Əliyev Türkiyədə dediklərinə əməl edəcəkmi?

aliyev-erdogan-ankara2016martBu günə qədər müşahidə etdiklərimiz bunun əksini düşünməyə əsas verir

Son iki günün əsas müzakirə mövzusu ölkə başçısı Ilham Əliyevin Türkiyə səfəri oldu. Hökumət mətbuatı,  telekanallar dayanmadan bu səfərin təbliğatını aparır, ölkə başçısının jestini hökumətin aktivinə yazmağa çalışırlar.

Təbii ki, Türkiyə bizim əsas və təbii müttəfiqimizdir, qardaş ölkədir və hər zaman Azərbaycana birmənalı dəstək verib. Bu baxımdan məlum terror hadisəsindən sonra Ilham Əliyevin Türkiyəyə səfər etməsini və  qardaş ölkənin yanında olduğumuzu göstəməsi müsbət addımdır. Amma ölkə başçısının Türkiyədə söylədiyi fikirlər, bəzi məqamları xatırlatmaq zərurəti yaradır. Ölkə başçısı dedi ki, Türkiyənin güclü olması Azərbaycanın da güclü olması deməkdir. Daha sonra bildirdi ki, hər zaman Türkiyənin yanındayıq və heç bir qüvvə bu qardaşlığı poza bilməz. Eyni zamanda bütün sahələrdə əməkdaşlığın genişləndiriləcəyi vurğulandı, Azərbaycana birmənalı dəstəyə görə Türkiyəyə minnətdarlıq bildirildi.

Amma Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətlə, ölkə başçısının Türkiyədə söylədikləri arasında ziddiyyətlər var.

Əvvəla, bugünə qədər viza məsələsi həllini tapmayıb.  Azərbaycan hakimiyyəti uzun müddətdir bu problemin həllindən yayınır, müxtəlif bəhanələr gətirir. Halbuki, Türkiyə- Azərbaycan münasibətlərində belə elementar məsələlərin düyünə düşməsi absurddur.

Ikincisi, bu necə qardaşlıqdır ki, Türkiyədən ölkəyə idxal olunan malların rüsumu Rusiya ilə müqayisədə 2 dəfə çoxdur.  Əgər əsas ticarət tərəfdaşlarımızdan biri də Türkiyədirsə, gələcəkdə bu əməkdaşlığın miqyasını artırmaq fikrindəyiksə və bizi daha dərin tellər bağlayırsa, niyə Türkiyəyə qarşı belə ögey münasibət var?

Üçüncüsü, Türkiyənin əbədi-əzəli probleminə çevrilmiş PKK məsələsi var. Bu terror təşkilatı tez-tez Türkiyəni qan gölünə çevirir, günahsız insanları öldürür. Ərdoğanın Bakıya planlaşdırılmış səfərinin təxirə salınması və Ilham Əliyevin jest edərək Türkiyəyə getməsi də məhz PKK-nın növbəti terroru ilə bağlıydı. Xatırlayırsıza, PKK ilə bağlı hesabat yayılanda bu təşkilatın Azərbaycanda da dayaqlarının olduğu, hansısa mənbələrdən maliyyələşdiyi bildirilirdi. Hətta Öcalan məhkəmədə bildirmişdi ki, bizim əsas dəstəkçilərimiz Azərbaycandadı və müəyyən adlar da çəkmişdi. Amma bugünə qədər Azərbaycan hökumətinin bu məsələylə bağlı hərəkətə keçdiyi müşahidə olunmayıb. Nə qədər işarələr olsa da, hökumət özünü karlığa və korluğa vurub. Ancaq belə  prinsipial məsələdə Azərbyacanın adının hallanması hökuməti təxirəsalınmaz fəaliyyətə keçirməliydi.

Dördüncüsü, hökumətin Suriya məsələsində tutduğu mövqe başadüşülən deyil. Əliyev Iran səfəri zamanı bidirmişdi ki, Azərbaycan Suriya məsələsində Iranın mövqeyini dəstəkləyir. Halbuki, Suriya məsələsində Iran və Türkiyənin tutduğu mövqe fərqlidir. Yəni hətta Suriya məsələsində də Azərbaycan hakimiyyəti Türkiyənin mövqeyini dəstəkləmədi. Indi isə ölkə başçısı bildirir ki, bütün məsələlərdə Türkiyənin yanındayıq. Biz bu hökumətin hansı sözünə inanaq? Yeri gəlmişkən, Rusiya təyyarəsi Türkiyə sərhəddini pozanda da  hökumətimiz Türkiyəni müdafiə etmədi. Əksinə, hökumətin sözçüləri Türkiyənin Rusiyadan üzr istəməli olduğunu bildirdilər.

Hökumətin Türkiyə ilə münasibətlərdə səmimi olmadığını göstərən digər nümunələr də var. Sadəcə olaraq bir neçə faktı sadalamaqla hökumətin kristallaşmış mövqeyinin olmadığını göstərmək istədik.

Amma hökumət unutmamalıdır ki, Türkiyə Azərbaycanın həqiqi müttəfiqidir və bu ölkə Azərbaycanın işğal faktına görə Ermənistanla bütün əlaqələri dondurub. Azərbyacan hakimiyyəti isə heç vaxt adekvat reaksiya verməyib. Həmişə prinsipial məqamlarda Türkiyənin yanından qaçıb.

Görəsən, Əliyev bu dəfə vədinə əməl edəcəkmi? Türkiyədə səslənən fikirlər real addımlarda təsdiqini tapacaqmı?

Akif