Iki gün əvvəl şair Sabir Yusifoğlunun səhhətində yaranan problemlərlə bağlı oğlunun müsahibəsini oxudum. Açıq deyirəm ki, elə bir şairin maddi imkansızlıq üzündən doğru-dürüst müalicə ala bilməməsi bu ölkənin adına utancdır. Onun haqq etdiyi təqaüdü ala bilməməsi ilə bağlı oğlunun iradını də haqlı sayıram. Bizdə haqsızlıq nəsildən nəslə ötürülür hər halda. Məlum, zamanında böyük Füzuli belə adına ayrılan 9 axça təqaüdü ala bilməyib. Şair Ağqoyunlu dövlətinin əlində olan Bağdad şəhərində dünyaya göz açsa da, gənclik illəri Şah Ismayılın idarə etdiyi Səfəvilər dövlətinin, yetkinlik yaşı və vəfat dövrü Osmanlı dövlətinin tarixinə təsadüf edib. Başından sonuna bir gün görmədiyi yazdıqlarından bəlli. Əsas dərdlərini də “Şikayətnamə”sində qələmə alıb günümüzə ötürüb. Amma deyəsən bu, 500 il də bizə dərs çıxarmaq üçün yetərli olmayıb. “Salam verdim, rüşvət deyil deyə almadılar” yazan şairin beş əsr sonrakı qələmdaşlarının həyatında yaxşılığa doğru nə dəyişib ki? Aradan keçən bu uzun tarixdə Hadinin donan əlləri, Sabirin sabun tiyanında qaralan ciyərləri, Mirzə Cəlilin sobada yanan hekayələri, Cavidin sürgünlərdə itən taleyi düşüb kitablara. Günümüzdə baş verənləri də az-çox bilirsiniz. Amma bəzi şeyləri təkrar-təkrar xatırlatmaqda da fayda var…
Yəqin bilirsiniz, 10 ilə yaxındır ölkədə şair-yazıçılara xüsusi təqaüdlər verilir. Adına “prezident təqaüdü” deyirlər. Yazılanlara görə hər il 50-70 nəfər bu imkandan faydalanaraq, ayda 200-300 manat pul alır. Normal ölkələrdə prezident adından şair-yazıçıya verilən təqaüd normal sayılmaz. Çünki normal ölkələrdə yaradıcı insanlara verilən belə təqaüdlər də rüşvət olaraq qəbul edilir. Normal ölkələrdə yaxşı yazarın kitabları onun insan kimi yaşamasına bəs edir elə. Axı bizdə də bunu haqq edən yaxşı qələm sahibləri az deyil. Ölkədə olmayan şey ədəbi mühitdir, sadəcə. Onun yoxluğundan oxucu qıtlığı var, ədəbiyyata maraq itib, kimsə kimsənin kitabını oxumağa həvəsli deyil. Elə bu üzdən də, yazarlar gözünü dikir Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən tərtib olunan o siyahıya. Orda seçim hansı meyarlar əsasında gedir, hansı göstəricilər üstün sayılır, kimlərin bəxti gətirir, demək çətindir. Bir onu bilirəm ki, meyar yalnız istedad olsaydı, siyahı hər dəfə tərtib olunub təsdiqlənəndə qalmaqal qopmazdı. Bu məsələ heç vaxt maraq dairəmə daxil olmadığından, işin əslini bir yazar dostumdan soruşdum. Dedi siyahıda istedadlılar da var, amma çox halda elə adamların adları düşür ki, əlin yerdən-göydən üzülür. Bu günə kimi təqaüd 500 nəfərə verilib. Ölkədə bu qədər tanınmış yazarmı var? Keşkə olsaydı…
Ölkədə ədəbi mühit olmadığına görə, istedadlı insanların çoxu arada itib-batır. Hələ yaxşı ki, sosial şəbəkələr sayəsində bəzi belə gözəl şairlərin yaradıcılıqlarından xəbər tutmaq imkanımız var. Yoxsa 2000 nəfərlik yazarın təmsil olunduğu Yazıçılar Birliyi istedadlı qələmlərin təbliği üçün nə iş görür ki? Dediyim kimi, ölkənin yazıçı-şairini 200-300 manata möhtac edən belə minnətli imtiyazların əleyhinəyəm. Lakin bir halda ki, o verilir, heç olmasa, ədalətlə paylaşın. Onu həm də Sabir Yusifoğlu kimi haqq edən şairlərə verin. Axı ədalət deyilən bir şey də var. Heç olmasa, verilənin yarısı haqq edən insanlara çatsın. Həyatda üzlülük və yaltaqlıq bacarmayan istedadlar batıb getməlidir elə?..