Lap tutaq ki, mən də satılmışam, hə, sonra?!

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Bu sətirlər yazılan zaman Əliyev rejiminin dustaqxanasında saxlanılan bəzi dostlarımızın “azadlığa buraxılması” xəbəri gəldi. Burada “azadlığa buraxılması” ifadəsinin dırnaqda yazılması təbii, səbəbsiz deyil.

Əvvəla ona görə ki, onlar qondarma ittihamlarla, saxta suçlamalarla, sifarişli məhkəmələrlə həbs olunmuşdular, yaptokratiyanın siyasi intiqam hissinin qurbanı idilər.

Ikincisi, Azərbaycanda azadlıq anlayışı xeyli dərəcədə şərtiləşib. Biz ümumilikdə ölkənin özü boyda türmədə yaşayırıq, burada neçənci saylısa həbsxana “türmə içində türmə”dən başqa bir şey deyil.

Nəhayət, üçüncüsü, illərdən bəridir Azərbaycan həbsxanaları siyasi fikirlərinə, ictimai baxışlarına görə haqsız yerə, ədalətsizcəsinə mühakimə edilən insanlardan qısır qalmır. Bu insanlar bəlli bir müddətdən sonra azadlığa buraxılır, Azərbaycan isə məhkum qalmağa davam edir.

Azərbaycan – bizim davamızın yeganə ünvanıdır. Şəxsən mən yatıb yuxumda da onu arzuladığım kimi görürəm. Görürəm ki, orada insanları fikirlərinə, düşüncələrinə görə mühakimə etmirlər, görürəm ki, orada sosial ədalət bərqərardır, bir ovuc adam ölkənin bütün sərvətləri üzərində hakimi-mütləq deyil.

Bunun bədəli despotizmin mətbəxində hazırlanmış ssenarilər üzrə şərlənmək, saxta ittihamların qurbanına çevrilmək, yaptokratiyanın həbsxanalarında cəza çəkməkdirsə, yenə problem yoxdur. Yetər ki, Azərbaycan çağdaş, modern, mədəni dünyanın bir parçası olsun. Yetər ki, nə vaxtsa övladlarımızın gözünə dik baxa bilək. Ən azı, onlar görsünlər ki, özlərindən əvvəlkilər heç də dinənə dilsiz, vurana əlsiz olmayıblar, yaşadıqları ölkənin bəşəri dəyərlərə sahiblənməsi, gəlişmiş, demokratik dünyanın bir hissəsi olması adına əllərindən gələni, bacardıqlarını ediblər.

Kim nə deyir desin, biz qalib dəyərlərin yanındayıq. Əlimizdə inzibati resurslar olmaya bilər, maddi rıçaqlar olmaya bilər. Ancaq biz insan hüquqları, azadlıqları kimi qutsal, geridönməz prinsiplərlə silahlanmışıq, hansı ki, onlar bizim varlığımızdan asılı olmayaraq, həmmşə var olacaqlar və istənilən şər rejiminə qarşı savaşdan qalib çıxacaqlar. Elnurlar-melnurlar əfsanə söhbətdir, kimlər satılır satılsın, kimlər sınır sınsın, dəxli yoxdur: davasını apardığımız dəyərlər şəxslərdən, fərdlərdən asılı olmayaraq, qalibdirlər, məğlubedilməzdirlər!

21-ci əsrdə hər kəsi eyni cür düşünməyə, hamını bir nəfərin beyni ilə fikirləşib, bir nəfərin ağzı ilə danışmağa məcbur etmək qədər yanlış idarəetmə təfəkkürü ola bilməz.

21-ci əsrdə kimlərisə həbs edərək, öz vətənindən didərgin salaraq, hamı üzərində xof yaratmağa çalışaraq, hər kəsi ənənəvi qorxu mühitinin əsirinə çevirərək hegemon olacağını düşünənlər onsuz da məğlubdurlar.

Artıq bunu dərk və qəbul etmək zamanı gəlib: kimlərisə müxtəlif şantaj üsulları ilə hədələyib sındırmaq olar, kimlərisə pulla “ağ bayraq” qaldırmağa məcbur etmək olar, kimlərisə hansısa imtiyazlarla susdurmaq, öz tərəfinə çəkmək olar, bunlar hamısı boş, mənasız şeylərdir.

Söhbət Azərbaycana aydın gələcək, işıqlı sabah vəd edən elə dəyərlərdən gedir ki, onlar hansısa Əhmədin, Məmmədin, Əlinin, Vəlinin, Pirvəlinin yoxluğunda da qalibdirlər. Lap tutaq ki, mən də pula, yaptokratların tanıdığı imtiyazlara boyun əydim, təslim oldum, hə, sonra?! Guya bu nəyi dəyişir? Bir az da bu suallara cavab düşünmək lazımdır.

Və əgər doğrudan da, səmimi-qəlbdən, hamılıqla Azərbaycanın yaxşılığını, onun azad, modern, mədəni dünyanın bir parçasına çevrilməsini istəyiriksə, bunun yolu hamıya məlumdur. O yol məşəqqətdir, əzab-əziyyətdir, o yol həbsxanadan, mühacirətdən, işsizlikdən, yoxsulluqdan keçir, amma yenə dəxli yoxdur: Azərbaycan üçün buna dəyər!

Azərbaycan üçün illərdir həbsxana həyatı yaşayan, bu gün də o həyatı yaşamağa davam edən bütün dostlarımızı bağrıma basıram!

Bağışlayın ki, sizə bu yazını yazmaqdan başqa heç nə ilə kömək edə bilmirəm!