Hökumət Avropa Məhkəməsinin qərarlarından yayınmaq üçün nələr düşünüb?

avropa-mehkemesiKonstitusiya Məhkəməsinə yeni səlahiyyətlər verilməsinə dair qanun layihəsi də bu planın tərkib hissəsidir

Azərbaycanda Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb. Layihə “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” adlanır.

Yeni qanun layihəsinə görə, Konstitusiyanın 130-cu maddəsinin III hissəsi ilə Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid məsələlərə əlavə edilir. Əlavə isə bundan ibarətdir ki, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında Azərbaycan barəsində qəbul olunan qərarların icrasının mümkünlüyü məsələsini Konstitusiya Məhkəməsi həll edəcək. Yəni Konstitusiya Məhkəməsi müəyyənləşdirəcək ki, bu qərar icra olunsun, yoxsa yox.

Hökumətin hazırladığı dəyişikliyi şərh edən hüquqşünas Vidadi Mirkamal deyir ki, bütün normal ölkələrdə olduğu kimi, Azərbaycanda da Avropa Məhkəməsinin qərarları birbaşa Ali Məhkəməyə gəlirdi. Məsələ Ali Məhkəmənin Plenumunda müzakirə edilib, baxılması üçün müvafiq məhkəmə orqanına  göndərilirdi: “Bu dəyişiklikdən sonra Avropa Məhkəməsinin qərarının Konstitusiya Məhkəməsinə göndərilməsi, orada təftiş eldilməsi həmin qərarların mcrasının yubanmasına səbəb ola bilər. Bu mənada, Konstitusiya Məhkəməsinə yeni  səlahiyyətlərin verilməsini müsbət qəbul etmirəm. Təsəvvür edin, Avropa Məhkəməsinin qərarına Konstitusiya Məhkəməsi  baxıb, onu Ali Məhkəməyə göndərəcək. Nəticədə bir instansiya da artır və süründürməçilik yaranır”.

Hüquqşünas deyir ki, bu dəyişiklik beynəlxalq ekspertlər tərəfindən də müsbət qarşılanmayacaq: “Üstəlik, Azərbaycanda Avropa Məhkəməsinin qərarlarına bir daha yenidən baxılması həmin qərarların şübhə altına alınması kimi qəbul oluna bilər. Hesab edirəm ki, Azərbaycan bu yola getməməli və əvvəlki qaydanı tətbiq etməlidir. Yəni Avropa Məhkəməsinin qərarları Ali Məhkəməyə gəlməlidir ki, ona yeni açılmış hal kimi qiymət verilsin. Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlərin verilməsi bir xeyli funksiyanın və müddəanın dəyişməsinə səbəb olacaq”.

Onu da qeyd edək ki, hakimiyyət xeyli vaxtdır ölkədə Qərb strukturlarının, o cümlədən Avropa Məhkəməsinin əleyhinə kampaniya aparmaqla məşğuldur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı bir sıra qərarları icra olunmamış qalıb. Buna görə də hökumət mütəmadi tənqid olunur. Çünki Azərbaycan Avropa Şurasına üzv olmaqla, həm də Avropa Məhkəməsinin qərarlarının icrası öhdəliyini üzərinə götürüb. Avropa Məhkəməsi isə Insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyası ilə təminat verilən hüquqların pozulması ilə bağlı şikayətlərə baxıb qərar çıxarır. Azərbaycan Avropa Konvensiyasını da ratifikasiya edib. Beynəlxalq hüquq normalarına əsasən, beynəlxalq konvensiyalara qoşulmuş ölkələr həmin sənədlərin yerli qanunvericiliklə müqayisədə üstünlüyünü qəbul etmiş olur.

Beləliklə, Azərbaycan hakimiyyəti insan hüquqlarının müdafiəsilə bağlı vaxtilə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq üçün yollar axtarır. Indi də Konstitusiya Məhkəməsinə Avropa Məhkəməsinin qərarlarının Konstitusiyaya uyğun olub-olmamasının araşdırılmasına dair səlahiyyət verməklə, faktiki istəmədiyi qərarların icrasından yayınmaq üçün əsas yaratmağa çalışır.

Nigar