Belə kor zülmün içindən
hansı adil hökm çıxar?..
Bəlkə, yenə kiminsə ürəyində azacıq ümid vardı bayramqabağı əfv fərmanı olacağına. Illərdir günahsız yerə həbsxanalarda saxlanan insanların ailələri, yaxınları, dostları əlini üzməmişdi, bəlkə də. Amma iki gün əvvəl bu ufacıq gözləntilərə də son qoyuldu. 6 aydır qanunsuz şəkildə saxlanan daha bir siyasi fəala – Məmməd Ibrahimə 3 il həbs cəzası kəsdilər. “Bəlkə” deyə-deyə, gör, neçə bayramı bayrama caladıq. Neçə qışımız bahara, baharımız qışa qarışdı. Sadəlövhükmü, çarəsizikmi, gücsüzükmü, nədirsə, bilmirəm. Amma, deyəsən, zülm sarayından ədalət fərmanı gözləməkdi bizimki. Heç bir günah sahibi olmayan insanlarımızı qandallayıb həbsxanalara doldururlar, biz də oturub gözləyirik ki, bu Allahsızların könlünə nə vaxt insaf düşəcək. Gözləməyin anlamsız olduğunu bu bayram ərəfəsində bir daha gördük. Siyasi məhbus dəftərinə daha bir günahsız siyasi fəalın adı əlavə olundu…
Bilirsiniz, son illər siyasi motivlə mühakimə olunan fəallarımızın məhkəmələrində elə haqsızlıqlar baş verir ki, insanın əli yerdən-göydən üzülür. Bu ağılalmaz ədalətsizlikləri görəndə demək istəyirsən ki, nəyə gərək belə məzhəkələr, yuxarıdan neçə il diktə olunub, birdəfəlik oxuyun, bitsin getsin. AXCP Rəyasət Heyətinin üzvü M.Ibrahimin məhkəmə prosesi yaddaşlarda film kimi unudulmaz epizodlarla qalacaq. Hökm oxunandan sonra onun dediyi bir cümlə isə sön sözün yekun akkordu kimi tarixin yaddaşından heç vaxt silinməyəcək: “Hakimiyyətin 3 il ömrü qalıb ki, siz mənə 3 il hökm oxuyursuz?!”
M.Ibrahim uzun illərdir iki övladı ilə birlikdə siyasi həyatın ən qaynar nöqtəsində “döyüşür”. Onların həm real həyatdakı, həm sosial şəbəkələrdəki fəaliyyətindən də xəbəriniz var. Məmməd bəyin məhkəmə prosesində elə absurd şeylər baş verib ki, bəzən salondakılar da dözməyərək, hakimlə “dava”ya girib. Özüm də həmin şəxslərdən biri olduğuma görə, məhkəmənin yekununda çoxdan oxuduğum bu tarixi hadisəni xatırladım. 1911-ci ildə Liviya sahillərinə çıxan italyan əsgərləri əllərinə keçən hər kəsi edam edirdilər. Trablusda qurduqları məhkəməyə gətirilən əsirlərin mühakiməsi 3 dəqiqə çəkir, hər kəs binanın arxasına götürülüb edam edilirdi …
Bir gün ora əlləri qandallı 3 nəfər gətirdilər. Polkovnik Karlo Torelli tərcüməçiyə: “Soruş, bunlar kimlərdir?”- dedi. Əlləri qandallı orta yaşlı şəxs cavab verdi: “Tərcüməçi lazım deyil. Mən Osmanlı ordusundan polkovnik Ahmet Alaaddinəm. Bu yaşlı şəxs təqaüdçü Paşa Mehmet mənim atamdır. Bu cavan isə oğlumdur. Könüllü olaraq əsgərliyə gəlib. Hakim: ”Yalan deyirsən, sənədiniz varmı?”- deyə bağırdı. Polkovnik qandallı əlləri ilə qoynundan bir əzik kağız çıxarıb ona tərəf atdı.
Bu vaxt salona bir ingilis, bir fransız jurnalisti girdi. Hakim davam etməyə məcbur qalaraq: “Siz bizim əsgərlərimizi arxadan vurmusunuz?” Ahmet bəy deyir: “Osmanlı sizin kimi namərd deyil! Heç bir zaman arxadan vurmaz! O dediyiniz hücuma da şəxsən özüm rəhbərlik etmişəm. Nə işiniz var bu torpaqlarda”. “Günahkar, günahını etiraf etmiş, qərar verilmişdir” deyir hakim. Jurnalistlər ayağa qalxıb edama aparılan Osmanlı döyüşçülərinin qarşısında şapkalarını çıxarır, sonra da hakimə tərəf tüpürüb salondan çıxırlar.
M.Ibrahimin son sözündə də tarixə mesaj olacaq xeyli aforizmlər var. Insanlarımız tarix yazır. Hər kəsin bu tarixi oxuması lazım. Tarix isə hər şeyi və hər kəsi yazır. Bu məhkəməni sifariş verənləri də, diktə ilə icra edənləri də, üzə duran yalançı şahidləri də. Görünür, o hakim və prokuror tarixin onlardan nə yazacağını heç düşünməyib. Düşünsəydilər, günahsız insanlardan cinayətkar düzəltmək kimi böyük lənətə qol qoymazdılar. Çünki tarixin hökmü ağırdır – kiminin adına şapka çıxarır, kiminin adını da lənətləyir…