Emin Millinin qaynının işini aparan müstəntiq nələr danışdı?

emin-milli2Xalq rəssamının oğlu «bandotdel»ə aparılıb və bir həftə orada saxlanılıb

“Meydan TV”nin direktoru Emin Millinin həbsdə olan qaynı Nazim Ağabəyov Kürdəxanı təcridxanasından Daxili Işlər Nazirliyinin (DIN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparılaraq, bir həftə orada saxlanılıb. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində dünən keçirilən məhkəmə iclasında Nazim Ağabəyov özü məlumat verib.

Məhkəmədə Nazim Ağabəyovun işi üzrə Bakı Şəhər Baş Polis Idarəsində istintaqı aparmış müstəntiq Əflatun Səlimov əlavə şahid qismində dindirilib. Müstəntiq Nazim Ağabəyovun vəkili Adil Ismayılovun vəsatəti əsasında məhkəməyə çağırılmışdı. Vəkil cinayət işinin materiallarında müstəntiqin tərtib etdiyi sənədlərdə çoxsaylı uyğunsuzluqları, qanun pozuntularını əsas gətirərək, onun məhkəmədə bu məsələlərə aydınlıq gətirməsini istəmişdi.

Müstəntiqin “texniki səhvləri”

Cinayət işindəki dərkənarlardan görünür ki, Nazim Ağabəyovla bağlı material Istintaq və Təhqiqat Idarəsinə iyulun 24-də daxil olub və Əflatun Səlimova da həmin gün verilməklə, müvafiq araşdırma aparılması tapşırılıb. Amma hələ iyulun 24-də veriləcək material əsasında iyulun 23-də artıq cinayət işi başlanıb.

Vəkilin bu ziddiyyətlə bağlı sualına cavab olaraq, müstəntiq deyib ki, material ona 23-də verilib, sadəcə, ola bilsin, material iyulun 23-də axşam saat 18.00-dan sonra təqdim olunub və bu səbəbdən onun dəftərxana qeydiyyatı iyulun 24-də aparılıb. Əflatun Səlimov deyir ki, materiallar ona verilərkən Nazim Ağabəyovu da onun kabinetinə gətiriblər və onu ilk dəfə orada görüb.

Nazim Ağabəyov isə onun dediyini təkzib edib: “Mən bu adamı tutulduğum günün sabahı ”IVS”də (müvəqqəti saxlama təcridxanası-red.) görmüşəm”.

Vəkil müstəntiqdən qanun tələb etdiyi halda, cinayət işinin başlanmasına dair qərarda dəqiq saatı yazmamasının səbəbini soruşub. “Ola bilər yadımdan çıxıb, sırf texniki məsələdir”, – deyə müstəntiq cavab verib.

Əflatun Səlimov dəqiq saatı göstərməsə də, təxmini deyib ki, materialların ona verilməsi, Nazim Ağabəyovun dindirilməsi axşam saat 18.00-dan sonra olub. Amma iş materiallarında Nazim Ağabəyovun iyulun 23-də saat 17.35-də dindirildiyi göstərilib. Bu fakt iş materiallarının 18.00-dan sonra verilməsi barədə müstəntiqin dediklərinə zidd olmaqla yanaşı, həm də materialların təqdim olunması məsələsinin həmin gün axşam 18.00-ı keçdiyi üçün ertəsi günə qeydiyyat aparıldığına dair söylənilənləri də təkzib edir. Müstəntiq bunu da texniki səhv kimi əsaslandırıb: “Hesab edirəm ki, dindirmə 18.00-dan sonra idi, ola bilsin, fikir verməmişəm, saatı səhv yazmışam”.

Bu iş üzrə ekspert məhkəmədə dindirilərkən ifadə verib ki, Nazim Ağabəyovdan tapıldığı iddia olunan narkotikin ekspertizası iyulun 23-də axşam saat 19.20-də başa çatıb. Qanun da ekspertizanın rəyi olmadan cinayət işinin başlanmasına, şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirməyə icazə vermir.

Istintaqın gedişində müstəntiq Nazim Ağabəyovun istintaq təcridxanasından müvəqqəti saxlama yerinə gətirilməsi barədə qərar verib. Həmin vaxt onu Kürdəxanı təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə gətiriblər. Orada saxlanıldığı bir neçə gün ərzində heç bir istintaq hərəkəti aparılmayıb.

Müstəntiq Nazim Ağabəyov orada saxlanıldığı müddətdə onunla görüşmədiyini deyir. Onun sözlərinə görə, müəyyən səbəblərdən istintaq hərəkətlərinin aparılması mümkün olmayıb. Bununla belə, müstəntiq Ağabəyovun hansı səbəbdən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparıldığını əsaslandıra bilməyib.

Nazim Ağabəyov bildirib ki, o, “bandotdel”də saxlanıldığı müddətdə orada müstəntiqlə görüşüb: “Məni sentyabrın 16-da əvvəlcə Nərimanov polisinə gətirdilər, sonra oradan da qandallayıb ”banditizmə” apardılar. Ayın 17-də yuxarı mərtəbədə Səlimovu gördüm. Məni 7 gün “banditizm”də saxladılar”.

Müstəntiq dindiriləndən sonra vəkil Adil Ismayılov Bakı şəhər Baş Polis Idarəsinə sorğu göndərib, qeydiyyat kitabından Nazim Ağabəyovla bağlı istintaq hərəkətlərinə dair çıxarışların alınması barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Məhkəmə aprelin 1-də davam edəcək.

IT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

Aytən