Kamran Həsənli məsələnin mahiyyəti barədə ANS PRESS-ə açıqlam verib.
Şoumen bildirib ki o, 2008-ci ildə Türkiyədə tikinti və yanacaqdoldurma fəaliyyəti ilə məşğul olan “Beypet” adlı şirkətin rəhbəri Ərhan Yılmaza 300 min avro ödəyərək şirkətin səhmdarı olub.
“Mənim səhmdar olmağım bütün şou-biznesə yayıldı. Bir müddətdən sonra müğənni Samir Piriyev mənə bildirdi ki, o da, həmin şirkətdən səhm almaq istəyir. Mən də ona məsələ barədə məlumat verdim və Samir dəfələrlə Türkiyəyə gedərək şirkətin rəhbəri ilə görüşüb, onların fəaliyyəti barədə ətraflı tanış olub. Daha sonra isə onlar Samirin 250 min dollar ödəməsi şərti ilə şirkətin 10% səhmdarı olacağı barədə Ərhanla razılığa gəliblər. Ancaq Samirin 250 min dolları ödəməyə imkanı olmadığı üçün 2009-cu ildə 115 min dollar ödədi və səhmdar oldu. Ancaq o pul ödədikdən bir müddət sonra şirkət iflas etdi”, – Kamran Həsənli bildirib.
Şoumen deyib ki, müğənninin Ərhan Yılmazla razılığa gəlməsində onun heç bir rolu olmayıb və Samirdən də pulu o almayıb: “Şirkətin rəhbəri mənim məhkəməyə verildiyimi öyrəndikdən sonra mənim heç bir pul almadığımla bağlı rəsmi sənəd göndərib. Həmin sənəddən də mənim Samirdən bir qəpik də almadığım görünür. Şirkət bağlandıqdan sonra Samirə Ə. Yılmaz tərəfindən 15 min dollar ödəndi. Daha sonra Ərhanın xahişi ilə Piriyevə 20 min dollar qarşılığında şəxsi maşınımı verdim. Bunu sadəcə Ərhan pis vəziyyətdə qalmasın deyə eləmişəm. Yəni alanda da, verəndə də orada olmamışam. Şirkətin rəsmi sənədində də müğənniyə 80 min dollar borclu olduğu qeyd edilib”.
Kamran Həsənli onu da əlavə edib ki, Samirin onu hadisədən 7 il ötəndən sonra polisə verməsini başa düşmür: “Mənə hələ də qaranlıqdır ki, bu qədər vaxt gözləyib. Deyirlər ki, şahidlərimiz var. Şahidlərdən biri sürücüsüdür. O deyib ki, Kamrana pulu çayxanada vermişik. Ay qardaş, işlə tanış olmadan çayxanada kiməsə 115 min dollar pul ödəyərlər. Bu məsələ hələ də qaranlıq qalır. Cinayət işi açılıb, ancaq mənə qarşı deyil, fakta görə açılıb. Hazırda da araşdırma davam etdirilir. Düşünürəm ki, əlimdə olan sənədlər mənim haqlı olduğumu ortaya çıxaracaq”.
***
Müğənni Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu şoumen Kamran Həsənliyə açılmış cinayət barədə açıqlama verib. Lent.az-a danışan vəkil bildirib ki, şoumen Kamran Həsənli S.Piriyevdan 80 min dollar deyil, 125 min dollar pul alıb: “Kiminsə günahı varsa, qanun qarşısında cavab verəcək. Samir Piriyev işbirliyi məqsədi ilə Kamran Həsənliyə 125 min dollar pul verib. Amma sonradan bu işbirliyi alınmayıb. Bu, cinayət işidir. Bu işlə bağlı sübutlarımız da var. Samir ifadəsini bir ay öncə verib. Elə Samirin ifadəsi əsasında toplanan materialları da polis şöbəsindən prokurorluğa göndərdilər. Prokurorluqda da bu məsələ ilə bağlı cinayət işi başladı”.
Şoumen Kamran Həsənlini dələduzluqda ittiham edən müğənni Samir Piriyev danışıb.
Lent.az-a açıqlama verən S.Piriyev bildirib ki, sözügedən pulu K.Həsənli ondan 7 il öncə alıb: “Düz 7 il bundan qabaq Kamran məndən iş adı ilə 80 min dollar pul aldı. Həmin vaxtdan sonra onunla bir neçə dəfə danışdım ki, pulumu qaytar. O da “verəcəm” deyərək, vaxtı uzadırdı. Həmin vaxt uzanıb, düz, 7 ilə gəlib çıxdı. Məni aldatdı. Onunla axırıncı dəfə 2015-ci ilin axırlarında danışdım. Mənə dedi: “Pul zad gözləmə, verməyəcəm. Mənim sənə veriləsi pulum yoxdur”. Onun bu sözlərindən sonra məcbur olub, bu işi hüquqi müstəvidə həll etmək qərarına gəldim. Hazırda istintaq gedir, sonda qərar nədirsə, o da olacaq. Mən şikayətimi vermişəm, pulumu istəyirəm. Bu məsələ ictimailəşəndən sonra Kamranla danışmamışam. Bundan sonra heç kimlə danışmaq fikrim də yoxdur. Yeddi ildir, danışıram da… Demişəm ki, pulumu almısan, qaytar. Mən artıq bu barədə danışmaqdan yorulmuşam, indi son qərar hüquq mühafizə orqanlarınındır”.
***
“Ruslan Əhmədoğlu yalan danışır”. Bunu Modern.az-a açıqlamasında barəsində cinayət işi açıldığı iddia edilən şoumen Kamran Həsənli deyib.
O qeyd edib ki, yaxın vaxtlarda daha geniş açıqlama verəcək: “Şəxsən mənə qarşı heç bir cinayət işi qaldırılmayıb. Bu yaxınlarda daha geniş məlumat verəcəyəm”.
Qeyd edək ki, şoumenə qarşı cinayət işi açılmasını hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
***
Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Bu barədə axsam.az-a hüquqşünas Ruslan Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Məsələ ilə bağlı big.az saytına danışan Samir Piriyev xəbəri təsdiqləyib: “Bəli, Kamran Həsənli mənə 80 min dollar pul “atıb”. Aldanmışam, min dəfə ondan pulumu istəmişəm, qaytarmayıb. İndi də hüquq mühafizə orqanlarına müraciət etmişəm. Birgə iş quracaqdıq, amma alınmadı və nəticə də belə oldu. Bu məsələ ilə hüquqşünas məşğul olur. Ayıb olsun sadəcə…”.