Görənlər, duyanlar, danışanlar…

saadet-cahangir-koseSəadət Cahangir

Dünyada məhbus qıtlığı üzündən qapanan həbsxanalar haqqında dəfələrlə yazmışam. Isveç bunun ən gözəl nümunələrindən biridir. Amma Hollandiyanın bu sarıdan unikal bir tərəfi var ki, bu dəfə istədim onu qeyd edim. Həbsxana hücrələrinin boş qalması üzündən xaricdən məhkum idxal edən ölkə təsəvvür edirsiniz? O ölkə Hollandiyadır. Öz təcridxanalarını doldurmaq üçün Norveçdən məhkum idxal edir. Hələ ölkənin Ədalət naziri parlamentdəki çıxışında dolmayan həbsxanaların məsrəfinin bu kiçik ölkə üçün çox yüksək olduğunu qeyd edib. 2013-cü ildə Hollandiyada həbsxanaları dolduracaq qədər məhkum olmadığı üçün 19 həbsxana, daha sonra 5 həbsxana bağlanıb. Bu həbsxanalarda insan sayının azalmasının əsas səbəblərindən biri elektron ayaq qanadlından istifadə olunaraq, məhkumların ev dustaqlığına buraxılmasıdır. Xülasə, insanların dəyər sayıldığı ölkələrdə hər şey insan həyatını yüngülləşdirmək və asanlaşdırmaq üçündür. O üzdən, bu ölkələrdə tərəqqi var, rifah var, çiçəklənmə var, insan inkişafı var…

Biz də illərdir sovetin çürümüş çarxına ilişib qalmış beyinlərə anlada bilmirik ki, siyasi məhbus problemi olan  ölkə inkişaf edə bilməz. Amma nə fayda… On illərdir biz eləcə deyinib durmağımızda, məhbus qovluqları da üst-üstə qalaqlanıb şişməyində davam edir. Belə önəmli bir məsələ öz həllini necə tapa bilər ki? Gərək bunu istəyən, çözülməsinə çalışan, birdəfəlik yoluna qoyulması üçün qətiyyət göstərən olsun axı. Yox, qardaşım, bu məsələ dönüb olub hökumətin siyasi gilyotini. Kim bunların qoyduğu qaba kriteriyaları pozub “cızığından çıxır”sa, şərləyib atırlar zindana. Həm də ən gülünc motivlərlə. Illərdir bu primitiv konveyer beləcə dövr edir və insanları bir-bir ağzına alıb aparıb içəri tullayır. Bu onun bəyanıdır ki, yeniləşmə, dəyişmə, modernləşmə üçün heç bir fikrə meydan tanınmayacaq. Qanun kağızlar üçündür, insanlar “hüquq, haqq, ədalət” deyə-deyə özlərini aldadır, sadəcə. “Qanun da, haqq da, ədalət də bizim istədiyimiz kimidir” hikkəsi var bütün səlahiyyət sahiblərinin səsində. Başqa qanuna yer yoxdur bu ölkədə. Olsaydı, bu acınacaqlı yerlərə gəlib çıxmazdıq da…

Indi o uzun və məşəqqətli çəkişmələrin nəticəsi olaraq 14 siyasi məhbusumuz azadlıq haqqına qovuşdu. Bunu ona gözə bağışlanma və ya əfv saymıram ki, həmin insanların əməllərində heç bir cinayət elementi olmayıb. Onlar hökuməti və ölkə başçısını tənqid etdiklərinə, ölkədəki qanunsuzluqları açıb tökdüklərinə, qanundan anlamayan adamlara qanun oxuduqlarına görə həbsxanalara düşüblər. Hələ bu, azad olunanların cəmi 10 faizidir, bilirsiniz. Dözülməz, məşəqqətli, ağır şəraitli təcridxanalarda 80-90 nəfər vicdan məhbusu yatır. O insanlar ki, azadlıqda olduqları halda bu cəmiyyətə necə böyük fayda verə bilərlər! O insanlar ki, onların zəkasından, intellektindən, ağlından bu ölkə yalnız qazanc götürə bilər. O insanlar ki, həbsdə qaldıqları hər gün bizlər üçün böyük itkidir. Amma kimə anladasan bunu, necə anladasan, niyə anladasan? Bu ölkənin inkişafını, cəmiyyətin demokratikləşməsini, qanunların işlək mexanizmə çevrilməsini, insanların maariflənməsini istəyənmi var? “Ən yaxşı göz görməyən göz, ən yaxşı qulaq eşitməyən qulaq, ən gözəl dil danışmayan dildir” məntiqi ilə idarə olunur bu ölkə. Elə ona görə də, görənlər, duyanlar, danışanlar üçün bir həbsxana cəzası var ölkədə. O cəzadan qurtulmaq imkansızmı? Deyil, şübhəsiz. Sadəcə, mənəvi korluğu, karlığı və lallığı olanların sayını maksimum azaltmaq lazımdır…