Şahvələd Çobanoğlu
Əyrilik, haqsızlıq, ayrı-seçkilik, ədalətsizlik bu hakimiyyətin qanına, canına elə hopub ki, ədalətsizlik kriteriyaları da eyni və bərabər deyil. Adamları haqsız həbs edib, onları buraxanda da, bu, özünü göstərir.
Gənc adamları illərdir həbsdə çürüdürlər. Götürək NİDA-çı fəalları. Baxın, onları necə azad etdilər. Hissə-hissə. Elə etdilər ki, azad olunanın da gözü arxada qaldı. Çünki bütün digər siyasi məhbuslar orada qalır, hətta onlarla eyni saxta işə görə, eyni məhkəmə şousunda, eyni sifarişi yerinə yetirən hakim tərəfindən həbsə atılan dostlardan kimsə azad edilmir. Azad olunanda da ilk kəlmələri həbsdə qalan dostlarla bağlı ağrılarını ifadə etmək olur. O qədər ədalətsiz bir hakimiyyətdir ki, eyni saxta işlə həbs olunan gənclərin çoxunu azad edibsə də, İlkin Rüstəmzadəni hələ də həbsdədir.
Görün nə qədər böyük vicdansızlıqdır! Torpaq uğrunda döyüşmüş Tofiq Yaqublunu həyatının ən ağır günündə həbsdən azad etmədilər. Ailəsinin və özünün sağalmaz yara aldığı o günlərdən sonra da onu buraxmadılar. İndi necə buraxıblar! Eyni saxta işlə həbs olunan İlqar Məmmədov həbsdədir, Tofiq bəysə azadlığa çıxandan bu yarımçıqlığın ağrılarından danışır, vicdanlı adam kimi onların həbsdə olmasının əziyyətini çəkməkdədir.
Anar Məmmədli görüşdüm. Bu dəyərli insanın ilk sözü nə olsa yaxşıdır? Deyir ki, digər siyasi məhbusları, həmçinin eyni cəzaçəkmə müəssisəsində siyasi məhbus olan dostları qoyub azadlığa çıxmaq ona xüsusən ağır gəldi. Hiss etdim ki, eyni ağrını daşıyır.
İntiqam Əliyevin sağlamlığı ilə bağlı ciddi problemlər olduğunu kim bilmir ki. Amma onu yenə də həbsdə saxladılar. Xədicə İsmayıl isə indi həbsdə olan vicdan məhbusları arasında yeganə qadındır. Həbsdə saxlamaqda davam edirlər.
Müsavatçı Fərəc və Sirac Kərimlinin təmsilində, bir qardaşı buraxdılar, digərini yox. Halbuki ikisi də eyni haqsızlıqla həbs edilib.
Siyasi məhbus AXCP üzvü Elvin Abdullayev 21 yaşındadır və sağlamlığında çox ciddi problemləri var – azad etmədilər. Ümumiyyətlə, heç bir AXCP üzvünü azad etmədilər, sayları çox olsa da, hətta bir neçə gün öncə qondarma ittihamla daha bir cəbhəçiyə hökm oxunmasına baxmayaraq.
Davam etsək, o qədər təzadlar və suallar çıxacaq ki. Ədalətsizliyin neçənci qatıdır bütün bunlar?
Bunları yada salmağın isə bir məqsədi var. Heç də haqsızlıq iqtidarından fərqli bir şey gözləmirdik. Amma bütün bunların bir cavabı var. Siyasi məhbus problemini əvvəlki tələblər səviyyəsində, ondan artıq səviyyədə gündəmdə saxlamaq. İlkin bəyanat və mövqelər də bu yöndədir. Sağ olsunlar, həbsdən çıxanlar birlikdə həbsdə olan siyasi məhbusların ailələrini ziyarət etməklə cəmiyyətə bu mesajı verdi: siyasi məhbus problemi həll edilməyib!