Dostlar! Sabah ölkəmizdə Novruz bayramı qeyd edilir. Bu bayramın Sovetlər dövründə gündəmə gəlməsi və qeyd edilməsi ilə bağlı son vaxtlar çoxlu müzakirələr gedir. Şübhəsiz ki, ötən əsrin 60-cı illərində bu bayramın təmtəraqlı şəkildə qeyd edilməsində Mərkəzi Komitə katibi Şıxəli Qurbanovun müstəsna xidmətləri vardır.
O, çox vətənpərvər və təşəbbüskar bir adam idi. Bu barədə ikinci bir fikir ola bilməz. Lakin Sovet sistemi elə qurulmuşdu ki, milli məsələyə aid hər hansı bir tədbir partiya Mərkəzi Komitəsinin Bürosunda müzakirə edilmədən, büronun qərarı olmadan heç bir vəzifəli şəxs bunu öz təşəbbüsü ilə edə bilməzdi. Novruz bayramı ilə bağlı məsələ də partiya Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov başda olmaqla MK Bürosunda müzakirə edilmiş və onun Bahar bayramı adı ilə keçirilməsi haqqında qərar qəbul edilmişdi.
Qərarın icrası ideoloji məsələlər üzrə katib Şıxəli Qurbanova tapşırılmışdı. Amma çoxlarına təəccüblü olsa da Novruz bayramının keçirilməsi ideyasını Azərbaycan komsomolunun birinci katibi Əbdürrəhman Vəzirov ilk dəfə Azərbaycan Kommunist Partiyasının 1958-ci ilin yanvar ayında keçirilən XXII qurultayındakı çıxışında səsləndirmişdi. O, demişdi ki, gənclər arasında işi canlandırmaq üçün bizim xalq bayramlarını geniş qeyd etmək, unudulmuş milli oyunları, məsələn “top aldı qaç”, ”ox atma”, “dirə döymə”, “at çapma” və sair dirçəltmək lazımdır.
Öz çıxışında Vəzirov dedi: “Niyə biz rus xalq bayramı olan maslenitsanı qeyd etməyə hazırlaşan moskvalılar kimi, özündə heç bir dini məzmunu daşımayan “Novruz bayramı”nı qeyd etməyək. Bizim xalqın həyatında “Novruz bayramı”nı baharın gəlişi kimi qeyd etmək ənənəsi vardır. Bizə yaxşı məlumdur ki, ruhanilər xalqın adət və ənənələrindən necə öz məqsədləri üçün istifadə edirlər. Bizim borcumuz buna sakitcə yanaşmaq deyil, bu gözəl adətlərdən və bayramlardan öz maraqlarımıza uyğun istifadə etməkdən ibarət olmalıdır. “Novruz bay¬ramı”nın gəlişini qeyd etməklə çoxları küçələrdə, evlərdə təmizlik işləri görür, evləri ağardır, ağac əkir, ən yaxşı paltarlarını geyinir, ləzzətli milli xörəklər bişirirlər.
Mənə belə gəlir ki, biz “Novruz bayramı”nı bahar bayramına, sevinc və gənclik bayramına çevirməliyik.” ( Bax: Azərbaycan Kommunist Partiyası XXII qurultayının stenoqrafik hesabatı. 28-30 yanvar 1958-ci il. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi fond 1, siyahı 45, iş 7, vərəq 86–87). Vəzirovun bu sözləri qurultay nümayəndələri tərəfindən alqışlarla qarşılandı. Lakin elə həmin 58-ci ilin yanvarında Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov milli məsələdə yol verdiyi “ciddi əyintilərə” görə vəzifəsindən azad edildi. Nikita Xruşşov Sovet Kommunist Partiyasının Rəyasət Heyətinin (o vaxt Siyasi Büro belə adlanırdı) iclasında açıq şəkildə dedi ki, biz yoldaş İbrahimovu millətçiliyə görə vəzifəsindən azad edirik.
Lakin onun işdən azad edilməsi haqqında bunu yaza bilmərik, çünki biz dünyaya elan etmişik ki, Sovet İttifaqı milli məsələni həll edib və bizdə millətçilik yoxdur. Ona görə də biz öz əleyhdarlarımızın əlinə dəlil verə bilmərik ki, SSRİ-də millətçilik var. Mirzə müəllimin, bir il sonra İmam Mustafayevin rəhbərlikdən uzaqlaşdırılmasından sonra Novruz bayramının keçirilməsi ilə bağlı məsələ də arxa plana keçirildi. Bir də bu məsələyə Xruşşovun rəhbərlikdən uzaqlaşdırılmasından sonra, 60-cı illərin ortalarında qayıdıldı.
Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.