İqtisadi böhran daha dərin qatlara sirayət etməkdədir, dostlar! İstehsal, qeyri-istehsal sahələrinin maliyyə təminat sisteminin başı üzərini təhlükə alıb.
Bu ilin yanvar-fevral aylarında dövlət büdcəsindən ölkə iqtisadiyyatına kapital qoyuluşu 86% azalıb. Büdcədən bu iki ayda vur-tut 63 milyon manat sərmayə yatırımı həyata keçirmək mümkün olub.
Əhaliyə səhiyyə və sosial xidmət göstərən sahələrə cari ilin ilk iki ayında pul qoyuluşu 99% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici istirahət, əyləncə və incəsənət sahəsində 94%, təhsildə 90% enib. İnformasiya və rabitə sektorunda 79%, kənd təsərrüfatında 69%, qeyri-neft sənaye sahələrində 53%, tikintidə 44% azalma baş verib. Bütövlükdə qeyri-neft sektoru üzrə sərmayə yatırımı 45% düşüb. Ümumi kapital qoyuluşu 31% azalıb.
Ölkənin iqtisadi və sosial həyatına pul qoyuluşunun bu dərəcədə azalması sabah üçün heç bir nikbin perspektiv vəd etmir. Bu göstəriciləri yaranmış fəlakətli vəziyyətin anonsu kimi də qəbul etmək olar. Belə məlum olur ki, iqtisadi tənəzzül daha dərin qatlara nüfuz etməklə yanaşı, üfüqi istiqamətlərdə də sürətlə genişlənməkdədir. Bütün bunlara baxmayaraq, hələ də real iqtisadi islahatların izi-tozu görünmür.
Yazı iqtisadçı Nemət Əliyevin Facebook səhifəsindən götürülüb.