Keçmiş nazirin qohumunu qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı məhkəmədə danışdı…
Məmurun qətlinə səbəb olan mübahisə nədən başlayıb?
Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Füzuli İsgəndərovun qətlilə əlaqədar onun xanımı Xalidə İsgəndərova məhkəmə qarşısına çıxarılıb. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə istintaqı başlanıb.
Bu cinayət işinin istintaqı hələ oktyabrda tamamlanaraq, baxılması üçün məhkəməyə göndərilmişdi. Lakin məhkəmədə Xalidə İsgəndərovanın vəkilləri istintaqın çoxsaylı qanun pozuntuları ilə keçirildiyini əsas gətirərək, işin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması üçün vəsatət qaldırmışdılar. Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası da vəsatəti təmin edərək, çatışmazlıqların aradan qaldırılması üçün cinayət işini Bakı şəhər prokurorluğuna qaytarmışdı.
Əlavə istintaqdan sonra iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və elə həmin tərkibin də icraatına verilib. Yenə də məhkəmənin hazırlıq iclasında Xalidə İsgəndərovanın vəkili Abuzər Mütəllimov işin bir daha prokurorluğa qaytarılması barədə vəsatət qaldırdı. Müdafiəçi bunu əlavə istintaq zamanı əvvəlki pozuntuların aradan qaldırılmaması ilə əsaslandırdı. Amma məhkəmə bu dəfə vəsatəti təmin etmədi.
Məhkəmə iclasında dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. İttihama görə, Xalidə İsgəndərova anasına baş çəkməyə getmək istəyib, amma həyat yoldaşı buna icazə verməyib. Bununla əlaqədar aralarında mübahisə yaranıb. Mübahisə zəminində Xalidə İsgəndərova mətbəx bıçağı ilə ona əvvəlcə evdə, daha sonra isə evə bitişik qaraja keçən yerdə çoxsaylı zərbələr endirib.
İttiham aktı elan olunandan sonra hakim Xalidə İsgəndərovadan ittihamın mahiyyətinin ona aydın olub–olmadığını soruşanda o, belə cavab verib:
“Mənim heç bir təqsirim yoxdur. Dəfələrlə ifadə vermişəm, hər şeyi də demişəm. Allah şahiddir, hər şeyi görür. Mən qatil deyiləm. Dərindən araşdırma aparılsa, qatilin kim olduğu bilinər. İndi isə susmağı tərcih edirəm“.
Məhkəmənin müəyyənləşdirdiyi ardıcıllığa uyğun olaraq, növbəti məhkəmə iclasında əvvəlcə təqsirləndirilən, daha sonra zərərçəkmiş ifadə verəcək. İş üzrə zərərçəkmiş qismində Füzuli İsgəndərovun atası tanınıb.
Onu da da qeyd edək ki, Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də qətlə yetiriləndən sonra istintaq orqanı zərərçəkmiş qismində Xalidə İsgəndərovanı tanımışdı. Lakin səkkiz ay sonra – 2015-ci ilin aprelində o, bu iş üzrə təqsirləndirilənə çevrildi. Xalidə İsgəndərova CM–nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham olunur.
Bu məhkəmə prosesi aprelin 8-də davam edəcək.
Aytən Məmmədova