Nə yaxşı ki, məhbus ailələri var!

zumrud-yagmur-yeniZümrüd Yağmur

Qarşıdan Novruz bayramı gəlir. Dostlar, tanışlar xalqımız üçün əziz olan bu bayramda statuslar yazır, məhbəsdə olan insanların ailələrinin gözünün yolda olmasından, çəkdiyi xiffətdən bəhs edir.
Çətindir, bunu danmaq olmaz… Övladların atasızlığı, qadınların boğazında düyünlənən qəhəri, anaların acısı…
Bunları anlamaq və o statusları yazmanız təbiidir.
Amma məhbus ailəsi olmaq nə dünyanın sonuna gəlməkdir, nə də bayramlarda ağlamaq…
Məhbus ailəsi olmaq heç öz acısını udub başını dik tutmaq zorunda olmaq da deyil..
Ya da düşmən qarşısında sinmayım deyə özünü tox tutub el gözünə iradəndən taviz verməmək də deyil.
Məhbus ailəsi olmaq bu ölkəni azad görmək istəyən insanların ürəyində daşıdığı eşqi paylaşmaq, onunla bərabər bu yolda yürümək, arxasında deyil, yanında olmaqdır…
Məhbus ailəsi olmaq bu ölkədəki zindanı sökmək istəyənlərin ürəyindəki təpərin çəkici olmaqdır…
O sınmayan iradələrin kəskin qılıncı…
… bu ölkədəki zalımların ürəyinə saplanacaq xəncərin özü olmaqdır…
O üzdən təəssüf dolu statuslar yazmayın, əkisinə, bu gün məhbusda olanların və onların ailələrinin varlığına şükr etmək lazım…
Axı ölkənin reallığı zalım bir diktatura rejimi olarkən hər şey gözəl olmadığı kimi, zindanlar da siyasi məhbuslarsız ola bilməz…
Olmamalıdır da zatən!
Əgər o adamlar olmasaydı, biz tarixin qarşısına kimlərlə çıxacaqdıq?
Bu gün o həbs olunmuşların anası Elmira xanım, Zülfiyyə xanım kimilər olmasaydı, biz Azərbaycan qadınını nəylə övəcəkdir bu tarixdən danışarkən?
Tofiq Yaqublunun ata iradəsinin şahidi olmasaydıq, bu gün iki gənc qızın, Nigar və bizim üçün hər zaman yaşar olacaq Nərgizin o gülümsər çöhrəsinin arxasındakı zərif gücü də öyrənə bilməyəcəkdik.
Əgər Rəşadətin xanımı Türkan olmasaydı biz kimdən danışacaqdıq bu dövrün sevgi səlnaməsindən bəhs edərkən?
Əgər İlkin Rüstəmzadə olmasaydı, bacı nisgilinin Türkan ucalığını necə anlaya bilərdik?
Əbdül Əbdülovun “Azadlıq” qəzetinə yardım gətirmiş anasını tanımaq şansımız olmasaydı, comərdlikdən danışanda kimi misal gətirəcəkdik?
Düşünün, əgər o məhbuslar və onların ailələri olmasaydı, tarix qarşısında nə qədər xəcil olmuş durumda olardıq?!
O üzdə də bizə məyusluq deyil, şükranlıq yaraşır…

Nə yaxşı ki məhbus ailələri var!

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb