Qəbiristanlıqda məktəb tikintisinə etiraz

mektublarAğstafanın Köhnəqışlaq kənd qəbiristanlığında məktəb tikintisi sakinlərin narazılığına səbəb olub

“Azadlıq”ın elektron poçtuna Ağstafa rayon Köhnəqışlaq kənd sakinləri adından müraciət edən Kənan Məsibəyli bildirir ki, başını itirmiş rayon rəhbərliyi kənd qəbiristanlığına bitişik yerdə məktəb tikintisinə başlayıb.

Qələmçə meşəsinin ətəyində yerləşən Köhnəqışlaq kəndi Ermənistanın Berd rayonunun Paravakar kəndi ilə həmsərhəddir. Uzun illərdir düşmənin hücumlarına baxmayaraq, kənd sakinləri çoxsaylı şəhid versə də, qəhrəmanlıq göstərib ata-baba yurdlarını tətk etməyib. 120 evli Köhnəqışlaq kəndi uğrunda gedən döyüşlərdə 50-dən çox insan şəhid olub. Ağır silahlardan atılan atəş evlərin çoxuna ziyan vurub.

Düşmənin atdığı yandırıcı güllələr həyətlərdəki ot tayalarını yandıraraq kül edib.

Şikayət məktubunda kənd sakinlərinin sosial vəziyyətindən də bəhs edilir. Belə ki, ağır vəziyyətdə yaşayan Köhnəqışlaqlılar qaz və işıq pulunu çox çətinliklə ödəyirlər. Evlərə quraşdırılan bir çox sayğaclar erməni gülləsinə tuş gəlib. Kənd sakinləri qaçqın və məcburi köçkünlərə tətbiq edilən kommunal xidmətlərə görə limitin onlara da aid edilməsini tələb edirlər.

Ağstafa rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bir dəfə də olsun kəndin ağır vəziyyəti ilə maraqlanmayıb. Başçı rayonu şəxsi obyekti kimi idarə edir. M.Quliyev Icra Hakimiyyətindən Köhnəqışlağa getmək adıyla çıxıb, amma erməni gülləsindən qorxaraq Tatlı kəndindan geri qayıdıb.

Ötən günlərdə 3 rayon Icra Hakimiyyəti başçıları rüsvay edilərək “yağlı” işlərindən qovuldular. Buna baxmayaraq Ağstafa rayon IH başçısı Məhərrəm Quliyev “gözü çıxan qardaş”dan hələ də ibrət dərsi götürməyib.

Rayonun akademik-professor titullu deputatı Nizami Cəfərov seçkidən sonra seçicilərin gözünə görünmür. Seçki təbliğatı kampaniyası zamanı verdiyi vədlərin heç birinə əməl etməyib. Bəzi imkansız xəstələrin müalicəsində yardımçı olacağını bildirsə də, vəd vəd olaraq qalır. Bir çox seçicilərə  özünün mobil telefon nömrəsini verib. Zəng edərkən həmin nömrə söndürülmüş olur. Verdiyi vədlərə əməl etmədiyinə görə seçicilər konstitusion hüquqlarından istifadə edərək Nizami Cəfərovun mandatından məhrum edilməsinə çalışacaqlarını bildirirlər.

Sonda sakinlər bildirir ki, kənddə həqiqətən də məktəb tikintisinə ehtiyac var, ancaq qəbirsanlıq ərazisində yox. Şəhidlərimizin də dəfn olunduğu qəbiristanlıqda əzizlərinin ziyarəti zamanı, təsəvvür edin, ağlaşma körpə məktəblilərə hansı psixoloji təsir göstərər…

Kənd sakinləri yeni tikiləcək məktəbin məqsədəuyğun yerdə tikilməsini rayon Icra Hakimiyyətinin rəhbərliyinin diqqətinə çatdırsalar da, tələbləri qulaqardına vurulur.

Köhnəqışlaqlılar “Azadlıq” vasitəsilə ölkə başçısı Ilham Əliyevdən təhlükəsiz və məqsədəuyğun yerdə tikilməsini tələb edirlər.