Siyasi məhbuslar azad edilməlidir

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Bəli, “əfv” adı ilə 14 nəfər siyasi məhbusun azad edilməsi cəmiyyətimizə səmimi və coşqun bir sevinc yaşatdı. Çox təbiidir, illəri oğurlanmış günahsız insanların həbsxanadan çıxması vicdanı olan hər kəsin arzusudur. Onlar bu ölkəni sevdikləri üçün cəza alıblar. Onlar çox dəyərli və qəhrəman insanlardır. Onlara o qədər böyük sevgi var ki,  azadlığa çıxmaları böyük şadyanalığa səbəb oldu.

Amma cəmi 14 nəfər azad olunub. Eyni statusu daşıyan onlarla adam isə məhbəsdədir. Vicdan məhbusları həbsxanadadır. Beynəlxalq Amnistiya kimi nüfuzlu təşkilatın vicdan məhbusu saydığı şəxslər normalda dərhal azad olunurlar. Buna heç vaxt məhəl qoymayan bizim hökumətimiz isə arxayındır ki, az sayda siyasi məhbusu azad etməklə bu istiqamətdə tələb və tənələrdən qurtula biləcək.

Bilirik ki, ölkədə təşəkkür və tərif üçün növbəyə duranlar həmişə var. Hətta elə hüquq müdafiəçiləri var ki, siyasi həbslər həyata keçiriləndə səslərini çıxarmırlar, heç bir qınaq səsləndirmirlər, amma siyasi məhbusların bir neçəsi azad edilən kimi təşəkkür etməyi tarixi vəzifə hesab edirlər. Əgər siyasi məhbusun azad edilməsi yaxşı işdirsə, onun həbsi də pis iş olmalıdır axı?! Lakin indi təşəkkürlər də heç nəyə yaramır. Ortada daş kimi ağır siyahı var. Hələ bu siyahıya daxil edilməli adamlar var. Cəmi bir neçə gün öncə AXCP sədrinin müşaviri Məmməd Ibrahimə misli görünməmiş saxta ittihamla, siyasi motivlə hökm oxunub.

Odur ki, nə azad olunanlara görə sevincimiz, nə də ştatdankənar təşəkkürçülərin minnətdarlıq nitqləri mövzunu və şüarı dəyişə bilir.

Şüar həminkidir:

– Siyasi məhbuslar azad olunmalıdır!

Mən bilərəkdən heç bir ad çəkmədim, ən məşhurların da, az tanınanların da. Yalnız onu demək istəyirəm ki, Azərbaycan yenə də siyasi məhbuslar ölkəsidir. Bu problem həll olunmayıb. Indiyədək əfv siyahıları bu problemi həll etməyib, yenə də həll etmədi. “Əfv” sərəncamları ayır-ayrı siyasi məhbuslarla bağlı problemi dəyişib. Amma siyasi məhbus problemini həll etməyib. “Əfv” siyahıları şadyanalıq da yaradıb, amma siyasi məhbuslarla bağlı ağrını götürməyib.

Siyasi məhbuslar azad edilməlidir və siyasi həbslər dayandırılmalıdır. Yuxarıda Məmməd Ibrahimi xatırlamağım əbəs deyil. “Əfv” sərəncamı ilə eyni həftədə, ondan iki gün öncə tam saxtalaşdırılmış siyasi həbs həyata keçirilibsə, siyasi məhbus problemi ən sərt şəkildə gündəmdədir. Siyasi həbslər davam edirsə, vəziyyət necə dəyişə bilər ki?!

Vəziyyəti tarix də dəyişdirə bilir…

Yaxşı xatırlayırsınız. Iki il öncə yeni həbslər dalğası başlayanda Azərbaycan hakimiyyətinin təmsilçiləri elə təntənə ilə davranırdılar ki, sanki qəhrəmanlıq edirdilər. Siyasi həbsləri həyata keçirənlər özlərini tarixin sahibi kimi aparırdılar. Elə danışırdılar, guya Azərbaycanı xoşbəxt ediblər, sadəcə, bir qrup adam buna mane olur, onları da zindana atmaq, cəzalandırmaq lazımdır.

Adama deyərlər ki, hanı bəs o xoşbəxtlik?! Hanı uğurunuz? Iki ilə tarix sübut etdimi ki, ölkəni bədbəxt etmisiniz. Neft ölkəsini səfalət ölkəsinə çeviribsiniz. Hətta özünüzün paket maaşlarınız kəsilib, rüşvətiniz azalıb, şirkətləriniz çöküb, restoranlarınız bağlanıb. Biabırçılıqdan diliniz də söz tutmur

Görmürsünüz, yaranmış böhranı da həll edə bilmirsiniz. Heç olmasa, günahsız insanları həbsdən azad edin ki, tarix sizin izinizi bu ölkədən silməmiş həll edə biləcəyiniz bir məsələ olsun!