170 min dollarlıq qalmaqalla bağlı cinayət işi başlandı

hicranKomitə sədri Hicran Hüseynova da istintaqa cəlb oluna bilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicra Hüseynovanın və qurumun keçmiş aparat rəhbəri Səfər Imanovun adı hallanan 170 min dollarlıq qalmaqalla bağlı cinayət işi başlanıb.

Vəkil Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq icraata verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Zərərçəkən Eynur Kərimovun digər vəkili Adəm Məmmədov isə “Azadlıq”a bildirib ki, bəzi KIV-lər Səfər Imanov barəsində cinayət işinin başlanması barədə məlumat yayıblar: “Bu tamamilə əsassız iddiadır. Cinayət işi Səfər Imanov barəsində deyil, fakta görə başlanılıb. Istintaqa komitə sədri Hicran Hüseynova da cəlb oluna bilər”.

Adəm Məmmədov əlavə edib ki, məlumatın bu cür yayılması Hicran Hüseynovaya sərf edir: “Çünki bu zaman diqqət Səfər Imanovun üzərinə yönəlir. Halbuki bu məsələdə əsas ittiham olunan Hicran Hüseynovadır. Səfər Imanov da Eynur Kərimovla telefon danışığında pulu Hicran Hüseynovaya verdiyini bildirib”.

Vəkilin sözlərinə görə, komitə sədri zərərçəkənə hədə-qorxu gəlməkdən də çəkinmir: “Hicran Hüseynovanın bacısının həyat yoldaşı Pənah – bəzi məlumatlara görə, vaxtilə Prezident Administrasiyasından işləyib – Eynur Kərimovun digər vəkili Kamandar Nəsibovla görüşüb. O, hədə-qorxu gələrək deyib ki, Eynur Kərimovla Səfər Imanovu həbs etdirəcəyik. Təsəvvür edin, bu adamlar zərərçəkəni həbs etdirmək istəyirlər. Lakin mən inanıram ki, bu məsələ obyektiv araşdıralacaq və təqsirkarlar layiq olduqları cəzanı alacaq”.

Xatırladaq ki, Səfər Imanov 1 noyabr 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri vəzifəsindən azad edilib. Onun Eynur Kərimovdan 170 min dollar aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Qalmaqalda Hicran Hüseynovanın da adı hallandırılır.