De Val qalan siyasi məhbusları unutmamağa çağırdı

tomas de vallAzərbaycanda 13 hüquq müdafiəçisi, fəal və jurnalist prezident sərəncamına əsasən azad edilib.

Martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bu əfv sərəmcamı ilə 150-ə qədər insan azad edilib. Onlar arasında beynəlxalq təşkilatların “vicdan məhbusu və siyasi məhbus” kimi tanıdıqları şəxslər də var.

Beynəlxalq Sülh naminə Carnegie Fondunun (Carnegie Endowment for International Peace) böyük elmi işçisi Tomas de Val əfv sərəncamını “müsbət” addım kimi dəyərləndirib.

“İki il əvvəl Azərbaycan hökuməti insan hüquqları müdafiəçilərinə qarşı təqiblərə başlayaraq çox sayda tanınmış hökumət tənqidçilərini məhbəsə atıb. Həbs olunanlardan bir neçəsi hazırda əfv olunub. İnsan haqları müdafiəçisi Rasul Cəfərov əfv olunub və həbsdən azad olunan tanınmış jurnalist Rauf Mirqədirova şərti cəza verilib. Bunlar həqiqətən də müsbət addımlardır”, o BBC Azərbaycancaya müsahibəsində deyib.

De Val ehtimal edir ki, İlham Əliyevin Vaşinqtondakı Nüvə Sammitinə səfərindən əvvəl və ABŞ Konqresində Azərbaycan rəsmilərinə qarşı sanksiyaların müzakirəsi ərəfəsində atılmış addım Vaşinqtonu sakitləşdirmək məqsədini güdə bilər.

Eyni zamanda ekspert “yalnız hakimyyəti tənqid etməklərinə görə hələ də barmaqlıqlar arxasında qalan” adamları yaddan çıxarmamağa səsləyib.