Paris hadisələrinin şahidi olmuş bir çoxları deyirlər ki, ilk atəşləri eşidəndə, bunun petard və ya atəşfəşanlıq olduğunu zənn ediblər. “Döyüş şəraitindən sağ çıxmaq üzrə ekspert” və psixoloq John Leech deyir ki, belə yanılma tamamilə təbii bir haldır.
Atəş səsləri eşitməyə adət etməmiş insanlar bu səsləri onlara tanış başqa gurultulu səslərlə səhv salırlar. “Çünki biz bu səslərə artıq şüurumuzda formalaşamış səs obrazı kimi reaksiya veririk. Biz bilavasitə əhatəsində olduğumuz mühitə reaksiya vermirik. Elə bu da bizi müdafiəsiz qoya bilər”.

Nəyin baş verdiyini anlamaq üçün sərf etdiyimiz vaxt taleyüklü ola bilər. Lakin əgər kimsə özünü əvvəlcədən fövqəladə vəziyyətlərə hazırlayıbsa, düşünmə üçün sərf edilən vaxt daha qısa ola bilər.
Ən pis varianta hazırlıq
“Belə vəziyyətlərdə ilk növbədə özünə sual verməlisən: Əgər iş ən pis həddinə çatsa nə etməliyəm?” – deyir Leech. Restoranda və ya kinoteatrda olarkən çoxları qəza çıxışlarının harada olduğuna fikir belə vermirlər. Lakin əgər adamlar belə şeylərə daim fikir versəydilər, fövqəladə hallarda yol verilən qurban sayı daha az ola bilərdi. Parisdə Bataclan konsert zalına hücum zamanı gözətçi adamları səhnənin sol tərəfində olan belə bir ehtiyat qapısından çıxarıb.

İnsanları əksəriyyəti silahlı hücum zamanı iflic vəziyyətinə düşür və heç bir hərəkət edə bilmir.
Reaksiyanın çevikliyi
Leech dünyanın müxtəlif ölkələrində baş vermiş buna bənzər insidentləri araşdırıb və belə bir nəticəyə gəlib ki, adamların yalnız 15 faizi hadisələrə sağ çıxmaq imkanı verəcək şəkildə reaksiya göstərir. Adamların 75 faizi sarsılır və nə edəcəyini bilmir. 10 faiz isə əksinə, özlərinin sağ qalmaq şanslarını azaldacaq və başqalarının vəziyyətini mürəkkəbləşdirəcək şəkildə hərəkət edir, deyir psixoloq.
Hərəkətə hazırlıq böhranlı vəziyyətlərdən xilas olmaq imkanı verir. Lakin insanın təbiətində öz hərəkətlərini ətrafdakıların hərəkətlərinə uyğun şəkildə qurmaq xüsusiyyəti vardır. Bunun isbatı üçün keçirilən klassik eksperiment zamanı adamların olduğu otağa tüstü verilib. Otaqdakı adam tək olduğu hallarda, qrupla birlikdə olduğundan daha çevik tərpənə bilib.
Basqınçıların gözündən uzaq olmaq
Hərbi təlimatçı və fərdi təhlükəsizlik üzrə ekspert İan Reed-in fikrincə, belə hallarda ilk növbədə gizlənməli bir yer tapıb basqınçıların nəzərlərindən uzaq olmaq barədə düşünmək lazımdır.
Bunun üçün sadəcə yerə yatmaq kifayətdir, lakin ideal halda, ümumiyyətlə gizlənmək daha yaxşı olardı.
Belə hallarda ən etibarlısı qalın beton divarlardır. “Holliwood filmlərində çox vaxt qəhrəmanların güllələrdən maşınların arxasında qorunduğunu göstərirlər. Lakin bu, nadir hallarda kömək edə bilər. Nazik dəmir güllələrdən qorumur. Amma lap heç nədənsə yenə də maşın yaxşıdır” – deyir mütəxəssis.
Adamlarla dolu qapalı otaqda bircə güllə bir neçə adamı yaralaya bilər. Atəşdən gizlənmək sizin hədəf olmaq ehtimalınızı azaltmaqla yanaşı, təsadüfi gülləyə tuş olmaqdan da qoruyur.
Paris hücumları zamanı bir çoxları elə belə də ediblər. Onlar arxasında gizlənmək üçün stolları aşırırdılar. Bəziləri isə dinamiklərin arxasında gizlənirdilər. Lakin burada gizlənmək üçün yer çox deyildi və ona görə də qurbanların sayı çox oldu.
İrlandiyadan olan ər və arvad özlərini ölülülyə vurmaqla sağ qala biliblər. Sağ qalanlardan bir başqası – Theresa Sidd müxbirə belə deyib: “Yanımızda yıxılıb qalan kişi yaralanmışdı və inildəyirdi. Biz ondan səsini çıxarmamasını xahiş edirdik. “Sakit, sakit ol” deyirdik. Ona deyirdik ki, tərpənməsin, çünki tərpənənlərə atəş açırdılar”.
“Adətən terrorçular hər hansı hərəkət edən obyektuin qarasına atəş açırlar, – deyir Reed, – xüsusən də hadisələr qaranlıqda baş verirsə…”
Qaçmaqdan utanmayın
Konsert zalında hücum baş verərkən bəziləri çıxış qapılarına qaçmağa çalışıblar. Onlar bunu hucumçular avtomatlarını yenidən dolduranda etmək istəyiblər. Bu, riskli addımdır, lakin bəzi hallarda sağ qalmağın yeganə yoludur. Bəziləri isə qonşu otaqlarda, ayaqyolunda gizləniblər. Bu da kömək edib.

Yanvar ayında qaradərili mağaza satıcısı Lassana Batili yəhudi alıcıları mağazanın zirzəmisində gizlətməklə xilas edib. O soyuducunu və işıqları söndürüb və sonra alıcıların köməyinə yollanıb. Onun gizlədə bildiyi insanların hamısı sağ qalıblar.
Özünümüdafiə çətin seçimdir
Bəzi hallarda hücum qurbanları basqınçıların üstünə atılırlar. Ötən ay Fransa qatarında bir hücumun qarşısı məhz belə alınıb. Dörd silahsız sərnişin eyni vaxtda əlində avtomat olan basqınçının üstünə atılıb. Xöşbəxtlikdən hücuma məruz qalanlardan ikisi hərbçi idilər və xüsusi təlim almışdılar. Onlar bu hərəkətə yalnız basqınçının silahı təpəndən sonra qərar veriblər.

Reed deyir ki, xüsusi hazırlıq görməmısinizsə, terrorçunu fiziki baxımdan zərərsizləşdirməyə cəhd etməyin. “Belədə siz öz həyatınızı ciddi təhlükəyə atırsınız” – deyir o. Yadda saxlayın ki, əksər terrorçular qrupla fəaliyyət göstərirlər.
Onların bəziləri özləri ilə partladıcı kəmər və ya zirehli jilet gəzdirirlər. Livanlı Adel Termos ötən həftə Beyrutda bomba intiharçısının üstünə arxadan atılmaqla onlarca insanın həyatını xilas edib. Lakin intiharçı partladıcını işə sala bilib və onların ikisi də həlak olublar.
Buna baxmayaraq, bəziləri düşünürlər ki, özünümüdafiəyə hazır olmaq lazımdır. Psixoloq və danışıqçı James Alvaresin fikrincə, İslam Dövləti adlarındırılan təşkilatın cihadçıları girov götürməkdə maraqlı deyillər.
“Orada kimsə yoxdur ki, onunla danışıq aparasan. Əgər güllələnəcəyimi bilirəmsə, həyatımı rahatca qurban verməməliyəm” – deyir ekspert.

Əgər qaçıb qurtara və ya gizlənə bilsəniz, sayıqlığınızı saxlamağınız çox mühümdür. “Çalışın ki, gözə görünmədən mümkün qədər hadisə yerindən uzaqlaşasınız və sizə ən yaxınlıqda olan hakimiyyət nümayəndəsinə müraciət edəsiniz” – deyir Reed.
“Unutmayın ki, təkrar partlayış və ya hücum ehtimalı həmişə qalır” – deyir ekspert.
Bir-birinizə kömək edin
Sizin hücuma məruz qalma ehtimalınız böyük deyil. Lakin sosial psixoloq və kütləvi davranış üzrə ekspert Chris Cocking-in fikrincə, bu baş verərsə, belə vəziyyətlərdə başqaları ilə birgə hərəkət xilasedici ola bilər.
Cocking 2005-ci ilin iyulunda Londonda baş vermiş bomba partlayışlarından sonra bu hadisələrdən təsirlənmiş onlarca insanla söhbət edib və bu nəticəyə gəlib ki, evakuasiyanın ən çevik və səmərəli üsulu insan qruplarının özünü təşkil edə bilməsidir.
Əgər olduğunuz qapalı məkanda çıxış bir qapıdandırsa, bu üsulla, məsələn basabasdan yayınmaq olar. Cocking-in dediyinə görə, bir çoxlarımız üçün ən ümidsiz vəziyyətlərdə də yaxınlığımızdakı şəxsin köməyinə çalışmaq təbii reaksiyadır.
“Adətən adamlar düşünürlər ki, belə hallarda hamı ilk növbədə özünü düşünür, lakin əslində bu, heç də belə deyil” – deyir Cocking.
(bbc azəri)