Dostlar! Ötən əsrin 50-ci illərində Azərbaycanda millətçilik meyllərinin güclənməsi Dövlət Təhlükəsizliyi Komitəsinin diqqət mərkəzində idi. 1959-cu ilin yanvar ayının 22-də Azərbaycan DTK-nın sədri Fyodor Kopılov 1958 – ci ildə komitə tərəfindən aparılan operativ-agentura və istintaq işlərinin yekunları barədə Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə geniş hesabat göndərmişdi. Həmin ilin yekunları ilə bağlı bundan bir qədər fərqli hesabatı o, SSRİ DTK-na də göndərmişdi.
Hesabatlardan aydın olur ki, dövlət təhlükəsizliyi orqanlarının xarici kəşfiyyata qarşı mübarizə, sərhədlərin qorunması, agentura şəbəkəsinin təkmilləşdirməsi kimi ənənəvi fəaliyyətinə 50-ci illərinin ikinci yarısından başlayaraq millətçiliyə qarşı mübarizə də əlavə olunmuşdur. 1958-ci ildə daha çox burjua millətçi hərəkətlərə qarşı mübarizə aparan DTK-nın 4-cü şöbəsinin agentura şəbəkəsi 290 agentdən, 7 rezidentdən ibarət idi ki, onların da fəaliyyəti 42 məxfi mənzildə əlaqələndirilirdi. Ziyalılar arasında və 60 min tələbəni birləşdirən 15 ali, 75 orta ixtisas məktəblərində fəaliyyət göstərən agentura şəbəkəsi 133 agentdən və 3 rezidentdən ibarət idi. Bu qrupun “fədakarlığı” nəticəsində respublikada 73 nəfər müsavatçı, daşnak və digər millətçilər, 92 nəfər müxtəlif sionist təşkilatların üzvləri müəyyən edilmişdi. 1958-ci ildə təhlükəsizlik orqanları tərəfindən müəllifləri axtarılan 763 vərəqənin, 95 anonim məktubun əksəriyyəti millətçi-antisovet məzmuna malik idi.
Gərgin axtarışlar nəticəsində DTK orqanları 34 anonim məktubun, 20 vərəqənin müəllifini tapıb həbs etmişdi. Fundamental elmlər sahəsində mühüm uğurlar qazanmış bir sıra istedadlı gənc alimlər özlərindən xəbərsiz dövlət təhlükəsizliyi orqanları tərəfindən “qorunurdular” və onların fəaliyyətinə, xüsusilə əlaqələrinə DTK agentləri vasitəsi ilə nəzarət edilirdi. Gədəbəy rayonunun Söyüdlü kəndindən cıxmış, parlaq istedadı ilə diqqəti cəlb edən fizika-riyaziyyat elmləri namizədi Qoşqar Teymur oğlu Əhmədli hələ 50-ci illərin ortalarından etibarən təhlükəsizlik orqanları tərəfindən izlənilirdi. DTK, böyük gələcəyi olan bu istedadlı alimin “yad təsirlərə” düşə biləcəyindən ehtiyatlandığından, onun yaşadığı Yuxarı Dağlıq küçəsindəki birinci dalanda yerləşən 2 saylı həyətə nəzarət etmək məqsədilə həmin dalanda xüsusi agent yerləşdirmişdi. Köhnə müsavatçı Abdulla Şaiq Talıbzadənin həmin dalandakı üzbəüz həyətdə yaşaması təhlükəsizlik orqanlarını daha “sayıq” olmağa sövq edirdi. Ona görə də xüsusi agent vasitəsi ilə nəinki Qoşqar Əhmədlinin əlaqələrinə, eləcə də onun hələ tələbə olan Hürü, Şamil və Cəmil adlı kiçik bacı və qardaşlarının əlaqələrində də nəzarət olunurdu. DTK agenturasının məlumatına görə 50-ci illərin sonlarında Xəzər Dəniz Gəmiçiliyi sistemində millətçi hərəkətlərin baş qaldırdığı qeydə alınmışdı.
Bu hərəkətlərdə şübhəli bilinən gəmi motoristləri İbadov və İslamovun poçt göndərişləri DTK orqanları tərəfindən nəzarətə götürüldükdə, bu göndərişlərin içərisində millətçi məzmuna malik vərəqələr və məktublar ələ keçirilmişdi. Məktub və vərəqələr araşdırılan zaman müəyyən edilmişdi ki, milliyyətcə azərbaycanlı olan bir sıra gənclər “Xalq azadlığı” adlı təşkilat yaradıb “rusların ağalığından” azad olmağa, “yeni müstəqil Azərbaycan respublikası” yarat-mağa və onu Sovet İttifaqından ayırmağa çalışırlar. Təhlükəsizlik orqanlarının müşahidələri göstərmişdi ki, “Yeni Azərbaycan respublikası” ideyası ətrafında toplanan gənclər antisovet-millətçi əhvali-ruhiyyəli söhbətlər aparır, Azərbaycanın düşdüyü vəziyyətdən narazılıq edir, onu Rusiyanın müstəmləkəsi adlandırır, respublikanın yerli əhalisi olan azərbaycanlıların hüquq və azadlıqlarının olmadıqlarını bildirirdilər.
Digər bəhanələrlə yataqxanada aparılan axtarış zamanı İbadovun otağından
təşkilatının məqsəd və vəzifələrini özündə əks etdirən xalqa müraciətlər, əhalini rus və sovet müstəmləkəçiliyinə qarşı mübarizəyə çağıran vərəqələr, yeni formalaşan qrupun iclaslarının protokolları və sair sənədlər ələ keçirilmişdi. Ələ keçirilən sənədlər və saxlanılan şəxslərlə aparılan istintaq işləri nəticəsində Yaşar Məmmədov adlı şəxs başda olmaqla millətçi mövqedə olan digər bir qrupun da izinə düşülmüşdü. Bu qrupların fəaliyyəti ilə bağlı çoxlu adamlar istintaqa cəlb edilsə də, son nəticədə qrupun fəal üzvlərindən üç nəfər həbsə alınmışdı. 1959-cu ildə millətçiliyə qarşı “Pozulmuş nəsil” şərti adı altında həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində bir qrup millətçi əhvalda olan gənclər nəzarətə götürülmüşdü. Bu iş üzrə materialların təhlilindən belə nəticəyə gəlinmişdi ki, həyat təcrübəsi olmayan 26 yaşlı bir gəncin rəhbərlik etdiyi bir təşkilat ideoloji baxımdan millətçiliyin yeganə təşəbbüsçüsü ola bilməz.
DTK əməliyyatçilarının fikrincə, bu gənclərin oxuduqları sovet məktəbləri, sıralarında olduqları komsomol təşkilatları onlara millətçilik öyrətmədiyi halda, onların dünyagörüşünə belə millətçi “sayıqlamalar” haradan daxil ola bilərdi. Onlar belə qənaətə gəlirdilər ki, bu hələ axıra qədər ifşa olunmamış millətçi ünsürlərin qalıqlarının gənclərin səbatsız, siyasi cəhətdən yetkin olmayan hissəsinə ideya təsirinin bilavasitə nəticəsidir. Məsələn, vəzifədən azad edildikdən sonra Mirzə İbrahimov tribunaya çıxırkən ardıcıl olaraq 15 dəqiqə alqışlanması siyasi şübhələr doğurmuşdu. DTK belə hesab edirdi ki, bu alqışlar gənclərin tərbiyəsini səhv yola istiqamətləndirir, onun xalq qəhrəmanı, əzabkeşdir obrazını yaradırdı.
Onların fikrincə, millətçi ünsürlər indi açıq çıxış edə bilmədiklərindən müxtəlif vətənpərvərlik şüarları altında gizlənir, yeni şəraitə uyğunlaşmaq üçün öz iş metodlarını təkmilləşdirir və daha çevik taktikalara əl atırdılar. Bunu onlar daha çox son illərdə respublikaların hüquqlarının genişlənməsi, bir sıra müəssisələrdə digər millətlərin nümayəndələrinin sıxışdırılması, milli kadrlara üstünlük verilməsi kimi əhvali-ruhiyyənin meydana çıxması, respublikanın elmi müəssisələrində yalnız milli problemlərin işlənilməsini tələb edən səslərin eşidilməsi ilə izah edir və belə nəticəyə gəlirdilər ki, millətçi ünsürlərin düşünülmüş şəkildə partiya və hökumətin siyasəti arxasında gizlənmələri millətçi düşüncənin meydana çıxmasına rəvac verir.
Ona görə də dövlət təhlükəsizliyi orqanlarının əməliyyatçıları təklif edirdilər ki, millətçi ünsürlər öz taktikalarını dəyişdiklərindən, DTK orqanlarının onlara qarşı mübarizə taktikası da dəyişməlidir. DTK-nın sədri Kopılov belə hesab edirdi ki, gənclərin bütün bu antisovet əməllərin arxasında bir sıra ziyalılar dayanırlar və o, ziyalılar arasında agentura şəbəkəsinin genişləndirilməsini vacib hesab edirdi.
Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin facebook səhifəsindən götürülüb.