“ABŞ və Avropa Əliyevlə sərt davranmalıdır”

kozlaric-kramerABŞ siyasətinin tanınmış simaları Azərbaycanda bütün siyasi məhbuslar buraxılana qədər Əliyevə güzəşt etməməyə çağırıb

Azərbaycandakı əfv fərmanı, xüsusən siyasi məhbusların azadlığa buraxılması ilə bağlı ABŞ siyasətinin tanınmış simaları da fikirlərini açıqlayıb. Onlar siyasi məhbus probleminin həlli baxımından bu fərmanı qənaətbəxş saymayıb. ABŞ hökumətini bir daha Əliyev hakimiyyətilə sərt davranmağa çağırıblar.

Məhbusların, xüsusən siyasi səbəblərlə saxlanılan şəxslərin buraxılmasına görə şadam. Bununla belə, 80-90 digər siyasi məhbus haqsız olaraq azadlıqdan məhrum edildiyi müddətdə Azərbaycanın avtoritarizmdən uzaqlaşdığını demək olmaz”, – deyə ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç “Turan”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti həbs edilməməli olan şəxslərin azadlığa buraxılmasına görə rejimi “mükafatlandırmamalı” və ya tərifləməməli, Azərbaycan rəsmiləri ilə yüksək səviyyədə görüşlər keçirməməlidir.

Biz bunu etsək, həmin məhbusları Azərbaycan hakimiyyətinin girovuna, əlində dəlilə çevirərik və hakimiyyət ABŞ və Avropadan siyasi, iqtisadi mənfəətlər əldə etmək üçün onlardan istifadə etməyə çalışar.

Demokratiya, insan hüquqları və fikri ifadə etmək azadlığı sahəsində ümumi Qərb dəyərlərinə riayət olunana qədər ABŞ və Avropa Bakıya qarşı sərt mövqe tutmalıdır”, – deyə keçmiş səfir vurğulayıb.

ABŞ dövlət katibinin insan hüquqları və demokratiya üzrə keçmiş köməkçisi Devid Kramer də ABŞ administrasiyasını Ilham Əliyev Azərbaycanda bütün siyasi məhbusları azad edənə qədər onu yüksək səviyyədə qəbul etməməyə çağırıb.

Devid Kramer son əfv fərmanını “Turan”ın müxbirinə belə şərh edib: “Mən 14 siyasi məhbusu azadlıqda görməyimə şadam. Onlar heç zaman həbsdə olmamalıydı. Lakin siyasi məhbusların bir çoxu azadlığa buraxılmayıb. Prezident Ilham Əliyev bütün siyasi məhbusları azad etməyənə, öz ölkəsinin siyasi sistemində bir çox problemi həll etməyənə qədər onunla yüksək səviyyədə heç bir görüş olmamalıdır, – deyə Kramer Ilham Əliyevin 31 mart-1 aprel tarixlərində nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gözlənilən səfərilə bağlı bildirib.