Polislə əməkdaşlıq edənlərə yox, xalqla əməkdaşlıq edənlərə ehtiyac var
Hökumətin təxirəsalınmaz “islahat”ları davam edir. Bildiyiniz kimi, hökumət böhrandan çıxmaq üçün “iş yerləri” açmağa start verib. Hələ bir müddət əvvəl xəbər vermişdik ki, bütün dövlət strukturlarına göstəriş verilib ki, işə qəbul həyata keçirsinlər və süni iş yeri görüntüsü yaradılsın. Xəbər tutduq ki, “Azərsu” də xeyli sayda çilingər işə qəbul olunub, SOCAR yüzlərlə işçi qəbul edib, “Azərenerji” abdlıq işlərinin görülməsi üçün işçi götürüb və s.
Bəli, bir tərəfdən təbii ixtisarlar həyata keçirilir, o biri tərəfdən süni iş yerləri açılır. Bugünlərdə isə məlum oldu ki, daxili işlər naziri Ramil Usubov Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində olub və polislə əməkdaşlıq etmək istəyən 870 nəfər arasında seçim edib. Nəticədə 226 nəfər gənc mülki işçi vəzifələrinə namizəd kimi seçilib.
Görəsən, indiki vəziyyətdə polislə əməkdaşlıq etmək istəyənlərə niyə ehtiyac duyulub? Ölkənin hansı künc-bucağına baxsan polis görürsən. Bəlkə, hökumət vətəndaşla savaşa hazırlaşır?
Təbii ki, ölkədə vəziyyət getdikcə pisləşir, insanlar zəruri ehtiyaclarını ödəməkdən məhrum olublar, hakimiyyətə böyük nifrət yaranıb və s. Amma əhali kütləvi etiraza qalxanda, müxtəlif rayonlarda polislə əməkdaşlığa cəlb olunmuş 20-30 nəfər vəziyyəti xilas edə bilməz. Insanların kütləvi narazılığının qarşısını almaq üçün həqiqi iş yerləri açmaq, vətəndaşı dinləmək, neqativ ənənələrdən imtina etmək lazımdır.
Istehsal müəssisələri yaradılmalıdır, ixracat potensialı artırılmalıdır. Müvəqqəti iş yerləri çıxış yolu ola bilməz. Vətəndaşın qazpulu verməyə imkanı yoxdursa, SOCAR-ın 100 nəfər qazpulu yığan işə götürməsi absurddur. Yaxud, “Azerenerji”nin abadlıq işlərini görmək üçün işə götürdüyü adamlar bir müddətdən sonra yenə də işsiz qalacaqlar. Eləcə də Ramil Usubovun polislə işləmək üçün seçdiyi 226 nəfər işsizlik problemini həll edə bilməz.
Açıq şəkildə görünür ki, hökumət neftin qiymətinin qalxmasına ümid edir və belə “şikəst” əməliyyatlarla vaxt udmağa çalışır. Hər fürsətdə cəmiyyəti çaşdırmağa xidmət edirlər.
Mənzərəni nəzərdən keçirəndə aydın olur ki, bu hökumətin zərrə qədər xalqa aidiyyəti yoxdur. Ən fəlakətli vəziyyətlərdən belə öz mənafeləri naminə istifadə edirlər. Ilk devalvasiyadan bir ildən artıq vaxt ötüb. Bu zaman kəsiyində yalnız vədlər verilib, mənasız strukturlar yaradılıb, nəticəsiz müşavirələr keçirilib. Hökumət həqiqətən də ölkə vətəndaşını bu ağır vəziyyətdən çıxarmaq istəsəydi, ötən bir il müddətində kifayət qədər iş görmək olardı. Ən azı kredit borcu olanlara güzəşt edilərdi, süni qiymət artımının qarşısı alınardı, oğurlanmış milyardların az bir hissəsi ölkəyə qaytarılardı, real iş yerləri açılardı və s.
Yaxşı olar ki, hökumət polislə əməkdaşlıq edənlərin axtarışına çıxmaq əvəzinə, xalqla əməkdaşlıq barədə düşünsün.
Samir