Leyla və Arif Yunuslar müalicə üçün xarici ölkəyə getmək istəyir, amma apellyasiya məhkəməsi də buna imkan vermədi
Martın 11-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı apellyasiya şikayətinə baxılıb. Hüquq müdafiəçiləri xaricdə təcili müalicəyə ehtiyac duyduqlarını əsas gətirib, məhdudiyyətin aradan qaldırılması üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdilər. Lakin məhkəmə onların iddiasının təmin olunmaması barədə qətnamə çıxarmışdı. Həmin qətnamədən apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə iclasında Yunusların vəkili Elçin Sadıqov deyib ki, onların təcili müalicəyə, o cümlədən əməliyyata olduğu halda, buna imkan verilməməsi Avropa Konvensiyasının 3-cü (işgəncəyə, pis rəftara məruz qalmamaq hüququ) maddəsinin pozulmasıdır. Vəkil qeyd edib ki, məhz Yunusların səhhətinin ağırlığını nəzərə alan və bu barədə həkim rəyini əsas götürən Bakı Apellyasiya Məhkəməsi dekabrda onların şərti cəza ilə həbsdən buraxılmasına dair qərar verib. Müdafiəçinin sözlərinə görə, Leyla Yunus xroniki Hepatit, şəkərli diabet, öd kisəsində daşdan əziyyət çəkir, onun təcili əməliyyata ehtiyacı var: “Arif Yunusun da həyatına təhlükə yaradan xəstəliyi və bu üzdən xəstəxanada stasionar şəraitdə müalicənin vacibliyi barədə həkim rəyi var“.
“Azərbaycanda müalicə üsulu sovetdənqalmadır“
Arif Yunus çıxışında Azərbaycanda həkimlərin müalicə metodunun köhnə, sovetdənqalma olduğunu vurğulayaraq, buradakı müalicənin effekt vermədiyini bildirib: “Bizə deyirlər ki, “niyə Azərbaycanda yox, Almaniyada müalicə olunmaq istəyirsiniz?” Məsələn, MTN–də məni müalicə edən həkim pis deyildi. Amma Azərbaycanda tibb sistemində köhnə üsullardan istifadə olunur. Mən bunu alman həkim Vittlə görüşdə başa düşdüm. O, bir dərman verirdi, onunla da vəziyyət düzəlirdi. Bizim həkimlər isə müalicəni sovet metodikası ilə aparır, ona görə də nəticə olmur. Mənim Başımın arxasında şiş var, amma bizim həkimlər bunun nə şiş olduğunu müəyyənləşdirə bilmir. Diaqnozu müəyyənləşdirmədən hansı müalicədən söhbət gedə bilər?!”
“Bir gün özünüz xəstələnəndə bizə yada salarsız…”
Leyla Yunus da çıxışında hər ikisinin həyatının təhlükə qarşısında olduğunu vurğulayıb: “İkimiz də ağır xəstəyik. Əgər bizi həbsdən buraxmasaydılar, ən azı, birimiz indi sağ olmayacaqdıq. Mən Azərbaycan prezidenti İlham Əliyevə bizi həbsdən buraxdığına görə minnətdaram. Biz ölmədik, amma müalicə də olunmamışıq. İstənilən vaxt ölə bilərik. Biz hələ yanvardan təcili müalicəyə başlamalı idik“.
Leyla Yunus həmçinin hakimlər kollegiyasına müraciət edib: “Başa düşürəm ki, qərarı siz vermirsiniz, sadəcə, onu təsdiqləyirsiniz. Amma əsas hakim Allahdır. Sizlərdən də kimsə xəstələnə bilər. Çünki xəstəlikdən heç kim sığortalanmayıb. O zaman çarpayıda uzananda bizi yada salıb, Allahdan kömək istəməyin“.
Məhkəmə qısa müşavirədən sonra apellyasiya şikayətini təmin etməyib.
Leyla və Arif Yunuslar “Azadlıq“a açıqlamalarında məhkəmənin bu qərarının onlar üçün gözlənilməz olmadığını bildirib.
“Mən bu qərarı gözləyirdim. Əgər bizi buraxmasaydılar, həbsxanada öləcəkdik. İndi əməliyyat olunmağıma, Arifin başındakı şişin nə olduğu müəyyənləşdirib müalicəsinə imkan verilməsə, yenə də bir ay gec və ya bir ay tez ölə bilərik. Yəni bu təhlükə həmişə var. Müalicə olunmadığımıza görə də səhhətimiiz günü–gündən daha da pisləşir. Təcili əməliyyat olunmalıyam. Bədənimdə şişlər var, hələlik xoş xassəlidir, amma bəd xassəli şişə çevrilə bilər“, – deyə Leyla Yunus qeyd edib.
Aytən Məmmədova