Dostlar! “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının birinci cildi ilə bağlı müzakirənin davamında Türkmənistandan A.Roslyakov, Dağıstandan Q.Osmanov, Qazaxıstandan S.Beysembayev, Tacikistandan M.Mirmullayev və digərləri çıxış edib əsasən Moskvanın mövqeyini müdafiə etdilər. Məsələn, M.Mirmullayev kitabın 29-cu səhifəsində Nəriman Nərimanovun adının on bir dəfə çəkilməsin misal gətirərək əsərdə şəxsiyyətə pərəstiş izləri axtarırdı.
Müşavirənin sonuncu günü, noyabr ayının 21-də Azərbaycan alimlərinin çıxışları böyük əks-səda doğurdu. Onlar üç gün ərzində kitab haqqında deyilən tənqidləri yüksək peşəkarlıqla cavablandırdılar. Əlihəsən Şahgəldiyev, Mehdixan Vəkilov, İsmayıl Hüseynov, Bəhmən Axundov, Həsən Dadaşov və Məmməd İsgəndərov yuxarıda qeyd edilən prinsipial məsələlər barədə Pyotr Valuyev və digərləri tərəfindən səsləndirilən tənqidi fikirlərin daşını daş üstə qoymadılar. Akademik İsmayıl Hüseynov dedi ki, Valuyevin çıxışında əsərin müəllif kollektivinə açıq-aydın düşmən münasibət hiss edilir, Valuyev guya başqalarının dili ilə Nərimanovu, Musabəyovu, Bünyadzadəni, Sultanovu, Əfəndiyevi və “Hümmət”in digər rəhbər işçilərini millətçi adlandırır. O, dedi: “Sizin diliniz necə gəlir ki, bizim partiyanın nəhəng xadimi, Leninin silahdaşı Nərimanovu millətçi adlandırasınız. Mən bilmirəm sənə nə adı verək.”
Bu sözlər o qədər güclü səsləndi ki, Nikolay Şataqin dərhal söz alıb Valuyevin müdafisənə qalxdı. O,dedi ki, mən Valuyevi dinlədim, xatırlamıram ki, o, Nəriman Nərimanovu millətçi adlandırdı. Şataqin bu sözləri deyəndə yerdən səslər gəldi ki, Valuyevin çıxışının mənası belə alınırdı. O, əlavə etdi ki, “bəyəm Nərimanov heç vaxt səhv etməyib? Axı günəşdə də ləkə var. Lenin də hərdən səhv edib və öz səhvini mərdliklə etiraf etməkdən çəkinməyib. Burda nə var ki? Nəriman Nərimanovun adına ləkə gətirən nə deyildi burada?” Dörd gün ərzində davam edən müzakirələrdə 31 nəfər alim çıxış etdi. Müşavirəyə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanov yekun vurdu. O, müşavirənin və orada müzakirə edilən kitabın əhəmiyyətini yüksək qiymətləndirdikdən sonra mübahisə doğurmuş məsələlərə öz münasibətini bildirdi.
MK-nın şöbə müdiri dedi: “Müşavirədə qızğın mübahisə doğuran məsələlərdən biri “Hümmət” bolşevik təşkilatı haqqındakı məsələ oldu. Bu onunla bağlıdır ki, “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabında ilk dəfə olaraq “Hümmət” haqqında tarixi həqiqətin, ədalətin bərpa olunmasına cəhd göstərilib, onun çoxtərəfli siyasi fəaliyyəti, inqilabi hərəkatdakı böyük rolu geniş tarixi planda verilib. “Hümmət” təşkilatı Azərbaycan xalqının taleyində tarixi rol oynayıb… Bizim partiyamızın al bayrağında hümmətçilərin də qanı vardır… “Hümmət”in tarixinə həsr edilmiş xüsusi monoqrafiya hazırlanması zəruridir.”
Şıxəli Qurbanov müşavirədə Mirmullayevin və digərlərinin Nəriman Nərimanov haqqında dediyi fikirlərə toxunaraq bildirdi: “Siz əlbəttə, bizi günahlandıra bilərsiniz, lakin bizi onun üstündə günahlandırmaq lazım deyil ki, biz Nərimanovu qabarıq göstərmişik, bizi onda günahlandırmaq lazımdır ki, biz indiyə qədər Nərimanov haqqında monumental əsərlər yarada bilməmişik ki, Azərbaycan xalqı üçün çoxlu işlər görən, ittifaq miqyaslı böyük dövlət xadimi olan bu dahi insanı hər yerdə, hər yanda tanısınlar. Bunda biz günahkarıq və öz günahımızı etiraf edirik”. Dörd gün ərzində müşavirənin gedişini izləyən Şıxəli Qurbanov yaxşı görürdü ki, kitab əleyhinə kampaniyanın əsas təşkilatçısı Moskvanın nümayəndəsi Nikolay Şataqindir.
Bununla bağlı o, dedi: “Yoldaş Şataqin deyir ki, “Hümmət”ə heç kim hücum etmədi, kaş bu belə olaydı. Lakin Şataqin “Hümmət”in fəaliyyətinin və rolunun düzgün işıqlandırılması ilə bağlı dörd məsələ qoydu və qeyd etdi ki, bu məsələlərdən heç birinə müəlliflər doğru və aydın cavab verə bilməyiblər. Onda bəs nə qalır? Əlbəttə, bununla razılaşmaq olmaz. Öz çıxışının sonunda Şataqin qeyd etdi ki, “Hümmət” Bakı komitəsinin şöbələrindən biri olub. Mən belə başa düşdüm ki, bir sıra yoldaşlar haqlı olaraq buna etiraz etdilər.
“Hümmət” şöbə olmayıb. Şataqin dedi ki, belə bir ciddi əsərdə “Hümmət” haqqında belə çox danışmağa heç bir zərurət yox idi. Mən yoldaş Şataqinə demək istəyirəm ki, belə ciddi bir müşavirədə “Hümmət” haqqında bu cür qeyri-ciddi danışmağa ehtiyac yox idi.” Sonra Şıxəli Qurbanov kitabın əsas tənqidçisi rolunda çıxış etmiş Pyotr Valuyevin fikirlərinə münasibət bildirərək dedi: “Valuyevin sözündən belə çıxır ki, kitabın müəllifləri kəndli məsələsinə eserlərin mövqeyindən yanaşıblar. Mən heç vaxt ağlıma gətirə bilməzdim ki, Ali Partiya məktəbinin kafedra müdiri Valuyev bizim elmi işçilərin, respublika tarixçilərinin ünvanına belə ciddi ittiham irəli sürə bilər. Mən öz tərəfimdən Valuyevin belə hərəkətini pisləyirəm. Necə ola bilər ki, “Azərbaycan Kommunist Partiyasının tarixi” kimi ciddi bir əsərə belə qeyri-ciddi formada yanaşılsın… Burada alimlər öz çıxışlarında belə ağır ittihamları cavabsız qoymamaqda çox düzgün etdilər.” Şıxəli Qurbanovun yekun sözü Moskvadan gələnləri pərt etdi.
Marksizm-Leninizm İnstitutunun direktor müavini Nikolay Şataqin və institutun Sov.İKP tarixi bölməsinin müdiri Lukaşev İmam Mustafayev və Azərbaycan Nazirlər Sovetinin sədri Vəli Axundov qəbuluna gəlib Şıxəli Qurbanovun səhv hesab etdikləri yekun sözündən respublika rəhbərliyinə şikayət etdilər. Onlar tələb etdilər ki, MK-nın şöbə müdirinin “səhv çıxışına” respublika rəhbərliyi öz münasibətini bildirməlidir. Lakin iş bununla bitmədi. Moskvaya döndükdən sonra Şataqin, Lukaşev və Marksizm-Leninizm İnstitutunun baş elmi işçisi Çivadze Sov.İKP MK-ya müşavirə barəsində geniş arayış təqdim etdilər. Onlar millətçilik ruhunda yazılmış “Azərbaycan Kommunist
Partiyasının tarixi”nin nəşrini səhv hesab edir və Şıxəli Qurbanovun cəzalandırılmasını təklif edirək yazırdılar: “Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanovun çıxışı müşavirənin işinə böyük ziyan vurdu. Deyilən tənqidləri ümumiləşdirmək əvəzinə Qurbanov kitabı təriflədi, müəllif kollektivini öz müdafiəsi altına aldı, ayrı-ayrı çıxışlarda səsləndirilmiş tənqidi fikirləri qəti şəkildə rədd etdi.” Ümumiyyətlə, Moskva belə hesab edirdi ki, Azərbaycan alimlərinin tarix sahəsində yol verdikləri millətçilik meylləri respublika rəhbərliyindən gəlir. Onlar maraqlanırdılar ki, niyə kitab nəşr olunmazdan əvvəl Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutuna rəyə göndərilməyib? Eyni zamanda Azərbaycan KP-nin 1958-ci ildə keçirilən XXII qurultayına məruzəsində İmam Mustafayev kitaba yüksək qiymət verilmişdi. Ona görə də Sov.İKP MK-nın məsul işçilərinin fikrincə, məsələlərin belə qoyuluşu tarixçilərdən daha çox rəhbərliyin, ilk növbədə isə İmam Mustafayevin günahıdır.
Hətta, Sov.İKP MK Rəyasət Heyətinin üzvü Nurəddin Mühiddinov bu məsələni belə izah edirdi ki, İmam Mustafayev qeyd edilən məruzəsində Bakı komissarlarını sadalayan zaman guya təsadüfən Nəriman Nərimanov və ya Məşədi Əzizbəyovu birinci yerə çıxarmış, Stepan Şaumyanı isə ikinci plana keçirmişdi.Bundan sonra bütün idarə və müəssisələrdə 26 Bakı komissarlarının portretləri Şaumyanın portreti ilə deyil Əzizbəyovun portreti ilə açılırdı. Sov.İKP MK-nın şöbə müdiri Vasili Snastin daha açıq danışaraq bildirmişdi ki, İmam Mustafayevin məlum çıxışından sonra bir sıra Bakı komissarı təbliğati məqalələrdə arxa plana keçirildi, portretlərin yeri dəyişməyə başladı. Nəhayət, Moskvanın qəti göstərişi ilə “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının birinci cildi kitabxanalardan və kitab dükanlarından yığışdırıldı, onun ikinci cildi üzərində iş dayandırıldı.
Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin səhifəsindən götürülüb.