Hakimiyyət nümayəndəlik institutunu niyə məhdudlaşdırır?

qurban-memmedov1Məqsəd istənilən yolla vətəndaşı incitmək, hüququnu tapdalamaq, süründürmək, heysiyyətini tapdalamaqdır…

2014-cü ilin oktyabrında Cinayət Prosessual Məcəlləyə edilən dəyişikliyə görə, cinayət prosesində zərərçəkmiş şəxsin nümayəndəsi qismində, ancaq zərərçəkmiş tərəfindən verilən və notariat qaydasında təsdiqlənmiş etibarnaməsi olan vəkillər və ya zərərçəkmiş şəxsin qohumları iştirak edə bilər. Bu dəyişikliyə qədər isə zərərçəkmişin məhkəmədə hüquqlarını onun notarial qaydada etibarnamə verdiyi istənilən şəxs müdafiə edə bilərdi.

Bu isə vətəndaşların öz hüquqlarını qoruması istiqamətində bəzi çətinliklərə səbəb olur.

Vətəndaşa yaradılan süni əngəllər

Qanunvericiliyə əsasən, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün mütləq vəkillə müqavilə bağlanmalı, vəkilin orderi şikayətə əlavə olunmalıdır. Digər məhkəmə instansiyalarında – ilkin və apelyasiya məhkəməsində isə bu qayda tətbiq olunmur. Bu instansiyalarda vətəndaş, fiziki və ya hüquqi şəxs özü, həmçinin nümayəndəsi vasitəsilə hüququnu qoruya bilər. Bu da vətəndaşlar üçün ən yuxarı instansiya məhkəməsinə çıxış baxımından məhdudlaşdırıcı addım sayılır. Çünki birinci instansiya və apelyasiya mərhələsində hüquqlarını özü və ya nümayəndəsi vasitəsilə qorusa da, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün tələb olunan vəkil orderinə görə, kollegiyanın üzvü olan biri ilə formal da olsa, müqavilə bağlamalıdır. Bu da maddi imkansızlıq ucbatından bir çox hallarda mümkün olmur, nəticədə vətəndaşın hüquqlarının müdafiəsi üçün bütün zəruri addımlar atılmamış qalır. Bundan başqa, Ali Məhkəmədən – kassasiya instansiyasından keçmədiyi üçün vətəndaş Avropa Məhkəməsinə də müraciət etmək hüququndan məhrum olur.

Yuxarıların istəyi…

Nümayəndəliyin ləğvi ilk növbədə sağlam məntiqə, beynəlxalq hüquq normalarına və Konstitusiyaya zidd addım olardı. Sadəcə, hələ ki, respublikamızda qanunlar və qanunvericilik sahəsi bəzi şəxslərin şəxsi və korporativ maraqlarının təmini alətinə çevrilib.

Nümayəndəliklə bağlı 2007-ci ildən başlayaraq törədilən bu əməllər bir tərəfdən vətəndaşların müdafiə hüquqlarının kütləvi surətdə pozulmasına səbəb olursa, digər tərəfdən də məhkəmələrin və hakimlərin işlərində çox böyük problemlər yaradır. Bunu hamı, xüsusilə də hakimlərimiz bilir, ancaq susurlar. Səbəb çox sadədir: bütün sahələrdə olduğu kimi, belə düşünürlər: “Yuxarıdan istəyirlərsə, deməli, belə də olmalıdır”.

Kimdir bu yuxarı?

Qanunvericilik sahəsində nə baş verir?

Son vaxtların təcrübəsi sübut edir ki, qanunvericilik sahəsində bir özbaşınalıq, plansızlıq, məntiqsizlik hökm sürür. Qanunlar, qərarlar, fərmanlar ictimai münasibətlərin tələb etdiyi zəruri normalar kimi yox, ayrı-ayrı şəxslərin, oliqarxların, korrupsioner qrupların və ya sahə rəhbərlərinin maraqlarını təmin etmək məqsədilə qəbul edilir.

Prinsipialları cəzalandırmaq üçün qurulan oyunlar

Nümayəndəliyin qətlinə yönəlmiş bu hərəkətlər hələ 2007-ci ildən başlayıb.

17 aprel 2007-ci il tarixliÿqanunla Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsi yeni redaksiyada verildi. Əvvəl orada deyilirdi:

“Şikayət onu verən şəxs tərəfindən, yaxud onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onların səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir”.

Indi isə deyilir:

“Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsiÿvə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir”.

Bu dəyişikliyi təklif edənlər öz çirkin niyyətlərini vətəndaşların Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulan keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə pərdələməyə çalışırlar.

Məqsəd isə budur – müdafiə hüququnu, inzibati qaydada təsir etmək, yönəltmək, cəzalandırmaq imkanı olan qurumların səlahiyyətinə vermək, yəni monopoliyaya almaq. Son vaxtlar müstəqil mövqe sərgiləyən, müdafiə vəzifələrini icra edərkən prinsipiallıq göstərən onlarla vəkilin başına açılan qanunsuzluqlardan bütün dünyanın xəbəri var. Əsas məqsəd, siyasi baxımdan mənim kimi, Intiqam Əliyev, Ənnağı Hacıbəyli, Namizəd Səfərov, Lətifə Əliyeva, Xalid Bağırov və onlarla başqaları kimi “persona non-qrata” elan edilmiş şəxslərin qazanc imkanlarından və əmək hüquqlarından məhrum edilməsidir. Bu qədər bəsitdir hər şey.

Hökumətin “alman standartı”

Mülki Prosessual Məcəlləsinin 49-cu maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

CM-in 102.2-ci maddəsinə əsasən, “cinayət prosesindəÿmülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər”.

Hakimiyyət nümayəndələri, təyinatla deputat olanlar guya Azərbaycan qanunvericiliyini Almaniyanın qanunlarına uyğunlaşdırmaq istəyirlər. Əsl məqsədləri isə, yuxarıda qeyd etdiyim kimi, insan hüquqlarının müdafiəsi kimi ciddi bir sahəni monopoliyaya almaq, müdafiəçilərə-vəkillərə inzibati təsir mexanizmlərini əldə saxlamaqdır.

Azərbaycanda minlərlə hüquqşünasın Vəkillər Kollegiyasına üzvlüyünə maneçilik törədildiyi, ölkədə alternativ Vəkillər Kollegiyasının yaradılmasına imkan verilmədiyi bir şəraitdə “alman standartları”ndan danışmaq, sadəcə, gülüncdür.

Əksər normativ aktların Rusiya qanunlarının pis tərcümə edilmiş variantı olması heç kimə sirr deyil. Adını “alman, Avropa standartı” qoysalar da…

Rusiya Cinayət Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən, “hakimin qərarı ilə vəkil, eləcə də zərərçəkmişin və mülki iddiaçının yaxın qohumları və ya başqa şəxslər  zərərçəkmişin və mülki iddiaçının nümayəndəsi kimi işə buraxıla bilərlər”.

Rusiya Mülki Prosessual Məcəlləsinin 49-cu maddəsinə əsasən, “fəaliyyət qabiliyyətli istənilən səlahiyyətli şəxs nümayəndə kimi məhkəmədə iştirak edə bilər”.

Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, nümayəndə qismində vəkil yalnız, yaşayış yeri məlum olmayan cavabdeh üçün, məhkəmənin qərarı ilə təyin edilir.

Qalan bütün hallarda nümayəndənin kim olmasını, yəni vəkillərin sırasındanmı, yoxsa istənilən adamlardan seçmək hüququ vətəndaşın müstəsna səlahiyyətindədir.

Azərbaycanın tutduğu yol – Şimali Koreya yolu

Hakimiyyətin məqsədi Azərbaycan insanına xidmət etmək deyil, onu istənilən yolla incitmək, ələ salmaq, dolamaq, hüququnu tapdalamaq, süründürmək, alçaltmaq, heysiyyətini tapdalamaqdır. Əsas məqsədləri isə, millətin başını məhz bu üsullarla özünün məişət problemlərinə qatıb onun sərvətlərini cəzasız və nəzarətsiz talamaqdır.

Fakt göz qabağındadır: mən bu məqaləni yazmağa sərf etdiyim vaxtı hansısa korrupsionerin ifşası ilə bağlı başqa bir yazıya, ya da hansısa elmi məqaləyə həsr edə bilərdim.

Müdafiə hüququ vətəndaşa məxsus hüquqdur. Bu hüquq vəkilin deyil. Vəkil, sadəcə olaraq, onunla müqavilə bağlayan vətəndaşı müdafiə etmək vəzifəsi daşıyır.

Beləliklə də, nümayəndəlik və müdafiə institutu ilə bağlı bu gün Azərbaycanda qüvvədə olan qaydalar, nəzərdə tutulan dəyişikliklər hamısı insanların müdafiə hüququnu məhdudlaşdırmağa və tədricən formallaşdırmağa yönəlib. Biz sürətlə Şimali Koreya yoluyla gedirik. Bunun qarşısı vaxtında alınmasa, vətəndaşlarımızla birlikdə məhkəmə sistemimiz də bütövlükdə çox böyük problemlər yaşayacaq.

Qurban Məmmədov