Dostlar, açıq danışaq, hamımız arzulayırıq ki, ziyalılarımız haqqı desin, mübarizənin önündə olsun, amma ziyalılarımız mübarizəyə qoşulub, repressiyaya məruz qalanda onlara dəstək verməyi heç də həmişə özümüzə borc bilmirik. Nəyə görəsə, çox vaxt repressiyaya məruz qalanları müdafiə etməkdən daha vacib işimiz olur.
Bugünlərdə ölkənin daha üç tanınmış ziyalısı repressiya maşınının hədəfinə çevrilib. Professor Qulu Məhərrəmli öz ziyalı səsini milyonların səsinə qoşub, AzTV-ni tənqid etdiyinə görə məhkəməyə verilib. Çox əcaib səslənsə də, hər halda bilməlisiniz ki, AzTV-nin indiki rəhbəri həmin tənqidlərə görə Qulu müəllimi tutdurmaq istəyir. İş artıq məhkəmədədir.
Fəlsəfə elmləri doktoru, M.Ə.Rəsulzadə irsinin araşdırıcılarından biri olan Yadigar Türkeli isə bir kitabın ön sözünə “Heydər Əliyevin dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsi”ni yazdığına görə Akademiyadakı işindən azad ediblər. Yaltaq dəstəsi görkəmli alimdən bundan sonra da əl çəkmirlər, onun həbsini də “tələb edirlər”.
Böyük şairimiz, vaxtilə AzTV-yə rəhbərlik etmiş Məmməd İsmayıl da AzTV-yə qarşı ümumxalq tənqidinə qoşulduğu üçün qəzəbə gəlib. Şair özü Türkiyədə yaşayır. Bunlardan bir asılılığı yoxdur. Odur ki, şairin tənqidinə görə onun İTV-də işləyən qızını işdən çıxarıblar.
Baxın, azğınlaşmış rejim ziyalılarımızla hansı dildə danışır. Amma təsəllimiz də var. Absurd həddə çatmış repressiyalar da ziyalılarımızı susdura bilmirsə, deməli, rejimin sonu çatmaqdadır. Zülmün deyil, haqqın yanında olan ziyalılarımızı bütün vasitələrlə müdafiə etməliyik. Millətin maraqları naminə öz maraqlarını riskə atan hər bir şəxs hər yerdə millətin dəstəyini hiss etməlidir. Yalnız bu halda millətin sözçülərinin sayı artacaq, bu ölkədə də köklü dəyişiklik olmazsa olmaza çevriləcək!
Yazı AXCP sədrinin Facebook səhifəsindən götürülüb.