aslanismayilov-enyeni

Biz özümüz necəyik?

aslanismayilov-enyeniCavid Qurbanov adlı Facebook istifadəçisinin 20 yanvar şəhidlərinə aid paylaşdığı abidənin vəziyyətini (şərhdə) görüb çoxdan yazmaq istədiyim yazını Sizə təqdim edirəm. Bilirəm ki, hakimiyyətimiz yararsızdır və bu barədə minlərlə yazı yazmışam. Bəs Biz özümüz necəyik? Bax bu, çox maraqlıdır. Axı bu hakimiyyət nümayəndələrinin də əksəriyyəti bizim içimizdən çıxıblar. Deməli, birinci növbədə günahı özümüzdə axtarmalıyıq. Ölkəmizə milyardlar gəldi və hakimiyyət rəsmiləri tərəfindən talandı. Biz də seyrçi olmadıq, hər birimiz bundan az da olsa faydalandıq və ona görə susduq. Prezidentdən tutmuş balaca məmura da tərif ona görə demədik ki, onların yaxşı, əvəzsiz olduqlarına inandıq. Yox, sadəcə, bildik ki, bundan da yararlanmaq olar. Etdikləri məddahlığa görə kiminə torpaq sahəsi, kiminə iş, kiminə pul, yəni, üzr istəyirəm ”stol qırıntılarından” atdılar. Buna görə bir-birimizin üzünə durub yalançı şahidlik də etdik. 1999-cu ildə şəxsən mənim üzümə duran, məni bu ölkədə “ən uğursuz, dələduz vəkil” adlandıran 5 vəkil hakim, məhkəmə sədri oldular. 2013-cü ildə haqqımda “donos” yazan hakim vəzifədə yüksəlib Bakı Apellyasiya məhkəməsinin hakimi oldu, yalan yolla, sadəliyimdən istifadə edib məni “Bandotdela” çağırıb, təhqir, ölümlə təhdid edən “daunov” kimisi müstəntiqlikdən rəisliyə qədər yüksəldi. Yəqin ki, Sizlər də yüzlərlə, minlərlə belələrini tanıyırsınız. Bəs “paket” alıb sahibkarları məhv edən gömrük, vergi, digər dövlət qulluqçuları bilmirdilər ki, bu paketlər, onlara nəinki qanunsuzluqları, talanı görüb susmağa görə, hətta bilavasitə həyata keçirmək üçün verilir. Biz hər fürsət düşəndə yararlanmağı bacarırıq və bunu məmnuniyyətlə edirik. Etdikcə də ətrafımızda baş verən, ancaq bizim maraqlarımıza toxunmayan qanunsuzluqlara (uzaqgörən olmadığımıza görə səhvən belə zənn edirik) susuruq. Bu gün bu hakimiyyətdən ən çox narazılıq edən də həmin o “paket” alanlar, yəni “rəsmi oğrular”dır. Eləcə də əvvəllər yüksək vəzifə tutub, yaxud gəlir mənbəyi əldə edib canla, başla qanunsuzluq edənlər məhbəsə düşən kimi haqdan, ədalətdən danışırlar. Uzağa getmək lazım deyil, bu gün məhbəsdə olan AMAY Abdulla haqq tələb edənlərə öz qoçu dəstələri ilə qan uddurduğu da hamının yadındadır. Bu gün haqdan ən ucadan bağıran da elə həmin adamdı. Hələ heç bir savadı, qabiliyyəti olmadan yüz milyonlar sahibi olan, bir gün yem kasasından uzaqlaşdırıldıqdan sonra xaricdə yağ-bal içində dolana-dolana ölkəmizdəki haqsızlıqdan dəm vuranları demirəm.

Bir daha talanan milyardlar barədə. Yenə təkrar edirəm, hamımız bundan yaralandıq, kimi çox, kimi az. Günəmuzd işləyən fəhlələr belə yararlandı. İşlərini çay içə-içə, fasilələrlə, keyfiyyətsiz gördülər. Sonra məmnuniyyətlə tikdiklərini sökdülər və susdular, çünki buna görə haqq etmədikləri əmək haqlarını aldılar. Tez-tez deyirik ki, avropa fəhlələri bizdən çox maaş alır, ancaq heç demədik ki, axı onlar gün ərzində bizdən qat-qat artıq iş görürlər, hələ keyfiyyət məsələsini demirəm. Rəsmi araşdırmalar da göstərir ki, alman fəhləsi bizim fəhlədən az qala 5 dəfə produktivdir (məhsuldar). Özüm son 10 ildir Bibiheybət qəsəbəsində ev tikdirdiyim vaxt bir nəfər belə işini vicdanla, keyfiyyətli görən fəhlə ilə rastlaşmadım. Bir gün həyətdə olan bir qaya parçasını “otboynıy molotok”la qazmaq üçün iki fəhlə dəvət etdim. Həmin işə beş yüz manat pul istədilər (devalvasiyadan öncə). Razılaşdım. Hər dəfə gəlib baxanda onların çay içdiklərini, iki nəfər cavan, iricüssəli adamın iki gün ərzində çox az iş gördüklərindən iradımı bildirdikdə çox dərin mənalı şəkildə bildirdilər ki, “Aslan müəllim, siz bu işin çətinliyini bilməzsiniz, bu qaya dəmir kimidir”. Qayanın lay-lay çıxdığını gördüyümdən heç də onların dediyi kimi olmadığını başa düşüb soruşdum ki, çəkici bir günlük mənə verə bilərsinizmi? Dedilər ki, çəkici icarəyə götürmüşük, gündəlik pulunu veririk. Çəkici götürüb təxminən 30 dəqiqə ərzində onların iki günə gördükləri işin yarısını qazıb, özlərini də beh kimi verdiyim yüz manatla bir yerdə qovub həmin işi 150 manata aldığım çəkiclə bir günə gördüm. Özüm əvvəllər tornaçı, tələbə vaxtı 4 il dalbadal tikinti dəstələrində işlədiyimdən bu cür hadisələr elə həmin evin tikintisində onlarca dəfə oldu. Niyə bu gün Bakıda işsizlik tüğyan etdiyi bir vaxtda ev təmir edənlər ustaları belə Türkiyədən, Baltikyanı ölkələrdən gətirirlər? Nə üçün maşın təmir etdirmək istəyən rus usta axtarır? Nə üçün bu gün də çoxları bir vaxtlar Bakıda əla rəng vuran, kafel düzən, paltar tikən erməni ustalarını yada salırlar? Tək ustalarımı? Bu günə qədər də “bir vaxtlar yaxşı rus, yəhudi, erməni usta, həkim, vəkillər var idi” deyənlər belə var…

Bizim yalan danışmaq, yalandan Allaha and içməkdə də hakimiyyətimiz kimi analoqumuz yoxdur. Bir vaxtlar dindar qisim məndən narazı olmuşdu. Çünki, demişdim ki, Yer kürəsində bizim qədər Allahın adını tez-tez yada salan ikinci bir millət yoxdur. Ancaq bizim qədər də Allahın buyurduğu qaydaları pozan da yoxdur. Biz bazarda Polşa kartofunu Allaha and içib Gədəbəy kartofu kimi satan millətik. Biz bəlkə müsəlmanlar arasında yeganə millətik ki, vizit kartlarında belə üçqat, beşqat, hətta Hacı Salamzadə kimi 20 qat hacı olduğunu yazan nümayəndələrimiz var. Allah günahımdan keçsin, bizlərdən Allaha da rüşvət vermək niyyətində olanlar tapılır. Belə olmasaydı, bizim Məkkəyə gedib qurban kəsib, Bakıya gələn kimi baş kəsən hakimlərimiz, prokurorlarımız olmazdı. Belə halların sayını istədiyiniz qədər uzada bilərsiniz. Siz məndən də yaxşı hər şeyi bilirsiniz. Bundan sonra da soruşuruq ki, niyə biz Allahın qəzəbinə gəlmişik? “Nə üçün” sualları çoxdur. Nə Sizi, nə də özümü yorum. Bax, bu suallara cavab tapanda bizdə də hər şey yaxşı olacaq.

Sonda qayıdıram Cavid Qurbanovun paylaşdığı 20 yanvar şəhidlərinin abidəsinə, daha doğrusu onun zibilxanaya çevrilməsinə. Axı bunu BİZ edirik. Axı özümüzün evimizin içi gül, çiçək, kəndarı zibilxanadır. Bizim həyətimizdə susuzluqdan quruyan ağaca bir vedrə su tökmürük.

Yeri gəlmişkən, yadıma düşdü, bir nəfər işini vicdanla görən, tanıdığım evimdə işləyən Babay adlı daş ustası var. Hələ işini bitirməmiş qonşuluqda artıq növbə gözləyənlər var. Daş yona-yona, vicdanlı olduğuna görə nəinki özünü, kənddə yaşayan doğmalarını da təmin edir.