“Siyasi məhbuslarla bağlı hökumətə qarşı tələb daha da artacaq”

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: «Bütün siyasi məhbuslar azadlığa buraxılmayana qədər, hakimiyyət siyasi məhbuslarla bağlı öhdəliklərini yerinə yetirdiyini düşünməməlidir»

Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı adı siyasi məhbus siyahısında olan bir neçə şəxsin azadlığa çıxması ilə nəticələndi. Amma imzalanan əfvi beynəlxalq təşkilatlar, demokratik dövlətlər birmənalı qiymətləndirmədi. Birləşmiş Ştatlar hökuməti Azərbaycanda həbsdə olan onlarla insan haqları fəalı, jurnalist və siyasi partiyalarınn üzvlərinin azadlığa buraxılmasını alqışlayıb, lakin eyni zamanda fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olan digər şəxslərin də azad edilməsinə çağırıb.

Bu barədə ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti Ilham Əliyevin əfv sərəncamı ilə bir sıra tanınmış insan haqları və siyasi fəalların azad edilməsi ilə bağlı verdiyi bəyanatında bildirib.

Bundan başqa, ABŞ Konqresində Azərbaycan qrupunun həmsədri konqresmen Steve Cohen Azərbaycanda 148 məhbusun həbsdən azad edilməsini salamlayan bəyanat verib.

Bəyanatda deyilir ki, konqresmen azad olunanların arasında iki insan haqları müdafiəçisinin – Rəsul Cəfərovun və Anar Məmmədlinin də olmasından məmnunluq duyur, çünki onlar barəsində prezident Ilham Əliyevə yazmışdı.

Cənab Cohen bildirir ki, bu, ABŞ-ın yaxın dostu və müttəfiqi olan ölkədən alınmış pozitiv xəbərdir. “Eyni zamanda prezidentin bu addımını salamlamaqla yanaşı, mən jurnalist Xədicə Ismayılın və insan haqları müdafiəçisi Intiqam Əliyevin də azad edilməsi üçün çağırışlarımı davam etdirirəm”- yazır konqresmen.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının sədri Kris Smitÿ Azərbaycanda 14 siyasi məhbusun azad edilməsinə münasibət bildirib. Bəyanatda ABŞ konqresmeni bildirir ki, “ədalətsiz şəkildə həbsdə saxlanan bu insanların tez bir zamanda ailələrinə qovuşacağı” onu məmnun edir.

“Lakin məni hələ də siyasi motivlərlə həbsdə saxlanılan digər insanların taleyi narahat edir. Seçkilərin Monitorinqi Qrupunun sədri Anar Məmmədli azad edilib. Baxmayaraq ki, o, həbs edilməməli idi. Hüquq müdafiəçisi Intiqam Əliyev, jurnalist Xədicə Ismayıl, REAL Hərəkatının lideri Ilqar Məmmədov da tez bir zamanda azadlığa buraxılmalıdır. Mən ehtiramla prezident Əliyevə müraciət edib, qalan bütün siyasi məhbusların azad edilməsini xahiş edirəm”, deyə Smit müraciətində bildirib.

Konqresmen habelə prezident Əliyevi “insan haqlarını pozan çox sayda qeyri-demokratik qanunları və qaydaları” ləğv etməyə çağırıb.

Eyni zamanda Avropa Parlamenti Azərbaycanda siyasi məhbusların azad edilməsini alqışlayır, bu barədə cümə axşamı Avropa Parlamentinin insan hüquqları və demokratiya üzrə vitse-prezidenti Aleksandr Lambsdorff bildirib: “Biz Rəsul Cəfərovun və on dörd digər siyasi məhbusu prezident Əliyevin əfv etdiyini öyrəndikdə sevindik. Əlbəttə, onlar həbs olunmamalı idi. Bununla belə, bu addımı Azərbaycan hökumətinin söz və toplaşmaq azadlığı kimi əsas hüquqlara riayət etməklə Avropa Ittifaqı ilə münasibətləri bərpa etməkdə maraqlı olmasının göstəricisi kimi dəyərləndiririk”.

ATƏT Parlament Assambleyasının prezidenti Ilkka Kanerva (Finlandiya) və ATƏT PA-nın Demokratiya, Insan Hüquqları Komissiyasının sədri Izabel Santos da (Portuqaliya) Azərbaycanda əfv fərmanı çərçivəsində 148 nəfərin azad edilməsini alqışlayıb. Bildirilib ki, bu, çoxdan gözlənilən, beynəlxalq ictimaiyyətin, o sıradan ATƏT Parlament Assambleyasının qəbul etməyə çağırdığı qərardır. “Biz bundan sonra da Azərbaycanı ATƏT çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə təşviq edəcəyik, növbəti konstruktiv dialoqu və irəliləyişi səbirsizliklə gözləyirəm”, deyə prezident Kanerva bildirib.

Açıqlamalardan göründüyü kimi, Azərbaycan hökumətindən siyasi məhbus problemini tam həll etməsi istənilir. Azərbaycan hakimiyyətinin bundan sonrakı addımları nədən ibarət olacaq? Qərblə münasibətlərin normallaşması üçün atılan son addım yetərli olacaqmı?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, budəfəki əfv sərəncamı ilə daha çox siyasi məhbus azadlığa çıxdı. R.Mirqədirov da daxil olmaqla ümumilikdə 15 nəfərin azadlığa qovuşduğunu deyən G.Hacıbəyli vurğuladı ki, məhbus ailələri baş verən hadisəyə görə böyük sevinc yaşadılar. G.Hacıbəylinin sözlərinə görə, amma beynəlxalq aləmin məsələni qiymətləndirməsi də kifayət qədər təmkinli oldu: “Bu sərəncamı heç kim möhtəşəm addım, önəmli irəliləyiş kimi qiymətləndirmədi. Ölkədə siyasi məhbusların sayının 100-dən çox olduğunu, son dönəmlər yeni siyasi məhbusların meydana gəldiyini nəzərə alsaq, 14 nəfərin azadlığa buraxılması fövqəladə uğur sayıla bilməz. Amma istənilən halda bu müsbət addımdır. Ona görə Avropa Birliyinin nümayəndəsi Maqerinin, ABŞ dövlət katibi Kerrinin, konqressmen Smitin bəyanatlarında əfv fərmanının müsbət dəyərləndirilməsini görürük. Amma bütün yanaşmaların hamısında qırmızı xətlə bir prinsip keçir. Qeyd olunur ki, hüquq və azadlıqların icrasına görə həbs olunan bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır. Bu olmayana qədər Azərbaycan siyasi məhbus istiqamətində öz öhdəliklərini yerinə yetirdiyini düşünməməlidir. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinə əvvəlki kimi konveyer üsulunu bərpa etmək şansı tanınmayacaq”.

G.Hacıbəyli vurğuladı ki, bu dəfə beynəlxalq təşkilatların iradəsi onu deməyə əsas verir ki, Azərbaycana qarşı siyasi məhbuslarla bağlı tələb daha da artacaq. “Bu gün Xədicə Ismayıl həbsdədirsə, Senatdakı sanksiyalarla bağlı qanun layihəsi gündəlikdən çıxa bilməz. Çünki bu qanun bilavasitə Xədicə Ismayıl qanunudur. Əgər Intiqam Əliyev həbsdədirsə, Avropa Birliyi onun həbsinə göz yummayacaq. Ilqar Məmmədov barəsində Avropa Şurası Nazirlər Kabinetinin altı qərarı var. Bu görünməyən haldır. Amma bu gün də Ilqar Məmmədov həbsdədir. Belə olan halda ölkədə siyasi məhbus probleminin əhəmiyyətli dərəcədə həllindən danışmaq olmaz”, deyə G.Hacıbəyli vurğuladı.

G.Hacıbəyli eyni zamanda ona diqqət çəkdi ki, hakimiyyət repressiya siyasətini dayandırmayıb. Əksinə, son zamanlar yeni həbs dalğası yaşanıb. M.Ibrahimə absurd, gülünc ittihamla cəza verildiyini xatırladan G.Hacıbəyli vurğuladı ki, eyni zamanda Azərbaycanda bir ilk yaşandı F.Qəhrəmanlı fikir və söz azadlığına görə həbs olundu. “Belə olan halda heç bir halda problemin həllindən danışmaq olmaz. Problem müəyyən dərəcədə yüngülləşdi. Ümid edirəm ki, digər siyasi məhbusların azadlığı istiqamətində addımlar atılacaq. Eyni zamanda dindarlarla da bağlı məsələlərə aydınlıq gətiriləcək. Çünki onların da hüquqları kobud şəkildə pozulur. Tale Bağırzadə və digərlərinin hüquqlarının pozulması dərin narahatlıq yaradır”, deyə G.Hacıbəyli vurğuladı.

Xəyal