərdir. Görün nə qədər fərq yaranır. 5.7 faiz fərq yaranır. Bu, Azərbaycana dəyən zərbədir. Bu fərqi Azərbaycan xalqı ödəməlidir”.
N.Əliyevin sözlərinə görə, bir milyard vəsait 10 il müddətinə cəlb olunub və borc on il ərzində üzərinə 690 milyon dollar qoyularaq ödənilməlidir. N.Əliyevin fikrincə, hökumətin bu qərarını sağlam məntiqə sığdırmaq mümkün deyil. “Hökumətin bu siyasətinin bir adı var, əfəllik. Bu, yarıtmaz siyasətdir. Ölkənin maliyyə vəsaitləri su qiymətinə xarici ölkələrə səpələnir. Ölkənin daxili ehtiyaclarının ödənilməsi üçün lazım olan maliyyə vəsaitini isə ölkəyə baha qiymətə cəlb edirlər. Təəssüflər olsun ki, bu cür yarıtmaz siyasətin nəticəsində Azərbaycanın xarici borcu sürətlə böyüməkdədir”, deyə N.Əliyev vurğuladı.
N.Əliyev bildirdi ki, daha bir təhlükəli proses milli valyutanın dəyərsizləşməsinin fonunda xarici valyutanın iqtisadiyyata təsirinin artmasıdır. Təxminən iki il əvvəl xarici sərmayənin ümumi sərmayədə payı 34 faiz idi. Amma indi məlum olur ki, həmin göstərici təxminən 70 faizə yaxınlaşır. N.Əliyevin sözlərinə görə, deməli, bir tərəfdən xarici dövlət borcunun ÜDM-də çəkisi artır, digər tərəfdən isə ölkə iqtisadiyyatında sərmayənin payı sürətlə artmaqdadır: “Bu siyasət ölkəni böyük borcalma girdabına salır. Hökumət özündə güc tapıb, öhdəsindən gələ bilmədiyi yükün altına girməməlidir. Bacarmırsa, ölkənin milli maraqları naminə geri çəkilməlidir. Azərbaycanın sərvətlərini dağıtmaq heç kimə başucalığı gətirmir. Düşünürəm ki, bu siyasətdən imtina edilməlidir və qeyri-neft sektorunun real inkişafına nail olunmalıdır”.
Xəyal