ABŞ-ın Vaşinqtonda yerləşən Ictimai Radiosunda neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycanda yaranmış mürəkkəb iqtisadi vəziyyət müzakirə olunub. Müzakirələrdə tanınmış jurnalistlər və analitiklər iştirak edib.
Aparıcı Stiv Inskip əvvəlcə qısa məlumat verərək bildirib ki, neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində bəzi ölkələr ağır iqtisadi vəziyyətlə üzləşiblər, onlardan da biri Azərbaycandır. O, qeyd edib ki, bu ölkəyə böyük neft pulları gələndə hökumət bədxərclik edib. Indi isə elə həmin hökumət vəsaitlərə necə qənaət etməyin yollarını axtarır.

Müzakirələrdə iştirak edən tanınmış jurnalist Kori Flintof deyib ki, bir müddət əvvəl Azərbaycan özünü dünyaya “iqtisadiyyatı dinamik inkişaf edən ölkə” kimi təqdim etməyə çalışırdı. O, yada salıb ki, ötən ilin yayında Azərbaycanda çox böyük vəsaitlər tələb edən birinci Avropa Oyunları keçirildi. Jurnalist vurğulayıb ki, Azərbaycan hökuməti ölkəni belə bahalı idman yarışları vasitəsilə dünyaya tanıtmağa çalışırdı.

Tanınmış analitik Sibren de Yonq da neftin ucuzlaşmasının Azərbaycanda sosial-iqtisadi vəziyyəti kəskin pisləşdirdiyini deyib. Onun sözlərinə görə, əsas mənfi nəticələrdən biri ölkədə işsizlərin sayının artmasıdır: “Başlıca problem odur ki, Azərbaycan hökuməti ölkəyə böyük neft pulları gələn dövrdə iqtisadiyyatın şaxələndirilməsi üçün heç nə eləməyib”.
Beynəlxalq məsələlər üzrə ixtisaslaşmış jurnalist Korel Flintof müzakirələr zamanı Azərbaycanın gəlirlərinin 75 faizinin neftdən asılı olduğunu bildirib. Qeyd edib ki, bu ölkənin ən böyük problemlərindən biri sistemli xarakter daşıyan korrupsiyadır: “Hökumət korrupsiya ilə mübarizə apardığını bəyan etsə də, nəticə budur ki, ”Transparency International”ın indeksində Azərbaycan Syerra Leoni, Qayana kimi ölkələrlə yanaşı olub və 119-cu yeri tutub”.

Müzakirələrdə Karnegi Fondunun nümayəndəsi Sara Çayes də iştirak edib. Onun sözlərinə görə, Azərbaycan hökuməti xalqın maraqlarına xidmət etmir, bir qrup şəxs üçün çalışan struktura çevrilib: “Azərbaycan hökuməti sərt qaydalarla idarə olunan cinayətkar təşkilat kimi fəaliyyət göstərir”.
Çayes onu da qeyd edib ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycana kredit verəsi olsa, onlar bunu yalnız çox sərt şərtlər daxilində edə bilər. O, hesab edir ki, Azərbaycana maliyyə yardımı yalnız şəffaf işləyən hökumət və real vətəndaş nəzarəti şəraitində verilməlidir
Yeri gəlmişkən, bu məsələdə Flintof da eyni fikirdədir. Maliyyə məsələsinin müzakirəsi zamanı o, “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Azərbaycan hökumətinə maliyyə verilməsilə bağlı mövqeyini yada salıb. “Human Rights Watch” hesab edir ki, məsələn, Xədicə Ismayılın həbsdən azad edilməsi məsələsinə beynəlxalq kreditorlar da təsir göstərməyə çalışmalıdır. Flintof da bu məsələdə hüquq-müdafiə təşkilatı ilə həmfikir olduğunu bildirib.
Siyasət şöbəsi




