«Mənim nəinki Ermənistanın, heç bir xarici dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlığım, ünsiyyətim olmayıb»
2014-cü ilin aprelindən bəri MTN-in istintaq təcridxanasında saxlanılan “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov martın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin Rauf Mirqədirovun 6 il azadlıqdan məhrum edilməsinə dair hökmü dəyişdirilib. Ona verilən cəza 5 il sınaq müddəti olmaqla, şərti hesab edilib və jurnalist məhkəmə zalından azadlığa buraxılıb.
Rauf Mirqədirov jurnalistlərə açıqlamasında bildirib ki, həbsdən azad edilsə də, ona bəraət verilməyib. Ona görə də bəraət almaq üçün vəkili ilə birlikdə lazım olan bütün hüquqi addımları atacaq. Jurnalist bir daha bəyan edib ki, CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ona verilmiş ittihamın heç bir hüquqi əsası yoxdur: “Mən bunu həbs olunduğum ilk gündən demişəm ki, özümü günahkar bilmirəm. Mənim dövlətə xəyanət etməyim, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığım barədə nə istintaq, nə də məhkəmədə bircə əsaslı sübut ortaya qoyulmadı. Təqdim olunan dırnaqarası sübutları da müdafiəçim alt-üst elədi. Otuz illik jurnalistika və ictimai fəaliyyətimdə nəinki Ermənistanın, heç bir xarici dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlığım, ünsiyyətim olmayıb. Mənim üçün əsas budur”.
Həbsinin səbəbinə gəlincə, Rauf Mirqədirov baş verənləri təxribatın nəticəsi sayır: “Bu, düşmən dövlətlərin Azərbaycana qarşı genişmiqyaslı təxribatının tərkib hissəsi idi. Təəssüf ki, Azərbaycanın xüsusi xidmət orqanları, hüquq-mühafizə sistemi bilmədən bu oyunda iştirak etdi. Bu tora düşdülər”.
Səhhətində, xüsusən gözlərində, problem yarandığını, qan dövranı, təzyiqdən əziyyət çəkdiyini deyən jurnalist üzərindəki şərti cəza səbəbindən xaricdə olan ailəsilə görüşə bilməməsindən təəssüfünü ifadə edib: “Mənim aləm xaricdədir, bu çıxarılmış qərar isə ailəmə qovuşmağıma imkan vermir. Çalışacağıq ki, bu məsələ həll olunsun, mən ailəmə, balalarıma mümkün qədər tez qovuşa bilim”.
Rauf Mirqədirov onu da qeyd edib ki, istintaq zamanı ona hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar barədə suallar verilib: “Amma mən olmayan bir şeyi deyə bilməzdim axı…”
Bununla belə, jurnalist kobud münasibətlə üzləşmədiyini, MTN-in istintaq təcridxanasında onunla korrekt davranıldığını deyir.
Rauf Mirqədirov onu da əlavə edib ki, bir müddət istirahət etdikdən sonra yenidən jurnalist fəaliyyətilə məşğul olacaq: “Daim aktiv həyat sürmüşəm, amma 23 ay təkadamlıq kamerada qaldım. Bir qədər sakitləşəndən sonra jurnalist fəaliyyətimi davam etdirəcəm. Mən jurnalistəm, çörəyim həmişə jurnalistikadan çıxıb”.
Rauf Mirqədirovun vəkili Fuad Ağayev müvəkkilinin azadlığa buraxılmasını müsbət hal kimi qiymətləndirsə də, apelyasiya məhkəməsinin qərarı onu qane etməyib. Fuad Ağayev Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini bildirib: “Azərbaycandakı bəraət hökmü az qala, unudulmuş anlayışdır. Təbii ki, belə bir vəziyyətdə başlıcası Raufun azadlığa çıxmasıdır və buna görə müsbət qiymətləndirirəm. Amma kassasiya şikayəti veriləcək. Çünki bəraətdən söhbət getmir, sadəcə, təyin olunmuş cəza beş il sınaq müddəti olmaqla, şərti hesab olunub. Bu müddətdə Raufun davranışına müvafiq icra hakimiyyəti orqanı nəzarət edəcək, ölkəni tərk etmək məsələsi problemdir”.
Jurnalistin anası Rəfiqə Isayeva oğlunun həbsdən buraxılmasını “gec də olsa, haqq-ədalətin bərpası” kimi qiymətləndirib.
Aytən Məmmədova