Bugünə qədər milyardları necə talan etməyin «yol xəritəsi» ni hazırlayıblar
“Ölkə başçısının rəhbərliyi ilə müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanacaq strateji ”yol xəritəsi”nin icrası nəticəsində sahibkarlarla birgə iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni modelini – Azərbaycan modelini daha da inkişaf etdirmiş olacağıq”.
Bu sözləri Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.
Əslində, bu əndrəbadi cümlənin özünü də müzakirəyə çıxarmaq olardı. Məsələn, “müntəzəm əsaslarla” ifadəsini dərk etmək üçün geniş fəlsəfi biliklərə sahib olmaq lazımdır. Amma biz Natiq Əmirovun 8 pillə cümləsini şərh etmək fikrində deyilik. Onsuz da aşağı-yuxarı hamısı belə danışır.
Toxunmaq istədiyimiz “strateji yol xəritəsi” məsələsidir. Deməli, ölkə tamam əldən salınıb, bütün imkanlar itirilib, ölkəyə axan külli miqdarda pul məhv edilib və bundan sonra iqtisadiyyatın Azərbyacan modelinin yol xəritəsini hzırlamaq fikrinə düşüblər.
Əslində, prezidentimizin köməkçisinin bu fikirlərində böyük etiraflar yatır. Adam demək istəyir ki, bugünə qədər aparılan təbliğat camaatı aldatmağa xidmət edirmiş. Yəni regionların inkişafıyla bağlı dövlət proqramları, sahibkarlara yardım fondları, “düşünülmüş iqtisadi siyasət” təbliğatı milyardları mənimsəmək üçün ortaya atılmış yalan imiş. Demək, uzun illər ərzində hökumət milyardları ölkədən neçə çıxatmağın yol xəritəsini hazırlayırmış. Deməli, hökumətin strategiyası dövlət sərvətlərini mənimsəməyə xidmət edirmiş.
Biz də uzun illərdi yazırıq ki, bu hökumətin heç bir düşünülmüş strategiyası yoxdur, hökumət real islahatlar aparmaq fikrində deyil, ölkəni bazar kimi idarə edirlər və s. Indi Natiq Əmirovun açıqlaması bunu təsdiqləyir. Açıq şəkildə deyirlər ki, bugünə qədər heç bir strategiya olmayıb və bundan sonra “yol xəritəsi” hazırlayacaqlar. Yüz milyadlarla neft pullarından istifadə edib strategiya hazrılaya bilməyən hökumət, valyuta ehtiyatlarının azaldığı vaxtda hansı xilas düsturunu ortaya qoya bilər? Niyə bu illər ərzində həmin yol xəritəsi hazırlanmayıb? Ümumiyyətlə, 23 il ərzində bu hökumət nə işlə məşğul olub ki, qlobal iqtisadi çağırışlara uyğun sistem qurmayıb?
Yenə də cəmiyyəti aldadırlar. Monopoliya qüvvədədirsə, gömrük, vergi sistemi soyğunçuluqla məşğuldursa, korrupsiya hər sahədə parıldayırsa, qlobal iqtisadi çağırışa necə uyğunlaşmaq olar?
Yeri gəlmişkən, ölkə başçısı da Münhen Konfransında etiraf etmişdi ki, biz postneft dövrünə 20 ildən sonra hazırlaşacaqdıq. Deməli, əsas strategiya bundan ibarət olub ki, 30-40 il talançılıq siyasəti yürüdək, sonra dövlət idarəçiliyinə keçərik.
Bu təfəkkürdə olan hökumət yalnız istefaya layiqdir. Komanda hökuməti təhvil verməyin yol xəritəsini hazırlamalıdır. Həm qlobal çağırışlara uyğun şəkildə.
Samir