21-ci əsrin utancı

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Deyəsən, bir dəfə yazmışam, təkrar yazmaqda fayda var: Cəbhə-Müsavat hakimiyyəti vaxtı Elmlər Akademiyasını (EA) ləğv etmək fikri olub, amma sonradan nəyə görəsə vaz keçiblər, amma kaş ləğv edəydilər! O vaxtlar EA ləğv edilsəydi, bu, ən azı rus ordusunun Azərbaycandan çıxarılması qədər tarixi addım olardı.

Bunu son illərdə ora haqqında oxuduğumuz xəbərlər bir daha göz önünə sərdi: gah kimsə çıxıb fəxrlə mələyin uçma sürətini hesabladığını bəyan edir, gah da yerin fırlanmadığına dair hansısa gerizəkalı ərəb müftisinin dediklərinə haqq qazandırır. Mən hələ Məşədi Ibad rəqsi oynayan milli robot düzəldilməsindən, ya da falçının EA-nın mətbuat xidməti rəhbəri qoyulmasından danışmıram.

Təkcə bu sadaladıqlarım oranın nə qədər karikatur bir qurum olduğunu söyləmək üçün yetərlidir.

O ayrı məsələdir ki, EA həm də Əliyev rejiminin əlində siyasi dəyənəyə çevrilib, çox uzağa getmək lazım deyil, vaxtilə akademik Eldar Salayev, yaxud Əli Insanovla bağlı məsələdə bu qurumun hakimiyyətin təşkil etdiyi linç kampaniyalarında necə rəzil rol oynadığı yaxın tarixdir, yəqin ki, çoxlarının hələ də yaxşı yadındadır.

Ümumiyyətlə, fikir vermisinizsə, yaptokratiya sovetdənqalma institutları ikiəlli dəstəkləyir, onlara süni nəfəs verir, onları ayaqda saxlamaq üçün əlindən gələni edir. Məsələn, 30-cu illər repressiyasının yadigarı olan, divarları günümüzdə də Mikayıl Müşfiqin, Hüseyn Cavidin qanını qoxuyan Yazıçılar Birliyinin mövcudluğunun qorunub-saxlanılması, əlbəttə, təsadüfi deyil. Bu rejim məhz Sovet Azərbaycanının  mənəvi varisi kimi çıxış etdiyindən, onun ədəbiyyatı partiya və hökumət işinin vintciyi və təkərciyi kimi görməsi təbiidir. Belədə isə adı yarandığı gündən bəri donosbazlıqla, şarlatanlıqla, ədəbi stukaçlıqla assosiasiya olunan Yazıçılar Birliyi adlı “şeytan yuvasını” bəsləməkdən təbii nə ola bilər?

EA ilə bağlı vəziyyət də fərqli deyil. Bunun ən son örnəyi təzəlikcə baş verənlərdir. Oranın Fəlsəfə və Hüquq adlı institutu, həmin institutun da Ilham Məmmədzadə adlı bir direktoru var imiş. Bu cənab Rəsulzadə irsinin araşdırıcısı olan Yadigar Türkeli institutdakı işindən uzaqlaşdırıb, adını da qoyub işə az-az gəlirmiş. Yadigar bəy faktlarla sübut edir ki, işə gəlmədiyi saatlarını kitabxanada keçirib. Amma kimə deyirsən? Nəhayət, “xoruzun quyruğu” görünüb və məlum olub ki, Ilham Məmmədzadə adlı həmin institut direktorunun, necə deyərlər, “qarın ağrısı” başqa imiş, bütün məsələ Yadigar Türkelin Heydər Əliyev haqqında tənqidi fikirlərindəymiş.

Görün nə qədər rəzil vəziyyətdir: adam adında “hüquq” sözü olan institut direktorudur, amma bilmir, başa düşmür ki, bu dünyada söz, ifadə, düşüncə azadlığı kimi fundamental dəyər var! Anlamır ki, insanlara və hadisələrə fərqli münasibət hüququn təməl prinsipidir, kimsə özgür fikirlərinə görə linç edilə, cəzalandırıla bilməz! Adam deməyə söz tapmır. Qalırsan mat-məəttəl: bilmirsən, güləsən, yoxsa ağlayasan!

EA bəlkə heç Sovetlər dövründə də bu cür karikatur vəziyyətə düşməyib. Ayıbdır, heç olmasa, oranın adından “elm” sözünü çıxarın, ümumiyyətlə, bacarırsınızsa, oranı yerli-dibli sökün, şadlıq evi-zad eləyin. Elmi təfəkkürdən əsər-əlamət qalmadığı, tamada təfəkkürünün hökm sürdüyü bir yerə ən çox yaraşan elə bu olardı.

Yadigar bəylə şəxsi tanışlığım yoxdur. Amma araşdırdığı Rəsulzadə irsi ilə bağlı şəxsi imkanları hesabına hansı işlər gördüyü, necə fədakarlıqlara imza atdığı barədə çox eşitmişəm. Bu, Azərbaycan reallığında qürurverici hadisədir, nadir örnəkdir. Belə insanları gözardı edən, linç edən, “vətən xaini”, “xalq düşməni” elan edən, uzun sözün qısası, eyni ilə ötən yüzilin məlum məlun və məşum 30-cu illərində olduğu kimi, qaralamağa, cəzalandırmağa çalışan bir zehniyyətin Azərbaycanda hələ də – 21-ci əsrdə də var olması qədər utancverici, ürəkbulandıran heç nə ola bilməz. 21-ci əsrdə bu mağara dövrü adamları ilə eyni yerin üstünü, eyni göyün altını paylaşmaq necə də dəhşətli, necə də faciəvidir!

Arzu edək ki, Azərbaycanda çağdaş, demokratik bir hakimiyyət görməyə ömrümüz çatsın, sovetdənqalma Yazıçılar Birliyi, Elmlər Akademiyası kimi “şər dəyənəklərinin” sonunu görməyə də həmçinin. Başqa heç bir sözüm, istəyim yoxdur.