Bu gün imzalanan əfv sərəncamı ilə həbsdən buraxılan siyasi məhbus dostlarımızın hamısını azadlıqda salamlayır, onlar və onların ailələrinə gözaydınlığı verirəm.
Təəssüf ki, bu əfv sərəncamı da ölkədə kəskin hal alan siyasi məhbus problemini həll etmədi. Xədicə İsmayıl başda olmaqla, siyasi məhbusların əksəriyyəti hələ də haqsız yerə həbsdə saxlanılır. Bu gün verilən sərəncama hüquq müdafiəçilərinin vahid siyasi məhbus siyahısında olan 97 nəfərdən yalnız 14-nün adı daxil edilib. Bu o deməkdir ki, hakimiyyət başı üzərindən Domokl qılıncı kimi asılmış sanksiyalardan çəkinib, yayınmaq istəyir, lakin bunun üçün siyasi məhbuslar problemini birdəfəlik həll etməyə siyasi iradəsi çatmır.
Təəssüf edirəm ki, hələ də onlarla siyasi məhbusumuz həbsdədir və bu bayramı da ailələrilə birgə keçirmək imkanından məhrumdur. Bununla belə, bu gün azadlığa qovuşmuş dostlarımızı bir daha təbrik edir, onların və ailələrinin sevincini bölüşdüyümü bildirirəm.



