Ən ağır cinayət

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Fikir vermişəm, azərbaycanlılar yaltaqdan daha çox yaltaqlıq faktından iyrənirlər. Orta statistik azərbaycanlının münasibətindən belə başa düşmək olar ki, filankəs ona görə yaltaqdır ? onun evdə balaları var, ailəsinə bir qarın çörək qazanır və s. Bu “arqumentlər” Azərbaycanda böyük çoxluğun tərifbazlığına da haqq qazandırır, məddahlığına da. Onların göz görə-görə  danışdıqları yalana da bəraət verir, həqiqətə qarşı üyüdülən iftiralara, böhtanlara da.

Yaltaqlığa nifrin püskürən o qədər adam var ki, baxırsan, həyatda hansısa yaltaqla çox rahatca dostluq edir. Axı necə olur bu?

Baxırsan, siyasi liderdir, ölkəyə yeni ictimai, siyasi, iqtisadi gələcək vəd edir, sağ olsun. Amma o biri tərəfdən də həyatı boyu saray ədəbiyyatı yaratmaqla məşğul olmuş, Şərə züy tutmuş, yalanın yanında yer almış adamla dostluq edir, hər fürsətdə ona qahmar çıxır. Belə də rüsvayçılıq olar?!

***

Bir neçə dəfə yazmışıq, bir daha yazmaqda fayda var: yaltaqlıq kimin etməsindən asılı olmayaraq, ürəkbulandırıcı hadisədir. Yaltaqlığın istənilən forması zərərlidir, zəhərlidir, toplumu çağın gerisinə atır. Yaltaqlıq qədər bir xalqı kor, zəlil edə biləcək, onu köləliyə, mütiliyə yuvarladacaq heç nə yoxdur.

Yaltaqlıq ölkə başçısına yönələndə də, hansısa başqa bir vəzifə sahibinə ünvanlananda da, hətta hansısa arayış almaq üçün ÎJEK müdirinə söylənəndə də qəbuledilməzdir.

Yaxşı, bir halda ki, bu ölkədə bir tərifnaməyə bu qədər qəzəblənən, əsəbiləşən, kinayə edən bu qədər adam var, niyə biz bu gündəyik? Niyə hələ də düşdüyümüz mənəvi bataqlıqdan, siyasi girdabdan xilas ola, qurtula bilmirik? Niyə hələ də hansısa xalqsız xalq şairi, xalqsız xalq yazıçısı barədə güldən ağır bir söz yazanda dörd tərəfdən əli baltalı, dəhrəli, yabalı adamlar az qalır səni yeddi yerə şaqqalayıb, hər tikəni qulağın boyda eləsinlər?

Niyə kimsə yaltaqlanıb “Şöhrət” alanda onu təbrik etmək üçün növbəyə düzülürlər, amma başqa birinin yaltaqlığını görəndə, töhmət alanda, hamı düşür üstünə, tənənin, qınağın, məzənin, mırtın biri-bir qəpik olur?

Qoy hər kəs bu suallara öz vicdanı ilə cavab versin.

***

Amma şübhəsiz, bütün zamanlar üçün aktual bir sualın da  cavabına hər kəs qəlbinin dərinliyində mütləq və mütləq cavab axtarmağa məhkumdur: yaltaq, yoxsa yaltaqlıq pisdir?!

Əlbəttə, hər ikisi! Artıq bunu Azərbaycanda hər kəsin başa düşmək zamanı gəlib çatıb: yaltaq və yaltaqlıq  bir-birindən fərqli hadisə deyil. Səbəb nəticəni yaratdığı kimi, yaltaq da yaltaqlığı doğurur.

Yaltaq və yaltaqlıq bir medalyonun iki üzüdür.

Yaltaq və yaltaqlıq bir-birinin ayrılmaz tərkib hissəsidir.

Hansısa yaltaqla dost olub, amma yaltaqlığı pisləmək riyakarlığın son həddidir.

Bunu da kimsə unutmamalıdır: siz hansısa yaltağa, üstəlik, nəyə görəsə yaxınlıq nümayiş etdirirsinizsə, əsla və əsla şərhə ehtiyac qalmır: elə siz də yaltaqlanıbmışsınız ki varsınız!

Yaltaqla dostsunuzsa, deməli, onun yaltaqlıq etdyii şər obyekti ilə dost olacağınız gün də uzaqda deyildir.

Ümumiyyətlə isə, yaltaqlıq cinayətlərin ən ağırıdır. Yaltaqlıq qatillikdən də betər suçdur. Ən azı ona görə ki, qatil fiziki baxımdan kiminsə canını alır, kiminsə bioloci varlığına son qoyur. Yaltaq isə yalnız fiziki, bioloci deyil, həm də mənəvi mənada ömürləri bitirir, həyatları yarı yolda qoyur.

Kim nə deyirsə desin, bugünkü Azərbaycanda yaşamağın formulu çox sadədir: yaltaq deyilsinizsə, deməli, xoşbəxtsiniz.

Yaltağın dostu deyilsinizsə, o cümlədən!