Vay, başımıza gələnlər!

saadet-cahangir-koseSəadət Cahangir

Lap çoxdan sovet zamanında agentura şəbəkəsinin necə çalışdığına dair bir filmə baxmışdım. Balet tamaşası göstərilən teatr salonunda baş verən epizod bu günə kimi yadımdan çıxmayıb. Xatırladıqca da gülməyim gəlir. Məxfi tapşırıq üçün yuxarıdan toplanış siqnalı alan agentlərin bir-birinə xəbər ötürməsiylə yarıyadək boşalan salon, göydə tərəf-müqabilinin əlindən çıxaraq tapşırıq arxasınca qaçan nərmənazik balerina, qarderobu buraxıb aradan çıxan işçi qadın… Bircə o filmə baxmaqla məlum sistemdə baş verənlərlə bağlı tam təsəvvür əldə etmək mümkündür, əslində. Illər öncə bütün bunlar təsəvvürlərimizdəki film epizodları idi ancaq. Işin bu yerə qədər gəlib çıxacağını, gizlində dönənlərin belə rüsvayçı şəkildə ifşa olunacağını, bağlı sandıqların açılıb ortaya töküləcəyini xəyal belə etməzdik. Gizlində də nə oyunlar dönürmüş, sən demə. Hələ çox görəcəklərimiz varmış, demək ki…

Ölkənin halı insana qan ağladır. Talan, soyğun, qəsb-qarət o yana dursun, bu bədbəxt məmləkətin müstəqillik, təhlükəsizlik məsələsi quruca kağız üstündə imiş anlaşılan. Dövlətin nəyi var aralıqda, məxfilik, sirr, gizlin deyə bir şey yox daha. Ölkə insanına nəfəs aldırmayan qosqoca təhlükəsizlik nazirliyinin hansı əməllərin içindən çıxdığını gördünüz. Məlum oldu ki, başlıca missiyası dövləti xarici təhlükələrdən qorumalı olan bir nazirliyin rəhbər şəxsləri reketlikdən tutmuş adam oğurluğuna kimi hər cür cinayət əməlinə qol qoyub. Nə qədər çirkli işlərə, qarışıq məsələlərə, qorxulu oyunlara qarışıb adları. Hədə-qorxu və şantaj yolu ilə olmazın özbaşınalıqlar ediblər. Iftirayla işə saldıqları, soyduqları, zülm etdikləri insanların sayı-hesabı da ki, yox. Axır çanaq başlarında çatladı, çatlamasına. Ancaq bəs bu günahsız insanlara edilənlər, onların çəkdikləri? Bunun hesabı necə olacaq? Axı getdikcə aydın olur ki, hesab ödəyəcək adamlar yalnız onlar deyil. Sistem bütünlükdə qanunsuzluq girdabına girib və bu başlı-başınalıqdan əziyyət çəkən ancaq imtiyazı olmayan sadə insanlardır.

Qanunsuzluğun ən üst zirvəyə qalxdığı yerdə yaxşı nə baş verə bilər ki? Özünüz də görürsünüz ki, ölkədə hər şey pisliyə doğru gedir. Iqtisadi böhran bütün sahələri cənginə alıb, hökuməti təmsil edən şəxslərin adları ən qara işlərdə hallanır. Ittihamlar Maliyyə naziri və Xarici Işlər nazirinin üstünə də gəlib çıxdı. Keçmiş KQB xəfiyyəsi çıxıb bütün dünyaya bəyan edir ki, Azərbaycanın Maliyyə naziri 3 ölkəyə agentlik edir. Bir hökumətin sarsılıb dağılması daha necə olur? Indi yaraşır ki, hökumət dairələrindən yüksək səlahiyyətli kimsə, ya da elə nazirin özü bu ağır ittihama aydınlıq gətirsin. Biri xalqın qarşısına çıxıb desin ki, bu ittihamları qəbul etmirik və ya edirik, adam yalan danışır və ya doğru deyir. Hansı ölkə nazirinin adı belə bir qalmaqalda hallansaydı, bu addım atılmazdımı? Lakin bir şey də var. Bu hökumət nə vaxt, hansı məsələdə xalqı sayıb ona hesabat verib ki, indi də onu özünə borc bilsin. Istənilən halda, susmaq səslənən ittihamlara cavab olmadığı anlamına gələcək. Yəni kim olsa, bunu belə qəbul edərdi. Biri dursun məni satqınlıqda ittiham etsin, mən də ağzıma su alıb susum? Səslənən ittihamın həqiqət olduğuna şübhəli qalmazsınızmı?

Xülasə, başımıza gələnlər qorxunc şeylərdir. Hökumətin başında oturanlar ölkənin taleyi ilə bazarlıq edirlər. Normal yanaşmada bunun adına xəyanət deyirlər. Sadəcə, ortaya çıxıb bunun hesabını soran güclü xalq lazımdır. Susmaq da bir yerə qədər…