Xarici borc yükünü artıran hökumət, daxili resursları necə sıradan çıxarır?
Bəzi mövzular var ki, dəfələrlə yazmaq, işıqlandırmaq zərurəti yaranır. Hər dəfə ortaya çıxan faktlar göstərir ki, hakimiyyətin yarıtmaz və yaramaz siyasəti ölkəni acınacaqlı vəziyyətə salıb. Belə ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2015-ci ildə azərbaycanlılar bu ölkənin iqtisadiyyatına 540 milyon dollar investisiya yatırıb. Məlumata görə bu, qonşu ölkənin iqtisadiyyatına yatırılan birbaşa investisiyaların az qala yarısını – 40 faizindən çoxunu təşkil edir. Bildirilir ki, azərbaycanlılar pulları Gürcüstanda maliyyə sektoruna, energetikaya, otel biznesinə və nəqliyyat layihələrinə yatırıblar. Habelə investisiyaların bir hissəsi tikinti sektoruna gedib.
Bəli, bir tərəfdən hökumətimiz xarici borc yükünü çoxaldır, digər tərəfdən ölkədən külli miqdarda maliyyə axını baş verir. Bir halda ki, ölkədə bu qədər maliyyə resursları var, niyə dünyadan borc dilənirik? Bu qədər potensial olduğu halda gələcək nəsillərin çiyninə niyə bu qədər borc yükləyirik?
Həmişə yazmışıq və yenə də yazırıq ki, yüz milyardlarla neft pulları oğurlanmasaydı, korrupsiya dövlət siyasətinə çevrilməsəydi, ölkənin xarici borcu da olmazdı. Yəni, vəziyyətin bu həddə çatması hakimiyyətin bazar təfəkkürlü idarəetməsindən qaynaqlanır.
Amma ən son statistik rəqəmlər də göstərir ki, iş adamları ölkədən qaçır və qonşu Gürcüstan biznes üçün daha cazibədar olur. Hansıki, 540 milyon dollar investisiya ölkəyə yatırılsaydı həm iş yerləri açılardı, həm dövlət büdcəsi mənfəət əldə edərdi, həm də bines mühiti normallaşardı.
Amma ölkədəki vəziyyət, uzun illər davam edən “ənənə”lər iş adamalarını ölkədən qaçmağa məcbur edir. Iş adamları da ölkədəki vəziyyəti müşahidə edir və görürlər ki, hakimiyyət böhranlı vəziyyətdə də imitasiyadan əl çəkmir. Yəni, korrupsiya, monopoliya, qeyri-rəsmi ödəniş tələbi hələ də qüvvədədir. Üstəlik, hansısa sahəyə milyonlarla vəsait yatıran iş adamının sığortası yoxdur. Istənilən vaxt biznesi əlindən alına bilər, hansısa vəzifəlinin tamahına tuş gələ bilər. Ölkədə müstəqil məhkəmənin olmaması vəziyyəti daha da qəlizləşdirir. Yəni, iş adamı başa düşür ki, qanuni yolla da ədaləti təmin etmək mümkün olmayacaq. Nəticədə, maliyyə resursları olan adamlar ölkədən çıxmağı məqsədəuyğun sayır. Son iki ildə azərbaycanlılar Türkiyədə 507 şirkət açıblar, indi də məlum olur ki, son bir ildə azərbaycanlılar Gürcüstana 540 milyon investisiya yatırıb. Bu rəqəmlər bir daha göstərir ki, ölkədə böyük potensial var. Üstəlik, ölkə xaricində fəaliyyət göstərən yüzlərlə imkanlı soydaşlarımız var ki, məmnuniyyətlə ölkəyə sərmayə yatırarlar.
Amma yuxarıda göstərdiyimiz səbəblərdən dolayı, on milyardlarla vəsait ölkədən kənarda qalır. Ona görə də hökumət dünyadan borc dilənmək əvəzinə, ölkədən maliyyə axınının qarşısını almaq barədə düşünməlidir. Görüntü xatirinə yox, həqiqi nəticə almaq üçün işlər görülməlidir. Gürcüstanda turizm sektoruna sərmayə yatıran soydaşımız, bunu öz ölkəsində etməlidir və hökumət belə adamlara ciddi güzəştlər etməlidir.
Acı reallıq budur ki, antimilli siyasət ölkəni ən kasıb, heç bir sərvəti olmayan ölkələrdən də geridə qoyub. Başqa hökumətlər yoxdan var etdiyi halda, bizim hökumətimiz var olanı yox edib.
Mümkün olan hər vasitəyə əl atılıb ki, ölkə gücdən düşsün, iqtisasdiyyat zəifləsin. Nə özləri bu ölkəyə sərmayə yatırdılar, nə də başqalarına bu imkanı yaratdılar. Nəticə isə göz qabağındadır, varlı ölkənin iş adamları kasıb ölkələrə pənah aparır.
İlham