Jurnalistin döyülüb öldürülməsi üzrə məhkəmə başa çatır

Rasim eliyev

Rasim Əliyevin anası oğlunun ölümündə futbolçu Cavid Hüseynovu ittiham edir

Təqsirləndirilən beş nəfər son söz üçün məhkəmədən vaxt istədi: «Burada bizim taleyimiz həll olunur…»

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı məhkəmə prosesi başa çatır. Məhkəmənin yekun nəticəsinin elan olunması üçün yalnız bir mərhələ qalıb – təqsirləndirilən şəxslərin son sözü. Martın 17-də təqsirləndirilən beş nəfər – Elşən Ismayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev çıxış edəndən sonra hakimlər müşavirəyə gedəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə dünən keçirilən məhkəmə iclasında isə prosesə sədrlik edən hakim Eldar Ismayılov tərəflərə replika hüququndan istifadə imkanı verib. Prokuror bu hüquqdan istifadə etmək istəməyib.

Zərəəkmiş Teyfurə Əliyeva isə çıxışında oğlunun ölümündə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovu ittiham edib: “Elşən Rasimi tanımırdı. Bütün söhbətlər Rasimin Cavid barədə yazdığına görə olub. Bu hadisə də Cavidin, Elşənin və Pərvizin təşkil elədiyi işdir. Nə olsun ki, iki dənə top vurmusan? Ayağın yaxşı vurmağı hələ tərbiyədən xəbər vermir. Əgər Elşənlə Rasim arasında söyüş olsaydı, hansı qeyrətli oğul yaxınlaşıb Rasimə əl verərdi?!

Rasim ölkəsini də, xalqını da sevirdi. O istəmirdi ki, Cavid kimi adamlar bu ölkəni təmsil eləsinlər. Üstəlik, Rasim curnalist idi, gördüyü tərbiyəsiz hərəkətlə bağlı istər-istəməz öz fikrini bildirməli idi. Öz fikrini dedi, bunların da xoşuna gəlmədi, onu o vəziyyətə qoydular…”

Teyfurə Əliyeva bildirib ki, oğlunu hiylə ilə aldadaraq çağırıb, döyüb öldürüblər: “Bunlar günahı gah Rasimin üstünə atırlar, gah həkimlərin. Bir şeyi bilmək lazımdır ki, əgər bunlar Rasimi döyüb o vəziyyətə salmasaydılar, heç xəstəxanaya da düşməzdi. Rasimə elə zərbələr vurulmuşdu ki, yerində də ölə bilərdi. Həkimlər də öz səhlənkarlıqlarına, savadsızlıqlarına görə cavab verməlidirlər”.

Təqsirləndirilən şəxslərin vəkilləri də replika hüququndan istifadə ediblər.

Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev bir daha jurnalistin ölümündə həkimlərin günahı olduğunu vurğulayıb: “Rasim Əliyevin daxilindəki maye dərhal çəkilməli idi, amma bunu eləməyiblər. O, xəstəxanada olduğu müddətdə tez-tez qanı yoxlanılsaydı, bilinərdi ki, bu adamda daxili qanaxma var. Bunların heç birini eləməyiblər. Gecə saat 1-in yarısında qan qusanda biliblər ki, iş-işdən keçib, onda əməliyyata aparıblar. Işin içində anestezioloqun ifadəsi var, deyir ki, deyir ki, ”mən əməliyyatdan sonra gəlmişəm ora”. Bəs onda əməliyyatdan əvvəl bu adama narkozu kim verib?”

Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli məhkəmənin həkimlərin məsuliyyətilə bağlı məsələni araşdırmamasından narazılığını ifadə edib.

Replikalardan sonra təqsirləndirilən şəxslərə son söz verilsə də, onlar hazırlaşmaq üçün vaxt istəyib.

Burada bizim taleyimiz həll olunur. Bizə hazırlaşmaq üçün kifayət qədər vaxt verilməsini xahiş edirik”, – deyə təqsirləndirilən şəxslərdən Elşən Ismayılov bildirib.

Məhkəmə prosesi martın 17-də müttəhimlərin son sözü ilə davam edəcək.

Rasim Əliyev 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyülüb, avqustun 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu iş üzrə altı nəfər həbs olunub ki, onların arasında futbolçu Cavid Hüseynov da var. Məhkəməsi yekunlaşmaq üzrə olan 5 nəfər CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsilə ittiham olunur. Prokuror təqsirləndirilən şəxslərdən Elşən Ismayılov və Arif Əliyevin hər birinə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevin hərəsinə isə 11 il 6 ay həbs cəzası istəyib.

CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrilə ittiham olunan Cavid Hüseynovun mühakiməsi isə Səbail Rayon Məhkəməsində davam edir.

Aytən